Artıq neçə aydır ki, Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət Avropa İttifaqının (Aİ) yeni missiyası fəaliyyət göstərir. Elan olunduğuna görə, missiyanın məqsədi sərhəddəki durumu müşahidə altında saxlamaq, Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq istiqamətində əlverişli mühit yaratmaqdır. Bəs missiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilirmi?
Qeyd edək ki, Aİ-nin Azərbaycan və Ermənistana müşahidə missiyası göndərməsi təklifi 2022-ci ilin oktyabrında Praqa görüşündə gündəmə gəlmişdi. O zaman Prezident İlham Əliyev ölkə ərazisində belə bir fəaliyyətə icazə verməsə də, Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik heyətin göndərilməsinə etiraz etməmişdi. Lakin sonrakı mərhələdə ermənipərəst Fransa missiya ilə bağlı çərçivələri pozdu. Nəticədə daha çox sayda, daha uzun müddətə növbəti missiya göndərilməsi ilə bağlı məsələ gündəmə gəldi və Azərbaycanın razılığı alınmadan Ermənistana iki illik missiya göndərmək qərara alındı.
Hələ o zaman Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu missiyanın göndərilməsini xoşagəlməz hal kimi dəyərləndirərək demişdi: “Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq”. Yəni, Aİ-nin uzunmüddətli müşahidə missiyasının sülh gündəliyinə zərbə vuracağı ən yüksək səviyyədə bəyan olunmuşdu.
Sonrakı hadisələr dövlət başçımızın bu məsələdə nə qədər haqlı olduğunu sübut etdi. Belə ki, Ermənistana uzunmüddətli müşahidə missiyası göndəriləndən sonra rəsmi İrəvan, sözün həqiqi mənasında, təxribatyönümlü fəaliyyətini bir qədər də genişləndirdi. Onların gəlişi ilə təcavüzkar ölkəyə sanki yeni nəfəs verildi. Təkcə bir faktı xatırladaq ki, bu ilin iyun ayında Ermənistan silahlı qüvvələri və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən mövqelərimiz 25 dəfədən çox atəşə tutulub. Şübhəsiz bu olduqca narahatlıq doğuran faktdır. Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar onun sülhə hazır olmadığını və bu kimi əngəllərlə sülh müqaviləsini imzalamaqdan boyun qaçırmaq istədiyini göstərir.
Amma nə qədər qəribə görünsə də missiya bu kimi təxribatlara reaksiya vermir. Yəni, bu zamana kimi hesabatında Ermənistanın demək olar ki, hər gün törətdiyi təxribatlar yer ayırmayıb. Bu isə o deməkdir ki, Rusiya sülhməramlıları kimi, onlar da bölgədə vəziyyətin stabilləşməsində maraqlı deyillər. Bu isə Hayastanın həmin missiyanı da özününküləşdirməsindən xəbər verir. Bu günlərdə Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbəri Markuz Ritterin erməni kanallarından birinə açıqlamasında bu, özünü açıq-aydın büruzə verir. Belə ki, o, həmin açıqlamasında əsl reallıqlar haqqında fərqli təəssürat formalaşdırmağa çalışıb. Fransanın səyi ilə fəaliyyət göstərən bir missiyadan bundan artıq nəsə gözləmək də sadəlövhlük olardı. Xəbər verildiyi kimi, Hayastan orduda 1 nömrəli hazırlıq vəziyyəti elan edib. Elə bu səbəbdən Aİ-nin mülki müşahidə missiyası şərti sərhəd zolağından kənarlaşdırılıb. Bununla da dünyaya car çəkirlər ki, guya Azərbaycan Ermənistana qarşı təcavüzə hazırlıq görür. Şübhəsiz, rəsmi İrəvan bu kimi yalanlarla missiyada, həmçinin onun əhatə dairəsində ölkəmiz haqqında mənfi rəylər formalaşdırmağa xidmət edir.
Burada bir məqama da toxunmaq vacibdir. Məlumatlara görə, missiyada iştirak edən 100 nəfərdən 50-si “silahsız müşahidəçidir”. Bu mənada yarısı silahlı şəxsi heyət olan missiyanı “mülki” adlandırmaq gözə kül üfürməkdən başqa bir şey deyil. Yeri gəlmişkən qeyd edək ki, Aİ-nin Ermənistandakı missiyası genişləndirilir. Hətta bu barədə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının saytında məlumat da dərc edilib. Məlumata əsasən, artıq missiyada 23 vəzifə üzrə işə qəbul elan edilib və iş yerləri Ermənistanın müxtəlif bölgələrindədir. Bəzi məlumatlara görə, bu şəxslər yerli əhalinin arasından seçiləcək. Həmçinin əlavə edilib ki, Aİ missiyası Qafan, İcevan və Yeğeqnadzor rayonlarında yeni əməliyyat mərkəzləri açacaq. Şübhəsiz, qoltuqlara sığınmağa adət etmiş Hayastan xarici qüvvələrin sayını artırmaqla, yeni “müşahidəçiləri” missiyaya cəlb etməklə regionda ölkəmizə qarşı yeni hərbi cəbhə formalaşdırmaq niyyətindədir.
44 gün davam edən İkinci Qarabağ müharibəsi, eləcə də sonrakı hadisələr göstərdi ki, Azərbaycan üçün Ermənistanın hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, müzəffər ordumuz revanş sevdasına düşənlərə adekvat cavab verməyə hər an hazırdır və buna qadirdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”