Azərbaycan isə hər zaman özünün imzasına sadiqlik və hörmət göstərib
Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olması istiqamətində bütün danışıqlarda iştirak etməklə yanaşı, həmçinin əməli addımlar atan Azərbaycandan fərqli olaraq Ermənistanın “fəaliyyəti” sülhdən yayındığını açıq-aydın göstərir. Qalib Azərbaycan postmüharibə mərhələsində heç bir ilkin şərtlər irəli sürmədən sülh sazişinin imzalanmasına, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya olunmasına böyük səy göstərir. Respublikamız qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bəhs olunan sənəd beynəlxalq hüquq normaları və prinsipləri əsas götürülməklə hazırlanıb. Ermənistan isə adekvat yanaşma sərgiləmir. Baş nazir Nikol Paşinyan vasitəçilərin iştirakı ilə keçirilən tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, praktiki müstəvidə sülhə nail olunması və proseslərin irəliləməsi üçün addım atmağa tələsmir. Ermənistanın indiyədək üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınması bunun təsdiqidir.
İki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması, bəzi hallarda isə pozulması təcavüzkar dövlətin qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir.
Aydındır ki, hazırda Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına əlverişli zəmin yaranıb. Hətta bu istiqamətdə irəliləyişin olması qaçılmazdır. Vəziyyətin bu istiqamətdə inkişafı Ermənistandakı rusiyapərəstlərin maraqları ilə üst-üstə düşmür. Ermənistanın müxtəlif strukturlarında, o cümlədən hərbi sahədə mövqeləri güclü olan qrup dayanıqlı sülhün bərqərar edilməsinə, etnik ermənilərin reinteqrasiyasına, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışır. Lakin heç bir təxribat və pozucu fəaliyyət Azərbaycanı mövqeyindən yayındıra bilməz.
Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Bir tərəfdən sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcudluğunu bunun bariz nümunəsidir. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.
İşğalçı dövlət ona verilən son şansı belə dəyərləndirə bilmir
Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatçı hərəkətləri buna misaldır. Bu dəstələr son günlər də Ermənistan hərbi birləşmələri ilə birlikdə Qarabağda və Azərbaycanla şərti dövlət sərhədində təxribatlarını artırıb. Bir neçə gündür ki, erməni silahlı qüvvələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin son məlumatına görə, ötən gün yenə də həmin istiqamətdə Ermənistan hərbçiləri ordumuzun mövqelərini atəşə tutublar. Bu təxribatın qarşısını almaq üçün Silahlı Qüvvələrimiz cavab tədbirləri görüb.
Həmçinin son günlər ölkəmizin Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan ərazilərdən də qanunsuz erməni hərbi dəstələri ordumuzun mövqelərini atəşə tutublar. Ermənistanın daha bir təxribatı isə şərti sərhəddə yerləşən Laçın postu istiqamətində olub. Belə ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhəd-buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanıb.
Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan bəzi məsələlərlə bağlı manipulyasiyaları davam etdirməkdədir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına belə əməl etməyən, bu görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan nümayiş etdirdiyi mövqeyi ilə həm də Rusiyanın vasitəçilik missiyasına kölgə salır. Məsələn, hələ də Azərbaycan torpaqlarında erməni silahlılarının mövcudluğu, Azərbaycanı Naxçıvanla birləşdirən yolun açılmaması və bu kimi başqa məsələlər Ermənistanın yerinə yetirmədiyi öhdəliklərdir. Bu isə Rusiyanın apardığı vasitəçilik missiyasının qeyri-ciddi obrazda təqdim olunmasına yol açır. Rusiya iddia etdiyi kimi, özünün vasitəçilik missiyasında səmimidirsə, Kreml Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməlidir. Ötən 3 ildə isə bu kimi hallar müşahidə edilməyib - əksinə, bəzi məqamlarda Qarabağdakı erməni silahlılarına aparılan sursatların hətta “mühafizəsi” belə təşkil edilib...
Göründüyü kimi, Azərbaycanın sülh çağırışına adekvat cavab verməyən Ermənistan hələ də tam əksinə müəyyən “qaranlıq məsələlərə” ümid edir. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döymək”lə yanaşı, Azərbaycanı “günahkar” çıxarmağa niyyətlənib. Təbii ki, İrəvan bu işdə bəzi regionda marağı olan ölkələrin dəstəyindən yararlanmağa çalışır. Amma hər zaman olduğu kimi onların bu cəhdləri də fiasko ilə nəticələnəcək. Artıq Ermənistan anlamalıdır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır.
Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi - siyasi müstəvidə çox şey itirib - bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistana daha böyük zərbə vura bilər. Ermənistanda daxili-siyasi böhran özünün növbəti mərhələsinə qədəm qoyub. Ermənistan siyasi dairələri son dövrlərdə yürüdülən "sürüşkən və xaotik" manevrlərin real nəticələri ilə üz-üzə qalıblar. İndi Paşinyan hakimiyyəti açıq-aşkar isterik vəziyyətdədir. Bütün hədəflər bir-birinin ardınca boşa çıxıb, 44 günlük savaşda biabırçı kapitulyasiyanın ardınca siyasi-diplomatik məkanda da ağır məğlubiyyət inkaredilməz reallıqdır. Hazırkı iqtidara qarşı birləşən müxalifət partiyalarının təşkilatçılığı ilə keçirilən kütləvi etiraz aksiyaları, ölkədə hökm sürən iqtisadi çöküş artıq Paşinyan hakimiyyətinin də qarşısında ən ciddi təhdidlərdir. Ölkəsini rüsvay etməkdə davam edən Nikol Paşinyana artıq müttəfiqlərindən də kömək gəlmir. Baş nazir Nikol Paşinyanın mövcud vəziyyətdə atdığı addımlar isə onsuz da ölkədə hökm sürən qeyri-müəyyənliyi daha da artırır. Ermənistan parlamentində də partiyalar arasında qarşıdurmalar və dava-dalaşlar səngimir, tərəflər siyasi böhranda bir-birilərini günahlandırırlar.Ölkədə təkcə müxalifət-iqtidar qarşıdurması deyil, hakim partiya daxilində, o cümlədən hökumətdə təmsil olunan yüksək vəzifəli şəxslərin də istefaları ənənəvi hal alıb.
Onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırmaqla özünü dalana dirəyib.
Azərbaycanın sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da , “qırmızı xəttimiz” bəllidir - imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı qurumla bağlı sülh müqaviləsində hər hansı bir qeydin edilməsi ilə bağlı cəhdləri də fiaskoya məhkumdur. Azərbaycanın bununla bağlı mövqeyi qəti və dəyişməzdir. Sülh müqaviləsi iki ölkə arasında bağlanacaq və Azərbaycanın daxili işi olan Qarabağ məsələsi ilə bağlı orada hər hansı bir qeydin olması mümkün deyil.
Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan yeni iqtisadi konfiqurasiyadan kənarda qalacaq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr ümumən regiona yeni inkişaf tempi qazandırıb. Amma Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə davam edəcəksə, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq.
Yaqut Ağaşahqızı, “İki sahil”