23 iyun 2023 01:16
553

Qanla alınan torpaqları alın təri ilə suvaranda Vətən olur

Qarabağın və Şərqi Zəngəzurun ənənəvi kənd təsərrüfatı potensialından səmərəli istifadə ölkəmizin iqtisadi gücünə güc qatacaq

Xeyli  müddətdir ki, bəşəriyyəti narahat edən təhlükələrdən biri də gözlənilən ümumdünya ərzaq qıtlığıdır. Artıq bu istiqamətdə beynəlxalq təşkilatların və aparıcı ölkələrin ciddi mesajlarını da aydın görmək olur. Ona görə də indi hər bir ölkə öz ərzaq təhlükəsizliyi üçün önəmli addımlar atmağa çalışır. Ölkəmizdə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə son bir neçə ildə 300 min hektardan çox ərazilərdə yaradılan 50- dən çox aqroparklar ərzaq bolluğunu  təmin edəcək mühüm amildir.

O da məlumdur ki, Azərbaycanın ən məhsuldar torpaqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Məhz bu səbəbdən də  işğaldan azad olunmuş rayonlarda da yeni aqroparkların yaradılması, oradakı ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etmək dövlətimizin qarşısında duran mühüm məsələdir.

Məlumdur ki, işğaldan əvvəl  Ağdam və Füzuli taxıl istehsalı sahəsində Qarabağda aparıcı rayonlardan olublar. Bu rayonların əsas hissələrinin uzun müddət işğal altında qalması onların potensialından istifadə etməyə imkan verməyib. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə 200 min tondan çox taxıl istehsalı mümkündür. Məhz ötən il işğaldan  azad olunmuş və minalardan təmizlənmiş torpaqlarda əkilən taxıl sahələrindən minlərlə ton məhsul yığılmışdır.

Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Dövlət tərəfindən qarşıya qoyulan əsas məqsəd növbəti 5 il ərzində Qarabağı və Şərqi Zəngəzurun bərəkətli torpaqlarını maldarlıq üçün istifadəyə qaytarmaqla ölkənin ətlə təminatını 100 faiz səviyyəsinə çatdırmaqdır.

Hazırda Azərbaycanda taxıla olan tələbatın 60 faizi yerli istehsal hesabına ödənilir, qalan 40 faizi isə idxal edilir. Ancaq dövlətin strateji hədəfində ərzaqlıq buğda ilə təminatı 80 faizə çatdırmaqdır. Buna görə də işğaldan azad edilmiş ənənəvi taxılçılıq rayonlarında əkin sahələrinin həcmini genişləndirməklə qarşıya qoyulan məqsədlərə çatmaq priortitet məsələdir.  Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin  aqrar sahəyə diqqət və qayğısı  bu istiqamətdə ciddi nəticələrin olacağına zəmanət verir. Xüsusilə 2023-cü ildən etibarən fermerlərə 5 il müddətində ərzaqlıq buğda istehsalına görə subsidiyaların  verilməsi ölkənin taxıl ehtiyatlarını artırmaq istiqamətində önəmli addımdır.

Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqların aqrar potensialını qiymətləndirərkən demişdir ki, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var: « Biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər, Laçın rayonlarında yol boyunca yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik. Eyni zamanda, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Dövlət öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün dəstək olacaq.»

Bəli, bu bir həqiqətdir ki, qanla alınan torpaqları alın təri ilə suvaranda Vətən olur. Eyni zamanda, o da gerçəklikdir ki, Qarabağın və Şərqi Zəngəzurun ənənəvi kənd təsərrüfatı potensialından səmərəli istifadə ölkəmizin iqtisadi gücünə güc qatacaq.

Elçin Zaman, «İki sahil»