Son illərdə Azərbaycanın bölgədə yaratdığı reallıqlar dünyanın siyasət masasını daha aktual məsələlərlə zənginləşdirdi. 44 gün davam edən Vətən müharibəsində qüdrətli Azərbaycan qarşısında tab gətirməyərək məğlub olan, kapitulyasiya aktını imzalayan Ermənistanı dəstəkləyənlər arasında yaranan çəkişmələr, daim gündəmdə olan Cənubi Qafqazda söz sahibliyi naminə güclənən rəqabətlər artıq daha iyrənc metodlarla davam etdirilir. Diz çökən Ermənistanın daxilində yaranan gərginliklər, rəsmi İrəvanın vədə xilaf çıxmaq ənənəsini davam etdirməsi birbaşa olmasa da dolayısı ilə milli satqınların xəyanət planlarına da təsir edir. Çünki onları maliyyələşdirən dairələr baş verən hadisələrə, törədiləcək təxribatlara uyğun vəsait ayırır, kampaniyalar təşkil edirlər.
Bəllidir ki, xarici ölkələrdə sığınacaq taparaq başqalarının süfrələrinin artıqlarını Vətənin halal nemətindən artıq tutanlar vicdanlarını çoxdan hərraca qoymuşlar. Azərbaycanda daxili sabitliyi pozmaq üçün havadarları tərəfindən maliyyələşdirilən, əmrə itaət edən antimilli qüvvələri nə Vətən təəssübü, nə də milli mənafe maraqlandırmır. Vaxtilə ermənilərə satdıqları torpaqların İkinci Qarabağ müharibəsində azad olunmasından belə utanıb xəcalət çəkməyənlər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinə belə qara yaxırlar. Erməni ideologiyasına xidmət edənlərin son günlərdə Laçın sərhəd-buraxılış məntəqəsində baş verənlərə görə Azərbaycan tərəfi günahlandırmaları da təsadüfi deyil. Guya «hüquqları pozulan, humanitar dəstəkdən məhrum olan» ermənilər üçün göz yaşı axıdan bu məzhəbsizlər unudurlar ki, Azərbaycan vətəndaşları olsalar da rəsmi Bakının təklif etdiyi reinteqrasiyadan imtina edən Xankəndinin separatçıları 30 ildə «humanizmi» unudaraq azərbaycanlılara ağlagəlməz dəhşətlər yaşatmış, kütləvi qırğınlar törətmişlər. Vətən müharibəsindən sonra aşkarlanan kütləvi məzarlıqlarda nəşləri tapılan soydaşlarımız antimillilərin dəstəklədikləri erməni quldurlarının vəhşiliklərinin qurbanlarıdırlar.
Doğma yurdlarına qayıdan laçınlılarla görüşən Prezident İlham Əliyev torpaqlarımızı ermənilərə peşkeş edən, bu gün isə özlərini təmizə çıxarmaq üçün hay-küy salan AXC-Müsavat cütlüyünün xəyanətlərindən də söz açıb: «Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq.»
Bu sözləri təkcə Laçın haqqında deyil, 30 il işğal altında qalan bütün ərazilərimiz haqqında söyləmək olar. Amma hələ də çamur bağlamış şüurlarında erməni sevgisini yaşadan milli xəyanətkarlar ölkəmizdə geniş miqyasda aparılan bərpa-quruculuq işlərindən qan qardaşları haylar kimi məyus olurlar. Ermənistanla Azərbaycan arasında xarici ölkələrdə aparılan danışıqlar zamanı dilənci kimi sığındıqları ölkələrdə ölkəmiz əleyhinə aksiyalar keçirən ermənilərin ön cərgəsində dayanan antimillilər «yan»lardan daha yüksək tonla qışqırırlar. Vətənpərvərlik duyğusundan məhrum olan Sevinc Osmanqızı, Qənimət Zahid, Emin Hüseynov, Tural Sadıqlı və digər vətənsizlərin ölkəmizlə bağlı yaydıqları şər –böhtan mənəviyyatsızlığın ən çirkin formasıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə «Osmanqızı TV»nin üzdəniraq aparıcısı Sevinc Osmanqızı «Kaş ki, Paşinyan bizim başçımız olardı» sözləri ilə ermənipərəst mövqeyini ortaya qoymuşdu. O, sonrakı illərdə də bu istiqamətdə «fəaliyyətini» davam etdirərək məğlub olan Ermənistan üçün saçını yoldu. Qənimət Zahidin Azərbaycanın ünvanına yağdırdığı böhtanları heç kim unutmayıb. Antimilli həmkarı Sevincdən geridə qalmayan Qənimət əvvəllər təmsil olunduğu AXCP-də apardığı təxribatları indi daha geniş miqyasda davam etdirir. Azərbaycan xalqının müstəqilliyinin əbədiyyət günü olan 1993-cü il 15 iyun tarixində baş verən hadisələri ermənisayaq «təhlil» edən, özünü siyasətçi kimi qələmə verən, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu yenə də suyu bulandırmaqda davam edir. Erməni əsilli arvadı Raisa Qaykovna ilə haylara yas saxlayan Beydulla Manafov Amerikada oturub Azərbaycanda baş verən hadisələri daşnak ideologiyası ilə araşdırır. Milli xəyanətkarların Azərbaycan əleyhinə qarayaxma kampaniyalarını cidd-cəhdlə davam etdirmələrinin arxasında xarici ölkələrin xüsusi xidmət orqanlarının izləri görünür. Avropa və ABŞ-da «siyasi mühacir» kimi dilənci günü keçirən bu əsli-nəcabəti bilinməyənlər Vətən təəssübünü çoxdan itiriblər. Erməni lobbisi ilə əməkdaşlıqlarından maliyyə mənbəyi kimi istifadə edən bu satqınların qazanclarına haram qatıldığı üçün bərəkətləri də yoxdur. «Osmanqızı TV»nin baş qəhrəmanı kimi Azərbaycana qarşı böhtanları ilə ermənilərə xidmət edən Beydulla Manafov kimilərin sosial şəbəkələrdəki anti-Azərbaycan çıxışları onların məkrli, xəyanətkar xislətlərinə verilən tula payıdır.
AXCP sədri Əli Kərimlinin təlimatlarına uyğun təxribatlarını davam etdirən tofiqlər, beydullalar, sevinclər, xədicələr, qənimətlər nə qədər yalanlar, böhtanlar yağdırsalar da dünya ictimaiyyətinin dəstəklədiyi , heyran qaldıqları Azərbaycan həqiqətlərinə kölgə sala bilməyəcəklər. Çünki bu tör –töküntülərin son mənzilləri zibilliklərdir. Vətən torpağının qəbul etmədikləri bu mənəviyyatsızların özgə qapılarında keçirdikləri həyatlarında qazandıqları xalqın nifrəti olacaq.
Xuraman İsmayılqızı, «İki sahil»