23 iyun 2023 13:28
410

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!

Müstəqilliyi bərpa etdiyimiz ilk illərdə ölkədə vəziyyət çox ağır idi. Erməni işğalı, iqtisadi tənəzzül, dövlət rəhbərliyindəki çəkişmələr xalqın səbr kasasını daşdırırdı. Ölkə fəlakət həddində idi, hərc-mərclik hökm sürürdü. Separatçı meyillərin baş qaldırması, digər tərəfdən isə erməni işğalının genişlənməsi vəziyyəti daha da ağırlaşdırırdı. Ziyalılarımız bütün bu təhlükəni görür və vəziyyətin daha da ağırlaşacağından ehtiyyat edirdilər. Məhz buna görə də hər zaman Azərbaycan xalqının güvəndiyi, arxalandığı, öz vətənini, millətini sevən xilaskar liderə-Heydər Əliyevə müraciət etdilər. Bu müraciəti 91 nəfər imzalasa da bütün xalqın istəyini və arzusunu əks etdirirdi.

Ümummilli Lider Heydər Əliyev respublika ziyalılarının bu çağırışına oktyabrın 24-də cavab verdi. YAP-ın yaradılmasında məqsəd  Azərbaycan Respublikasını mövcud böhrandan xilas etmək idi. Qısa müddət ərzində Heydər Əliyevin Sədrliyi ilə partiyanın təşkilat komitəsi formalaşdı, onun rəhbərliyi ilə proqram və nizamnamə layihələri hazırlandı.

1992-ci il noyabrın 21-də Naxçıvanda Azərbaycan Respublikasının bütün bölgələrini təmsil edən nümayəndələrin içtirakı ilə YAP-ın təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar, həmçinin onun proqramı və nizamnaməsi qəbul edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, xalqın həyatında mühüm rol oynayan və öz üzərinə böyük tarixi missiya götürən YAP yaradıldı.

1993-cü ildə respublikada vəziyyət daha da ağırlaşdı, Gəncədə Surət Hüseynov silahlı qiyam qaldıraraq dövlətə qarşı çıxdı. Xalq, vətəndaş müharibəsinin bir addımında idi. Belə ağır vəziyyət düşmənlərimizin xeyrinə idi.  Xalq üzünü Xilaskarına tutdu. Xalqın təkidli tələbi ilə dünya miqyaslı böyük siyasi xadim Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdu. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri  seçildi. 15 İyun günü xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. 1997 – ci ildən etibarən 15 iyun Azərbaycan Respublikasında Milli Qurtuluş günü kimi bayram edilir. Bu gün xalqımızın tarixində yeni bir dövrün başlanğıcı oldu.

Parlamentin 24 iyun 1993 – cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi.

Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!

Zemfira Şərifova,
Bakı şəhəri, Xətai rayonu 63 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü