23 iyun 2023 02:15
501

Arazdəyəndə "zavod müəmması"

Bəlkə bu, Rusiyaya ünvanlanmış "buradan çıx get" mesajıdır?

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmasından əvvəl baş verənlərlə bağlı açıqlamalarla çıxış edib. Əslində onun İkinci Qarabağ müharibəsi və Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları erməni tərəfinin murdar xislətini ifadə edir. Qəribəlik ondadır ki, Nikol Paşinyan əvvəllər Zəngəzur dəhlizinin və kommunikasiyaların açılmasını ikiəlli dəstəkləyirdi. Lakin hərdəmxəyal baş nazir indi  "valı dəyişib." Bu faktlar bir daha göstərir ki, erməni tərəfi İrandan, ABŞ-dan və Fransadan aldığı təlimatlara uyğun davranış nümayiş etdirir. Ona görə də Azərbaycanla şərti sərhəddə, Naxçıvan istiqamətində, Arazdəyəndə ağır metallurgiya zavodunun inşası həmin siyasətin davamı hesab edilir.

 Arazdəyəndə ABŞ şirkətinin maliyyə dəstəyi ilə tikilən zavod mülahizəyə əsasən Ermənistanın Rusiyaya və İrana açıq meydan oxuması deməkdir. Bu manevri ilə Ermənistan Rusiyaya göstərmək istəyir ki, öz təhlükəsizliyini onsuz da təşkil edə bilir. Bir neçə müddətdir ki, Ermənistan öz ərazisindən Rusiyanı birdəfəlik uzaqlaşdırmaq üçün ABŞ və Avropa İttifaqına bağlı qüvvələrin burada yerləşməsinə çalışır.

Tikilən zavod və orada qaldırılan bayraq məsələsinin arxasında ABŞ dövlətinin iradəsinin olub-olmadığı hələlik məlum deyil. Ona görə, ABŞ-ın bu gərginlikdə fikrini dəyişərək  Zəngəzur dəhlizinin açılmamasında maraqlı olduğunu söyləmək çətindir. Çünki xeyli müddətdir ki, Amerika israrla bölgədə sülh və sabitlikdən danışır, o cümlədən kommunikasiyaların açılmasını dəstəklədiyini dəfələrlə bəyan edir. Amma o da bir danılmaz həqiqətdir  ki, ABŞ və rusların təbirincə desək, kollektiv Qərb Rusiyanın Güney Qafqazdan sıxışdırılıb çıxarılması üçün gərgin fəaliyyətdədir. Gör dünyanın harasıdır ki, Cənubi Qafqazda iqtisadi marağı olan Hindistan da öz şirkətlərini zavodun inşasında iştirak etmək üçün Ermənistana göndərib. Bir sözlə, işğalçı ölkədə at izi it izinə qarışıb.

Təbii ki, bu niyyətin arxasında başını soxmağa "qoltuq" axtaran Ermənistanın deyil,  xaricdəki erməni diasporunun, Qərbin və xüsusilə ABŞ-ın iradəsi durur. Sözsüz ki, Rusiya tərəfinin buna əvvəllər olduğu kimi, yenə də sərt reaksiyası olacaq. Zavodun tikinti meydançasında qaldırılan bayraq həm İranın, həm də Rusiyanın əsəblərini "barmaqlamaqla" dövlətlərarası münasibətləri bir qədər də gərginləşdirir. Bu, Rusiyaya ünvanlanmış "buradan çıx, get!" mesajıdır.

Ermənistanda kimlərsə düşünə bilər ki, Azərbaycan və Türkiyə ABŞ bayrağı asılan bir obyektə atəş açmayacaq. Onların iddiası məhz bu məntiqə əsaslanır. Amma Azərbaycanla sərhəddə ağır metallurgiya zavodunun inşası qəbul edilən hal deyil. Çünki gələcəkdə ağır ekoloji fəlakətlər baş verə və Naxçıvan bundan ciddi zərər çəkə bilər. Qəribə fakt odur ki, Ermənistanda bu sahənin inkişafı üçün tələb olunan xammal bazası yoxdur. Əgər baza yoxdursa o zavod necə işləyəcək və ya nə istehsal edəcək? Bu baxımdan ehtimal var ki, həmin zavod hərbi məqsədlər üçün inşa olunur.

Dediyimiz kimi, Ermənistan öz ərazisində ABŞ bayrağını ucaltmaqla Rusiya ilə bərabər, uzun illər "qardaşlıq" etdiyi İrana da meydan oxuyur. Fakt odur ki, Amerika indi Ermənistanla İran sərhədində durur. Bu, İrana nəzarət etmək üçün ən unikal bir fürsətdir və ABŞ onillərdir ki, cidd-cəhdlə buna nail olmağa can atırdı.  Ona görə İran da bu yanaşmadan ciddi nəticə çıxarmalıdır. İran "qulağının dibində" təyinatı hələlik bilinməyən ABŞ zavodu gələcəkdə ona hansı təhlükələri gətirəcəyini hesaba almalıdır. Bununla bərabər, Azərbaycan torpaqlarını işğal etməkdə kömək etdiyi ermənilərin İranı “keçi qiymətinə” necə satmasına qiymət verməlidir. Ancaq gecdir, Ermənistan İranın kürəyinə qəfləti xəncəri elə saplayıb ki, onu heç bir vəchlə “səğortalaya” bilməz. Ehtimal olunur ki, əski "qardaşlar" arasında əsl mərəkə bundan sonra qopacaqdır. İran özünün indiyə kimi kimə kömək etdiyini bir daha anlayacaqdır. Anlamasa, yaxud da anlamaq istəməsə, "yan dəmiri" ilə anladacaqlar.

Ağlabatan versiya odur ki, şübhəsiz, ABŞ bu zavodu İranın lap yaxınlığında tikməklə ona qarşı hansısa tədbir görmək üçün özünə poliqon yaradır. “Hansısa tədbirlər”in istiqaməti isə İranın mühafizəkar molla rejiminin axırına çıxmaq, bu ölkəyə demokratiya, azadlıq və insan hüquqları gətirməkdir. Çünki İran dünyada hələ də  mövcud olan iki imperiyadan biridir. Farslar hansı haqla bu ölkədə yaşayan dörd xalqı zülm və istibdad altında əzir, onların ən adi insan hüquqlarını tapdalayırlar? Bu milli eqoizmi kim onlara haqq edib?

Sözsüz ki, yuxarıda dediyimiz kimi, Azərbaycan tərəfindən də "zavod məsələsi"nə ciddi reaksiya var. Dövlət sərhədində ağır metallurgiya zavodunun tikintisi ekoloji cinayət hesab edilir. Üstəgəl bu, hərbi zavod ola. Əlbəttə, sərhədin bir addımlığında belə təhlükə mənbəyi gələcək baş ağrısından başqa heç nə deyil. İran və Rusiya isə bu zavodun sırf onlara qarşı tikildiyinin fərqində olmalıdırlar. Nəzərə almalıdırlar ki, bu, sadəcə zavod açmaq məsələsi deyil, ABŞ-ın real olaraq bölgədə yerləşməsidir. Gerisini başa düşmək üçün isə çox ağıl lazım deyil, iki vur ikidir.

Vəli İlyasov, "İki sahil"