Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. İyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizə səfər etdi. Təbii ki, hər bir səfərin öncəki və sonrakı təəssüratları arasında müəyyən yeniliklər olur. Pakistanın Baş naziri də bu təəssüratlarının çox dərin olduğunu, gördüklərini dövlət başçısı İlham Əliyevin liderliyinin və böyük səylərinin nəticə kimi dəyərləndirdi. Hava limanında və hava limanından kənarda Pakistan bayrağının dalğalanmasını dostluğumuzun, qardaşlığımızın rəmzi kimi qiymətləndirən cənab Məhəmməd Şahbaz Şərif səfərin əlaqələrimizin gələcək inkişafında əhəmiyyətli rol oynayacağını bildirdi.
İki qardaş ölkə daim əlaqələrin inkişafı istiqamətində atdıqları addımları ilə diqqətdə olurlar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Qeyd edək ki, Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan ölkədir. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib. Ölkəmiz də öz növbəsində, hər zaman Kəşmir daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək Azərbaycan tərəfindən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də əməkdaşlığımızın böyük potensialı var. İki qardaş ölkə arasında əlaqələrin inkişafını şərtləndirən önəmli amillər sırasında Pakistanın işğal dövründə və 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstəyi xüsusi vurğulanır. “Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə minnətdaram.
Pakistanın Baş naziri ilə görüşlərində, eyni zamanda, mətbuata birgə bəyanatlarında da bu məqamlara xüsusi diqqət yönəldildi. Vurğulandı ki, Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq. Bu reallıq da diqqətə çatdırıldı ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. Bu hədəflər bütün sahələrin kompleks şəkildə inkişafına xidmət edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar dost ölkənin də diqqətindədir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr Pakistan rəsmiləri tərəfindən böyük rəğbət hissi ilə vurğulanır. Pakistanın Baş nazirinin səfəri mövcud əməkdaşlığın və tərəfdaşlığın möhkəmlənməsinə daha bir töhfə olacaq. Cənab İlham Əliyev Pakistanın Baş nazirinin səfəri çərçivəsində keçirilən görüşlərdə, mətbuata birgə bəyanatlarında postmünaqişə dövrünün reallıqları sırasında Azərbaycanın Ermənistana sülh təklifindən və hazırkı vəziyyətdən geniş bəhs etdi. Bildirdi ki, bu sazişin imzalanmasının perspektivləri var. Bu gün böyük inamla qeyd edirik ki, iki qardaş ölkə olan Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri