Ulu Öndər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev özünün bütün mənalı ömrünü mənsub olduğu millətə, onun tərəqqisinə və xoşbəxtliyinə həsr etmişdir. Təsadüfi deyildir ki, Ulu Öndər özü də müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra qeyd edirdi ki, mən ömrümün qalan hissəsini də doğma xalqıma həsr edirəm. Ümummilli Liderimizin mənsub olduğu millət qarşısında göstərdiyi fədakarlıqlar ona sonsuz ümumxalq məhəbbəti və əbədiyaşarlıq qazandırmışdır. Azərbaycan cəmiyyətinin sosial-iqtisadi, ictimai-siyasi, mənəvi həyatının elə bir sahəsini göstərmək mümkün deyildir ki, o Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin əhatə dairəsindən kənarda qalmış olsun. Ulu Öndər Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənətini daim diqqətdə saxlamış, ziyalılarımızın və incəsənət xadimlərimizin fəaliyyətinə çox yüksək qiymət vermişdir. Çünki Ümummilli Liderimiz öz xalqına və onun dəyərlərinə ürəkdən bağlı olan dahi şəxsiyyət idi.
1982-ci il oktyabrın 3-də Heydər Əliyevin Naxçıvana səfəri zamanı Azərbaycan dramaturgiyasında yeni bir mərhələ açan böyük sənətkar Hüseyn Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsinə xeyir-dua verməsi tarixdə çox nadir hallarda təsadüf edilən bir hadisə idi. Bu Ulu Öndərin Hüseyn Cavid yaradıcılığına verdiyi böyük dəyərin göstəricisi idi. Həm də Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycan xalqı Hüseyn Cavidi çox yüksək qiymətləndirir. Naxçıvan torpağının daha bir nümayəndəsi, yazıçı-publisist, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılması da məhz Ulu Öndərin təşəbbüsü sayəsində reallaşdı. Ulu Öndər milli məfkurəmizin inkişafında “Molla Nəsrəddin” jurnalının rolunu və əhəmiyyətini xüsusi vurğulayırdı.
Ümummilli Liderimiz çox sıx siyasi fəaliyyətlə yanaşı kütləvi-mədəni tədbirləri də heç vaxt diqqətdən kənarda qoymaz və belə tədbirlərdə çox yaxından iştirak edərdi. Rusiya Federasiyasının şimal paytaxtı Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimində yaxından iştirak edən Heydər Əliyev Nizami yaradıcılığını çox yüksək qiymətləndirərək bildirirdi ki, Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır.
Azərbaycanın milli musiqisini ürəkdən sevən, bu musiqinin vurğunu olan Ulu Öndərin Müslüm Maqomayev yaradıcılığına xüsusi münasibəti var idi. Təsadüfi deyildir ki, Müslüm Maqomayevə “İstiqlal” ordenini Ulu Öndər özü təqdim etmişdi. Heydər Əliyev bu böyük müğənni və bəstəkar haqqında deyirdi: “Müslüm Maqomayev özünün gözəl mahnıları və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycan tarixinə daxil olmuşdur. O, bizim mədəniyyətimizi, mahnı sənətimizi zənginləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə Azərbaycan çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi.” Sevgi ilə söylənmiş bu sətirlər və bütün qeyd edilənlər bir daha göstərir ki, Ulu Öndər incəsənətimizə ürəkdən bağlı olan dahi şəxsiyyət idi.

Arifə Abdullayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi