Dünya ictimaiyyəti də etiraf edir ki, bu amil Qafqaz və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin qarşılıqlı hörmət, sabitlik çərçivəsində davamı üçün örnəkdir
Çoxəsrlik tarixi ərzində dünya sivilizasiyasına önəmli töhfələr vermiş, ortaq köklərə, oxşar ənənələrə malik türk xalqları yüz illərlə bir-birindən ayrı düşərək «qüdrətli» imperiyanın məngənəsində məhdudiyyətlərlə üzləşsələr də, məkrli siyasətlərin qurbanı olsalar da birlik və həmrəyliklərinə sadiq qalmışlar. Yalnız XX əsrdə əsl mənada milli dirçəlişə nail olmuş, ikitərəfli və çoxtərəfli münasibətlər yaradaraq müstəqil dövlət kimi inkişaf edən türk dövlətləri beynəlxalq təşkilatlar çərçivəsində də eyni mövqe nümayiş etdirirlər. 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılmasında əsas məqsəd müsəlman dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviqinə, dünyada sülhün bərqərar edilməsinə, beynəlxalq terrorizmə, separatçılığa, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdır.
Bir təşkilat kimi inkişaf yolunda mühüm nailiyyətlərə imza atan TDƏŞ-ə üzv dövlətlər TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası çərçivəsində fəaliyyət göstərərək maddi –mənəvi dəyərlərin təbliğində mühüm rol oynayıblar. Türkdilli dövlətlər arasında əməkdaşlığın genişlənməsində xüsusi rolu olan Azərbaycanda bu həmrəyliyin daha möhkəmlənməsinə dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətlə yanaşılmışdır. Azərbaycanın təşkilata sədrliyi müddətində türk birliyinin əsas istiqamətlərindən olan səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, humanitar sahələrində qarşılıqlı əməkdaşlıq müasir dövrün tələbləri, yeni mexanizmlər əsasında inkişaf etmişdir.
2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə türkdilli ölkələrin dövlət və hökumət başçıları səviyyəsində COVID-19 -a həsr olunmuş fövqəladə Zirvə Görüşündə pandemiya ilə mübarizə çərçivəsində birgə tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılmış, Bakı Bəyannaməsi qəbul edilmişdir. Türkdilli dövlətlər İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə xalqımızla birlik nümayiş etdirmiş, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi imkanlarını artıracaq enerji, nəqliyyat layihələrini dəstəkləmişlər.
Türkdilli dövlətlər arasında coğrafi bağlılığın , həmrəyliyin möhkəmlənməsi naminə göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin TDƏŞ-in VIII Zirvə Görüşündə Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi dövlət başçımızın xidmətlərinə verilən dəyər idi.
İstanbulda keçirilən həmin Zirvə Görüşündə Şuranın adının «Türk Dövlətləri Təşkilatı» (TDT) ilə əvəzlənməsi ilə bağlı qərarın qəbulu ilə türk birliyinin, İslam həmrəyliyinin daha geniş coğrafiyada inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirildi.
İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə həmişə yanımızda olan, tarixi Qələbəmizə sevinən türkdilli dövlətlərin, xüsusilə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi xalqımız heç vaxt unutmayacaq. İkinci Qarabağ müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradında qardaş kimi çiyin- çiyinə dayanan Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin məğrur görünüşləri birlik rəmzinin dünyaya nümayişi idi. Vətən müharibəsindən sonra Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsində qeyd olunan bəndləri müəyyən mənada türk birliyinin möhkəmlənməsinə xidmət edən həmrəyliyin növbəti ifadəsi, yol xəritəsi adlandırmaq daha məqsədəuyğun olardı. Müttəfiqlik Bəyannaməsində xüsusi diqqətçəkən, Tarixi İpək Yolunun bərpası kimi dəstəklənən Zəngəzur dəhlizinin açılması ilk növbədə türkdilli dövlətlər arasında nəqliyyat, yükdaşıma problemlərini daha sərfəli tariflərlə və asan yolla tənzimləyəcək. Azərbaycanın regionda yaratdığı reallıqların ən aktual nümunəsi olan « yaşıl enerji» siyasəti də qardaş ölkələrin iqtisadi inkişafına yardım göstərəcək. Bu qardaşlıq humanitar sahədə də davam etdirilir. Özbəkistanın işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi orta məktəbin tikintisi , Qazaxıstanın Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin inşası ilə bağlı təşəbbüsləri qardaşlıq münasibətinin təzahürüdür. Qardaş dövlətlərin bu təşəbbüslərinin əsasında bir tövsiyyə dayanır: Təhsil hər bir millətin gələcəyi üçün bayraqdır! Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun və Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması da türkdilli dövlətlər arasındakı həmrəyliyin təzahürüdür.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesində türkiyəli mütəxəssislərin iştirakı onlarla insanın həyatının xilası deməkdir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün həyata keçirlən Böyük Qayıdış” proqramının icrasında türk dövlətlərinin iştirakı qardaşlıq dəstəyidir . İşğaldan azad edilmiş bölgələrdə aparalan yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Prezident Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş torpaqlara- Şuşa, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarına davamlı səfərləri, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının, Zəfər yolunun açılış mərasimlərində cənab İlham Əliyevlə birgə iştirakı Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyət rəmzidir.
Bu ilin fevralında Türkiyənin müxtəlif vilayətlərində baş verən, «Əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında həmrəylik simvolu kimi bu birlik sarsılmazlığını bir daha dünyaya bəyan etdi. Həmin günlərdə TDT-ın Ankarada «Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım» mövzusunda Fövqəladə Sammitinin keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını «Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”» sözləri səmimi duyğularını ifadə edən, iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək Türk İnvestisiya Fondunun yaradılmasının əhəmiyyətini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan həyata keçiriləcək islahatların əhəmiyyətindən də bəhs edib. Təşkilata üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini türk dünyasının həmrəyliyinin möhkəmlənməsinin mühüm amili adlandırıb.
Zəlzələnin baş verdiyi 6 fevral tarixinin Türk Dövlətləri Təşkilatı çərçivəsində «Həyatını itirənlərin anım və birlik, bərabərlik və həmrəylik günü”» elan olunması islami dəyərlərdən qaynaqlanan humanizmin, insanlara dəyərin ifadəsi kimi dəstəkləndi. Özbəkistanın Prezident Şavkat Mirziyoyevin Təşkilat çərçivəsində Təbii Fəlakətlərin Monitorinqi və Təhlili Mərkəzinin yaradılması təşəbbüsü birlik və həmrəylik rəmzi kimi dəstəkləndi.
Ankara Sammitində iştirak edən Prezident İlham Əliyevin türk xalqı ilə birlik, həmrəylik nümunəsi olan çıxışı, Azərbaycan xalqının qardaşlıq yardımı «Türkün türkdən başqa dostu yoxdur» müdrik kəlamının həyatda ifadəsi idi. Zəlzələ baş verən andan qardaş Türkiyənin yanında olduğunu mənəvi dəstəyi, humanitar yardımları ilə bildirən Azərbaycan xalqı ilk gündən xeyirxah təşəbbüsə qoşuldu. Türkiyəyə yardım üçün göndərilən azərbaycanlı xilasedicilərin, həkimlərin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb.
Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir. Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk birliyinin gücləndirilməsində göstərilən xidmətlərə dəyərli töhfədir.
Elm-inkişaf- bilik vəhdətinin nümayişi olan, texnologiya bayramı kimi tarixə yazılan” aerokosmik və texnologiya sahəsində əməkdaşlığın nümunəsi kimi Bakıda və İstanbulda keçirilən «TEKNOFEST» festivallarında Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin də iştirakı bu birliyin təzahürüdür. Türkiyə ilə Azərbaycan hərbçilərinin birgə iştirakı ilə keçirilən hərbi təlimlər, Azərbaycanda «Bayraktar»” Mərkəzinin yaradılması təşəbbüsü isə hər iki ölkənin müdafiə qüdrətinin artırılmasına yönələn ciddi addımlardır. Artıq bütün dünya ictimaiyyəti də etiraf edir ki, türk dövlətlərinin birliyi Qafqaz və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin qarşılıqlı hörmət, sabitlik çərçivəsində davamı üçün örnəkdir. Bu əminliyi daha da qüvvətləndirən, İslam həmrəyliyini təsdiqləyən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri oldu.
28 may 2023-cü ildə Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda xalqının böyük etmadını qazanan Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfərinin ardınca Azərbaycana dövlət səfəri də tarixi ənənələrə söykənən qardaşlıq bağlarının sarsılmazlığını göstərir. Hər iki dövlət başçısının mətbuata bəyanatlarında, təkbətək görüşündə ən çox diqqətçəkən Zəngəzur dəhlizinin açılması ilə bağlı göstərdikləri qətiyyət Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik rəmzidir.
Xuraman İsmayılqızı, «İki sahil»