22 iyun 2023 00:48
674

Sevinc Osmanqızı sağalmayan “erməni xəstəliyi”nə yoluxub

Qədim Roma filosofu Lutsius Anneus Seneka deyirdi: “Mənəvi öhdəliklərin dairəsi qanunların yazdığından qat-qat genişdir”. Yəni, mənəviyyatın əhatə etdiyi məsələlər çox zaman qanunlarla cızılan dairədən kənara çıxır. Kamil zəkalı, yüksək mənəviyyatlı insanlar həmişə daxildən gələn böyük enerji ilə öz xalqı, Vətəni üçün çalışıblar. Bu gün də belədir və onların bu əməyi əsl qəhrəmanlıqdır.

Bir də var mənəviyyatsızlıq. Son zamanlar xarici ölkələrdə “siyasi mühacir” adı ilə məskunlaşan “sapı özümüzdən olan baltalar”ın sosial şəbəkələrdə Azərbaycan əleyhinə apardıqları qara piar kampaniyası da məhz mənəviyyatsızlığın pik nöqtəsidir.  Gerçəkdən də bu gün Emin Hüseynov, Sevinc Osmanqızı, Qənimət Zahid kimi xəyanətkarların anti-Azərbaycan dairələrin sifarişi və qrantları müqabilində apardıqları antimilli fəaliyyətləri izlədikcə məşhur amerikalı filosof və pedaqoq Con Dyuinin “Mənəviyyat aptekdə və ya kulinariyada istifadə olunan reseptlər kimi yazılı şəkildə təqdim edilmir” fikirlərini xatırlamamaq olmur. Əgər həqiqətən də mənəviyyat resepti əsasında hazırlanmış məlhəm olsaydı bu xəyanətkarların mübtəla olduqları sağalmayan “erməni xəstəliyinə” bir çarə qılınardı.

Çox təəssüf ki, mənəviyyat resepti Con Dyuinin dediyi kimi, apteklərdə satılmır. O zaman nə etməli?!  Mənəviyyatsız, vətəndaşlıq hissini itirən, erməni lobbisinin təsiri altında olan təşkilatlardan maliyyələşən bu marginalların maskalarını yırtmaq, gizli niyyətlərini aşkara çıxarmaq, iç üzünü açıb tökmək üçün millətin öz Vətəninin suverenliyini qoruması və ya qazanması uğrunda mübarizə aparan ideologiyaya sahiblənən, milli birliyi və həmrəyliyi dəstəkləyən, milli nailiyyətləri qürur mənbəyi kimi təbliğ edən hər bir vətənpərvər qələm əhlinin ümdə vəzifələrindən biri olmalıdır.  Əslində Vətən sevgisindən, Qarabağ Zəfərindən mənəvi güc alan, yüksək müşahidə qabiliyyətinə malik olan hər bir vətəndaşımız bu satılmış vətənşüvənləri, saxta “demokratları” hər addımda ifşa etməlidir. Bunun üçün heç də jurnalist, politoloq olmağa ehtiyac yoxdur.

Son zamanlar sosial şəbəkələr üzərindəki müşahidələr bir daha göstərir ki, Azərbaycana, onun uğurlarına qənim kəsilən, qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri həzm edə bilməyən ermənipərəst qüvvələrə qulbeçəlik etməklə cəmiyyətin qınaq obyektinə çevrilən bu antimilli ünsürlər öz mənfur əməllərindən əl çəkmək niyyətində deyillər. Anti-Azərbaycan şəbəkənin himayəsi altında olan S. Osmanqızının, Q. Zahidin mənəviyyatsızcasına 15 İyun- Qurtuluş Günü ilə bağlı ölkəmizə qarşı şər-böhtan kampaniyasının dozasını artırmaları bunun əyani təsdiqidir.

Təbii ki, bütün bunlar heç də təsadüfi deyil. Belə ki, sosial şəbəkələrin erməni seqmentini diqqətlə izləyəndə bir daha əmin olduq ki, bu xəyanətkarlar tapşırıqları məhz erməni lobbisinə yaxın olan dairələrdən alırlar.

Bəli, Vətənin çörəyini yeyib, havasını udan, əvəzində ona xəyanət edən bütün mənəviyyatsız satqınların, xəyanətkarların hamısının sonu belə olacaq. Mayası xəyanətkarlıqdan yoğrulan bu antimilli ünsürlərə qarşı barışmaz olmaq, yorulmadan mübarizə aparmaq bizim hər birimizin vəzifə, vicdan borcu, vətəndaşlıq qayəsi olmalıdır.

Zahid Rza, “İki sahil”