23 iyun 2023 00:11
467

Zəngəzur dəhlizi alternativsiz nəqliyyat habına çevriləcək

Böyük güclərin - Çin, Rusiya, Orta Asiya, eləcə də Qərb dövlətlərinin bu layihəyə marağı durmadan artmaqdadır

Ölkəmizin Qərblə Şərq, eləcə də Şimalla Cənub arasında mühüm nəqliyyat qovşaqlarında yerləşməsi nəqliyyat infrastrukturunun inkişafını da labüd edir. Hər il ölkəmizdə minlərlə kilometr müasir standartlara cavab verən müasir yolların inşası, o cümlədən beynəlxalq səviyyəli hava limanlarının, Xəzər dənizində böyük limanın tikintisi xarici ölkələrin biznes subyektlərinin də diqqətini cəlb edir. Ölkənin əlverişli relyefi və yükdaşımalarının rahat və problemsiz həyata keçirilməsi biznes subyektlərinin də diqqətlə izlədiyi məsələdir. Şərq və Qərb arasında olan mühüm nəqliyyat habının açarı rolunda çıxış edən Zəngəzur dəhlizinin əhəmiyyəti isə daha böyükdür. Bu dəhliz ətrafında son dövrlərdə baş verənlər getdikcə daha çox diqqəti cəlb edir. Məsələ burasındadır ki, sözügedən dəhlizin açılmasını istəyən və bu xüsusda əməli addımlar atan ölkələrin sayı artır. Xüsusən də aparıcı Qərb dövlətləri, Çin, Rusiya Zəngəzur dəhlizi məsələsində indi daha çox maraqlıdırlar.

Reallıq budur ki, Zəngəzur dəhlizi müxtəlif seqmentlərdən ibarət olmaqla, Çinlə Avropanı birləşdirəcək. Bu layihədə dünyanın iqtisadi nəhəngi hesab olunan Çinin xüsusi marağı var və Orta Asiya respublikaları ilə birlikdə sammit keçirib dəmir yolu xəttinin çəkilməsi barədə müqavilə imzalaması da təsadüfi xarakter daşımır. Çin Avropa ilə ixrac-idxal əməliyyatlarını daha da genişləndirmək üçün qısa, təhlükəsiz və ucuz başa gələn yol axtarışındadır. Azərbaycanın həyata keçirmək istədiyi Zəngəzur dəhlizinin də Çin tərəfindən dəstəklənməsi təsadüfi deyil. Gələcəkdə yüklər qatarla Çindən çıxaraq Qırğızıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə üzərindən keçərək Avropaya və əks istiqamətə daşınacaq. Bu səbəbdəndir ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin tikintisinin reallaşması gündəmdədir. Belə ki, Trans-Avrasiya yük daşımalarının beynəlxalq koordinasiya şurasının baş katibi Gennadi Bessonov bildirib ki, bu məsələ ötən ay keçirilən Çin-Orta Asiya sammitində müzakirə olunub və müvafiq sənədlər imzalanıb. Orta Asiya respublikalarının müvafiq qurumları ilə Çin arasında imzalanan sənəddə dəmir yolunun Qırğızıstan, Özbəkistan, Azərbaycan və Türkiyə ərazisindən keçərək Avropaya çatması nəzərdə tutulub. Q.Bessonov deyib ki, bu dəmir yolu marşrutu Çin ilə Avropa arasında ticarətin daha da intensiv xarakter almasına təkan verəcək. Proseslərin təhlili göstərir ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin davamı perspektivdə məhz Zəngəzur dəhlizi üzərindən olacaq.

Zəngəzur dəhlizinə, Çin ilə yanaşı, Avropa İttifaqı da maraq göstərir. Rusiya-Ukrayna müharibəsinin nə qədər davam edəcəyi bəlli deyil və Avropa dövlətləri Asiya qitəsi ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni yollar axtarırlar. Rusiya da cənub istiqamətində ixrac və idxal üçün Zəngəzur dəhlizinə ciddi ehtiyac duyur. Burada nəzərə alınır ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək.  Hazırda dəhlizdən narahat olan yeganə əsas ölkə İrandır.  İran bunun qarşısını almaq üçün Ermənistana təsir etməyə çalışır. Ermənistan Zəngəzur dəhlizinin açılmasına icazə versə, İranın Avropaya açılan yeganə qapısı bağlanacaq. Zəngəzur dəhlizinin yaradılmasını böyük faciə kimi şərh edən ekspert bildirib ki, guya yol açılarsa, İrəvanın cənubla əlaqəsi itəcək. Azərbaycan və dəhlizin açılmasında maraqlı olan tərəflər dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyətli iqtisadi layihədir, bu layihənin açılması heç də Ermənistanın ərazi bütövlüyü üçün bir təhdid deyil, əksinə, İrəvan da bununla böyük iqtisadi dividendlər əldə edəcək. Bu reallığı Ermənistan rəhbərliyi də yaxşı başa düşür. Amma İran və digər maraqlı qüvvələr Zəngəzur dəhlizini Ermənistan üçün təhlükə kimi qələmə verərək öz maraqlarını təmin etmək istəyir. İran öz ərazisindən dəhliz təklif etməklə Zəngəzur dəhlizi layihəsini bloklamaq istəyir. Molla rejimi yaxşı anlayır ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşarsa, Zəngəzur dəhlizi reallaşarsa, bu, rəsmi Tehranın proseslərdən kənar qalmasına gətirib çıxaracaq. Azərbaycanın yaratdığı yeni reallıqlar sabitlik, təhlükəszilik, tərəqqi, iqtisadi inkişaf və firavan gələcəyi özündə ehtiva edir. İranı narahat edən də bu amillərdir. İran bölgədə sabitlik, iqtisadi inkişaf istəmir. İran, xüsusilə də Ermənistanın inkişafında maraqlı deyil. Çünki İran, Fransa və bu kimi pozucu qüvvələrə zəif, tənəzzül içində olan Ermənistan lazımdır ki, öz diqtəsini qəbul etdirə bilsin. Bu reallıqları Paşinyan hakimiyyəti də yaxşı başa düşsə də, təəssüf ki, boyunduruqdan yaxa qurtara bilmir. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz qətiyyətli siyasəti ilə gec-tez Zəngəzur dəhlizinin açılmasına və yeni reallıqların bərqərar olmasına nail olacaq.

“Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur”. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapdığını qeyd edən dövlət başçısı deyib: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”.

Prezident İlham Əliyev, həmçinin bildirir ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. “Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”, - deyə dövlət başçısı bildirib. Həmçinin əlavə edib ki, Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir: “Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.

Sevinc Azadi, “İki sahil”