Pakistan İslam Respublikası Azərbaycanla dost və qardaş ölkələrdəndir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistan hər zaman ölkəmizin ərazi bütövlüyünü tanıyıb, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Ölkələrimiz arasında bir çox sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq da məhz dostluq-qardaşlıq münasibətləri əsasında qurulmuşdur. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin cari ilin 15 iyun tarixində ölkəmizə rəsmi səfəri isə iki ölkə arasında yeni mərhələnin başlanğıcı olacaq.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan edəndən bu günümüzə qədər Pakistana fərqli siyasətçilər rəhbərlik etsələr də, o cümlədən ölkənin siyasi kursu bir qədər dəyişsə də, bu dövlətin Azərbaycana olan münasibəti heç vaxt dəyişməyib. Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Birmənalı şəkildə Pakistan hər zaman Azərbaycanın yanında olub. Ölkəmizə xoş münasibət Pakistanın dəyişilməz dövlət siyasətidir və bu qardaşlığı dövlətimiz və xalqımız hər zaman hiss edib. Pakistan-Azərbaycan münasibətləri yalnız indi və 44 günlük Vətən müharibəsi zamanı deyil, həmişə yüksək səviyyədə olub. Hər iki ölkə istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də ikitərəfli münasibətlərdə bu vaxta qədər nümunəvi münasibətlər sərgiləyib. Münasibətlərin yüksək səviyyədə qorunması ölkə rəhbərlərinin bu əməkdaşlığa böyük önəm verməsindən irəli gəlir.
2016-cı il 1 yanvar tarixində Davosda Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub. Prezident İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib. Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirib. “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, - deyən Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğulayıb, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirib.
Azərbaycandan bir neçə nümayəndə heyətinin Pakistana səfər edəcəyini də bildirən cənab Prezident dedi: “Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər”. Son dövrün ən qlobal problemi Azərbaycanın torpaqlarının işğalı idi. Azərbaycan Ordusu döyüşlə torpaqlarını işğaldan azad etdi. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac olduğunu da vurğulayan Prezident qeyd etdi ki, dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.
44 günlük vətən müharibəsi dönəmində və ondan sonrakı müddətdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı