Haylar İkinci Qarabağ müharibəsində məğlubiyyətin səbəbkarlarını axtarırlar
Qarabağdakı biabırçı məğlubiyyəti özündən uzaqlaşdırmaq üçün baş nazir Nikol Paşinyan eks-prezidentlərə qarşı hücuma keçib. Günahı özündən başqa hamıda axtaran baş nazir eks-prezidentləri nişangaha alıb. Xüsusilə 1998-ci ildə parlamentdə ağır terror aktından sonra hakimiyyətə gələn Robert Koçaryan "günah keçisi" kimi hədəfə alınıb.
Paşinyan bildirib ki, Koçaryan prezident seçilərkən Ermənistanın deyil, Azərbaycanın vətəndaşı idi. Yəni, o təzyiqlə özünü bu vəzifəyə qeyri-qanuni olaraq seçdirib. Əlində silahlı qüvvə cəmləyən və Qarabağ məsələsindən sui-istifadə edən Robert Koçaryan qarşısına çıxanları güllələtdirib öldürtməkdən belə çəkinməyib. Onun əli Ermənistan parlamentinin o vaxtkı spikeri Karen Dəmirçiyanın və daha yeddi nəfər deputatın və vəzifəli şəxsin qanına bulaşıb. O, hakimiyyətə gələndən sonra Qarabağı deyil, yalnız özünü düşünürdü.
"Ermənistanın ikinci prezidenti Robert Koçaryan öz hakimiyyətini legitimləşdirmək üçün Qarabağı danışıqlardan kənarlaşdırdı."
Bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyasının iclasında deyib. Onun sözlərinə görə, Koçaryan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Qarabağla bağlı məğlubiyyət yanaşmasını nəzərə alaraq prosesin artıq mövcud arxitekturasını gücləndirmək üçün addımlar atıb. Paşinyan bildirib ki, əvvəllər qəbul edilmiş bütün sənədlər Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, eləcə də Qarabağın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini, lakin ərazi bütövlüyü prinsipinə riayət edilməsini nəzərdə tuturdu: “Vahid dövlət (Ermənistan və Qarabağ nəzərdə tutulur) üzrə paket də Dağlıq Qarabağ nümayəndələrinə təqdim olunub və onun üçün bu, sonuncu paket olub. Bundan sonra Dağlıq Qarabağ danışıqların nədən getdiyi ilə bağlı normal məlumatlandırılmadı. Koçaryan Qarabağı istənilən müstəqillikdən məhrum etdi və xalqının iradəsini pozdu. Üstəlik, onu beynəlxalq səviyyədə tanınan yeganə statusdan məhrum etdi ki, bu da Rusiya, ABŞ, Fransa, Azərbaycan və Ermənistanla bir masa arxasında oturmağı nəzərdə tuturdu. Əslində, bu, Dağlıq Qarabağın beynəlxalq subyektivliyinin sonu idi”.
"Sandığı açıb pambığı tökən" Nikol Paşinyan bildirib ki, Koçaryan motivasiyası 1998-ci ildə keçirilən prezident seçkilərində saxtakarlıqla qalib gəldi və qeyri-legitim dövlət başçısı postunu tutdu: “O, Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmış statusunu özünə legitimlik əldə etmək, eləcə də beynəlxalq ictimaiyyətin Ermənistanda hakimiyyətin qəsb edilməsinə göz yumması üçün qurban verdi”.
Bu fikri xeyli şişirdən baş nazir unudur ki, dünyanın ən nüfuzlu beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı və işğalçı Ermənistandan öz qoşunlarını oradan qeyd-şərtsiz çıxarmağı tələb edirdi. Aydındır ki, dayaz düşüncəli Paşinyan guya öz xeyirinə ən sadə həqiqətləri belə bilərəkdən gizlətməyə çalışır.
Görünür, zamanı gələndə Paşinyan eyni ittihamı mənfi nağıl qəhrəmanına oxşayan Serjik Sarkisyan haqqında da səsləndirəcək. Çünki baş nazir İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyəti bu cütlüyün ayağına yazıb.
Əslində Qarabağı alver vasitəsinə cevirmək Hayastan rəhbərliyinə gəlmək istəyənlərin hamısına lazım olub, Paşinyan özü də daxil olmaqla. Qarabağ erməniləri sərsəm iddialardan əl çəksələr onda başa düşərlər ki, onlar siyasi dəllalların və kürsü düşkünlərinin niyyətlərinə qurban gediblər. Məhz Paşinyan da on səkkizinci əsr təfəkküründə qalmış erməni toplumunun qafasına bunları doldurmağa çalışır. Bu sahədə beş il çəkdiyi zəhmət hədər gedib, ermənilər ağılsız inadkarlıqla iki ayağını bir tay başmağa soxmaqdan əl çəkmirlər.
Vəli İlyasov, "İki sahil"