Azərbaycan və Pakistan dövlətləri arasında münasibətlər tarixi ənənələrə, səmimi qardaşlığa, mehriban dostluğa və nəhayət səmərəli əməkdaşlığa əsaslanır. İslam həmrəyliyi prinsipinə daim sadiq qalmaları dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıran faktorlardan biridir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu müstəqilliyi ilk tanıyan dövlətlərdən biri də məhz Pakistan İslam Respublikası olmuşdu. Müstəqilliyimizin bərpasından ötən 32 il ərzində Azərbaycan-Pakistan əlaqələri, əməkdaşlığı daim inkişaf etmiş və hal-hazırda yüksək səviyyəyə çatmışdır. Pakistan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını daim qətiyyətlə pisləmiş, buna qarşılıq olaraq bu günə qədər Ermənistan Respublikası ilə diplomatik münasibətlər qurmamışdır. Qardaş Pakistan dövləti İslam Konfransı Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatlar çərçivəsində keçirilən toplantılarda Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə söykənən ədalətli mövqeyini tam gücü ilə dəstəkləmişdir. Azərbaycan xalqı da çox gözəl bilir ki, Pakistan İslam Respublikası dövlətimizin Cənubi Asiyada nüvə silahına, çox güclü hərbi qüdrətə malik olan sadiq və etibarlı müttəfiqidir.
Pakistan dövləti həm torpaqlarımızın 30 il ərzində erməni işğalı altında olduğu dövrdə, həm Zəfərlə bitən 44 günlük Vətən müharibəsi zamanı, həm də hal-hazırda ölkəmizə münasibətdə öz siyasi dəstəyini nümayiş etdirmiş, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin artırılmasına köməyini əsirgəməmişdir. Bütün bu qeyd olunan məqamların 15 iyun 2023-cü il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş bəyanatlarda yer alması və Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dilindən səsləndirilməsi qürurverici idi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Pakistanın dövlət rəhbərinin ölkəmizə səfəri ilə bağlı səsləndirdiyi bəyanatda bir çox maraqlı məqamlar yer almışdı. Ölkə başçımız bildirdi ki, biz dost, müttəfiq dövlətlər olaraq müdafiə sənayesi sahəsində əməkdaşlığı, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız ölkəmizin hərbi gücü və Azərbaycan Ordusunun əzmi, rəşadəti ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan BMT-nin 4 məlum qətnaməsinin icrasını məhz özünün hərbi gücü, qüdrəti hesabına təmin etdi.
Müasir beynəlxalq münasibətlərdə ikili standartlar qabarıq şəkildə özünü göstərməkdədir. Dövlət başçımız beynəlxalq hüququn selektiv şəkildə tətbiq edildiyini də təəssüf hissi ilə vurğuladı. Qeyd olundu ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və əbədi dostluğun rəmzidir.

Nigar Qocayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi