23 iyun 2023 11:26
547

Ümummilli Liderimiz Heydər Əliyev incəsənət xadimlərinin yaxın dostu idi

Ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinin dirçəlişi yolunda atdığı addımlar mədəniyyət nümayəndələrinin, incəsənət xadimlərinin həyatından təsirsiz ötüşməyib. Azərbaycan xalqı hər zaman fəxr edir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti vardır və bu uzaqgörən insan ölkəsinin, xalqının maraqları naminə böyük işlər görüb.  Azərbaycan tarixi gördüyü bütün müdrik işlərə görə dahi Heydər Əliyevin böyük uzaqgörənliyini əzmlə təsdiq etmişdir. Ümummilli lider Heydər Əliyev bütün sahələrə olduğu kimi ölkəmizin mədəniyyət və incəsənət sahəsinə də daim xüsusi diqqət və maraq göstərmişdir. Ulu öndərin elm, ədəbiyyat və incəsənət sahəsinin görkəmli nümayəndələrinə göstərdiyi diqqət və qayğı əslində milli-mənəvi dəyərlərimizin qorunması naminə hesablanmış böyük xidmətlər içərisindədir. Ümummilli liderimiz Heydər Əliyev incəsənət xadimlərinin yaxın dostu idi. O, hər zaman incəsənət xadimləri ilə söhbət edər, onlara məsləhətlər verər və Azərbaycan incəsənətinin ölkəmizdən kənarda da yüksək səviyyədə təbliği üçün əlindən gələni əsirgəməzdi. Ulu öndərin sayəsində Azərbaycan incəsənəti dünyanın bir çox ölkələrində yüksək səviyyədə təmsil olunub. Ulu öndər Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Onun ədəbiyyat və incəsənət xadimlərinə, o cümlədən Azərbaycan bəstəkarlarından Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, müğənnilərdən Rəşid Behbudova, rəssamlarımızdan Tahir Salahova, Mikayıl Abdullayevə, Lətif Kərimova, şair və ədiblərimizdən Süleyman Rüstəmə, Rəsul Rzaya, İlyas Əfəndiyevə, Mirzə İbrahimova, Süleyman Rəhimova və başqa sənətkarlara göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi.

Ulu öndərin görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqindən - “Müslüm Maqomayev özünün gözəl mahnıları və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycanın tarixinə daxil olmuşdur: "O, bizim mədəniyyətimizi, mahnı sənətimizi zənginləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə, Azərbaycanın çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi”.Dünya şöhrətli dirijor və görkəmli bəstəkar Niyazinin 90 illiyinə həsr olunmuş yubiley gecəsində nitqindən - “Niyazi olmasaydı, Qara Qarayevin əsərləri o cür yüksək səviyyədə təqdim edilə bilməzdi. Eləcə də Fikrət Əmirovun əsərləri. Onların hamısı bu simfonik orkestrdən və Niyazinin əlindən keçəndən sonra biz gördüyümüz səviyyəyə gəlib çatırdı.” Belə görkəmli ziyalılarımızdan biri də Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair Hüseyn Caviddir. Ümummilli Lider Heydər Əliyevin 1982-ci ildə H.Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi Cavidin ruhuna göstərilən ehtiramın göstəricisi, həmçinin Azərbaycan ədəbiyyatına verilmiş ən dəyərli töhfələrdəndir. Bu gün də Naxçıvanda Hüseyn Cavidin məqbərəsi xalqın müqəddəs ziyarətgahına çevrilib. Hüseyn Cavid məqbərəsi həm də ulu Naxçıvanın memarlıq bəzəyi kimi tarixə daxil olub.Xalqımızın xilkaskar oğlu dahi Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, şair və filosof H.Cavid haqqındakı fikirləri müasir cavidşünaslığın metodoloji əsaslarını müəyyən edir. Eyni zamanda hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndərin Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması qərarını verməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı. Bu, qədim Şamaxı torpağının hələ orta əsrlərdən söz-sənət yuvası olduğuna bələdçilik və ona qayğının təzahürü demək idi. 1979-cu ildə“Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması siyasətin ədəbiyyatda qələbəsi idi.
1990-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq, ulu öndər Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı.

1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. Məlumdur ki, ulu öndərimiz tez-tez teatr tamaşalarına baxar, əsər bitdikdən sonra səhnə arxasına keçib rejissor və aktyorlarla görüşər, sənət söhbətləri edərdi. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyəti dövründə teatr, kino, musiqi, təsviri və tətbiqi sənət sahələrində böyük inkişaf müşahidə olunurdu.Ulu öndər Heydər Əliyev dahi bəstəkarımız Üzeyir Hacıbəylidən başlamış müasir musiqi xadimlərinə qədər bütün sənətkarlara yüksək dəyər vermiş, bu sahənin daha geniş miqyasda tanınması üçün böyük əmək sərf etmişdir.

Öz xalqını və ziyalısını dərindən sevən dahi  Heydər Əliyev fəaliyyəti dövründə respublika elm və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan ziyalılarının inkişafına da da daima diqqət yetirmişdir. Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğur və müvəffəqiyyətlə davam etdirilir. Ölkədə elm, təhsil, mədəniyyətin inkişafına, həmçinin Azərbaycan ziyalısına göstərilən yüksək diqqət və qayğı eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri