Cari ilin ötən 5 ayında Ermənistan iqtisadiyyatında tənəzzül sürətlənib. Üstəlik dövlət borcu 11 milyard ABŞ dolları təşkil edib. Hazırda təcavüzkar ölkənin hər bir vətəndaşına 3 min ABŞ dollarından çox məbləğdə borc düşür. İş yerlərinin bağlanması, artan inflyasiya əhalinin vəziyyətini daha da pisləşdirib. Ermənilər ölkəni tərk etməklə bu vəziyyətdən qurtulmağa çalışırlar. 2018-ci ildən bu günədək təxminən 100 mindən çox erməni Rusiya vətəndaşlığını qəbul edib. Onlardan 20 mindən çoxu bu ilin yanvar-iyun aylarında buna nail olub. Ölkəni tərk edənlərin əksəriyyəti gənc ailələrdir. Miqrasiyanın bu səviyyəsi təcavüzkar ölkənin demoqrafiyasını daha acı nəticələrə gətirib çıxaracağından xəbər verir. Rəsmi məlumata əsasən, Hayastanda əhalinin sayı 2,9 milyon nəfərdir. Reallıqda isə bu göstərici xeyli azdır. Şübhəsiz, sadə camaatın bu bəlaları əsasən Ermənistanın təcavüzkar siyasətindən qaynaqlanır.
Rəsmi İrəvan isə bu adi məntiqi anlamaq istəmir. Üstəlik, sülh danışıqlarına biganə yanaşan, prosesi uzatmağa çalışan Hayastan silahlanmaqda davam edir. Ermənistanın müdafiə naziri Suren Papikyanın hərbi əməkdaşlığın genişləndirilməsi məqsədilə bir müddət öncə Dehliyə səfər etməsi, bu günlərdə isə onun Parisdə peyda olması bunu bir daha sübut edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində o, Fransa silahlı qüvvələr naziri Sebastyen Lekornu ilə görüşüb. Amma görüşün detalları tam açıqlanmayıb.
Yeri gəlmişkən qeyd edək ki, rəsmi Paris bir neçə ay əvvəl Ermənistandakı səfirliyinin yanında yeni hərbi attaşenin təyin olunması barədə qərar qəbul edib. Bu addım ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistanın müdafiə nazirinin Fransaya səfəri zamanı müzakirə olunmuşdu. Doğrudur, rəsmi İrəvan son səfərə öz siyasətinə uyğun olaraq mədəni don geyindirməyə çalışır. Amma görünən budur ki, Papikyanın bu səfəri sırf silah-sursat alışına dair yeni razılaşmaların əldə olunmasına xidmət edir. Bütün bunlar isə Hayastanın ölkəmizə qarşı ərazi iddialarını davam etdirməsindən xəbər verir. Bir sözlə, 2023-cü ildə özünün hərbi büdcəsini 47 faiz artıraraq ilk dəfə 1 milyard dolları keçən Hayastan dilənçi vəziyyətində yaşayan xalqını düşünmək əvəzinə ordunu silahlandırmaqla məşğuldur. Özü də təcavüzkar ölkə əsasən iki “qardaşı” (Hindistan, İran) və bir “bacısı” (Fransa) ilə silah alış-verişi edir.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 19-da Hindistanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən təcavüzkar ölkənin bu kimi addımlarını belə dəyərləndimişdi: “Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır. Əgər doğrudan da Ermənistan Azərbaycanla sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır”. Azərbaycan Prezidenti bildirmişdi ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Bir necə gün öncə Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü Qurgen Arsenyan Ermənistanın bu mövcud siyasətini sərt tənqid edib. O bildirib ki, Nikol Paşinyanın bu addımları Ermənistan əhalisinin rifahını daha da pisləşdirməkdə davam edəcək. Onun fikrincə, vəziyyətdən çıxış yolu birgəyaşayış mexanizmidir. Yəni, indiki durumda Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaq olduqca vacibdir. Məhz bu addım Hayastanın təhlükəsizliyinin və dövlətçiliyinin möhkəmlənməsinin, eləcə də əhalinin güzaranının yaxşılaşdırılmasının təminatı ola bilər. Bununla da o, bölgənin, həmçinin Ermənistanın nicatının sülh danışıqlarından keçdiyini bir daha diqqətə çatdırıb.
Qurgen Arsenyan bundan öncəki çıxışlarının birində də hakimiyyətin yanlış siyasətini pisləmiş və demişdi ki, Qarabağ ermənlərini düşünürsünüz, ancaq Ermənistanın 3 milyon əhalisini yox. O bildirmişdi ki, bundan sonra Qarabağ məsələsi ilə manipulyasiya etməklə Ermənistanda hakimiyyətə gəlmək müşkül olacaq. Qurgen Arsenyanın fikrincə, Ermənistan üçün real təhlükə həm də ölkədə geniş yayılan ksenofobiyadır. Hətta o, bəyan edib ki, təcavüzkar ölkənin bu kimi yanlış addımları yeni müharibəyə səbəb olacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”