22 iyun 2023 01:57
417

Fransızların çaldıqları havaya oynamaq

Və yaxud Ermənistan nə vaxtadək onun-bunun əlində alət olacaq?..

Məlum həqiqətdir ki, rəsmi Parisin Azərbaycanla Ermənistan arasında sülh prosesində birtərəfli mövqeyi bu gün Cənubi Qafqazda barışı əngəlləyən başlıca səbəblərdən biridir. Fransa Prezidenti Emmanuel Makronun zaman-zaman ölkəmizlə bağlı həqiqətdən uzaq fikirləri, bu ölkənin Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnamələr vəziyyəti daha da qəlizləşdirən amillərdəndir. Eyni zamanda, həmin sənədlər Fransanın regionda təxribatından başqa bir şey olmadığını göstərir. Ekspertlərin fikrincə, Fransanın yürütdüyü ermənipərəst siyasətin ən təhlükəli cəhəti ondan ibarətdir ki, Paris regional sülhü və ermənilərin özlərinin təhlükəsizliyini zərbə altında qoyur. Çünki hər kəsə bəllidir ki, Ermənistan hazırkı şəraitdə silahlı qüvvələri və iqtisadiyyatı dağılmış vəziyyətdədir. Ermənilərin yeganə xilas yolu qonşuları, xüsusən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və Fransanın yaratmaq istədiyi hər hansı təxribata qarşı durmaqdır. Lakin bunu etmək əvəzinə ermənilər yenə fransızların çaldıqları havaya oynayırlar. Fransa da yaranmış vəziyyətdən maksimum istifadə edir.

Bu günlərdə Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana yardımla bağlı parlamentdə sualları cavablandırarkən tərəfli olduqlarını gizlətməyib: “Azərbaycanla ədalətli sülhə nail olmaq üçün daima Ermənistanın yanındayıq. Biz Ermənistanı tək buraxmayacağıq”. Fransa Ermənistanın şərti ərazisində Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsinə nail olmaqla da “Ermənistanın yanında” olduğunu isbatlayır. Fransa və Ermənistan şərti sərhəddə atəşin açılması ilə bağlı oxşar açıqlamalar verməklə də ortaq qərəz nümayiş etdirirlər. Bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya gedib. Səfərin təfərrüatları, eləcə də görüş və danışıqların qrafiki barədə məlumat yayılmayıb. Bununla belə, bu səfər iki ölkə arasında hərbi və hərbi texniki sahədə əməkdaşlığın güclənməsinə xidmət edəcəyi istisna olunmur. Habelə mətbuatda Fransanın İrəvana 50 zirehli döyüş maşını tədarük etdiyinə dair məlumat yayılıb. "Sputnik Armeniya"nın yaydığı məlumata görə, Fransa Ermənistana 50 "VAB MK 3" zirehli transportyoru verəcək. Tədarükün dəqiq vaxtı hələ açıqlanmayıb. Bundan əlavə, İrəvanın “Bastion” və “Şerpa” zirehli maşınlarının alınması imkanları da müzakirə olunur. Göründüyü kimi, son vaxtlar Ermənistanla Fransa arasında münasibətlərin hərbi sahədə gücləndiyi müşahidə olunur. Deməli, əvvəllər Ermənistanın hərbi rəsmiləri məsləhətləşmək və yardım almaq üçün Kremlin qapısını kəsdirərdi. İndi isə buna Yelisey sarayının da darvazası əlavə olunub. Bu isə Azərbaycanla Ermənistan arasında şərti sərhəddə törədilən təxribat və təhriklərdə rəsmi İrəvanın əsas havadarının həm də Fransa olduğunu deməyə əsas verir. Bu isə şübhəsiz Ermənistanın Azərbaycana qarşı sərhədyanı bölgələrdə törətdiyi təxribat və təhrikedici addımlarına ravəc verən əsas amillərdəndir.

Göründüyü kimi, siyasi və diplomatik platformalarda Azərbaycana qarşı təzyiq siyasəti yürüdən Fransa indi də bu düşmənçiliyi hərbi müstəvidə davam etdirir. Əks halda, Ermənistana silah tədarükünün sırf kommersiya məqsədi daşıdığını söyləmək mümkün deyil. Çünki Ermənistanın maliyyə resursları Fransadan bahalı silahlar idxal etməyə imkan vermir. Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Fransa regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozur. Belə çıxır ki, onilliklər ərzində Afrikada, yaxın Şərqdə ayrı-ayrı ölkələri nəzarəti altında saxlayan, onların sərvətlərini talayan Fransa özünün neo-kolonialist siyasətini indi Cənubi Qafqaza daşımaq və regionda hərbi tarazlığa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır. Anlamaq lazımdır ki, bölgədə tarixi ədalətə uyğun yaranan reallığı dəyişmək mümkün olmayacaq. 

Fransa və İran kimi dostları Ermənistanı revanşizmə ruhlandırırlar. Bu ölkədə hakimiyyətdə və müxalifətdə olan qüvvələr “bəlkə də qaytardılar” xülyasına qapanıblar və güman edirlər ki, yeni silahların alınması Ermənistana hansısa üstünlüklər qazandıracaq. Lakin unudurlar ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer tutur. Dövlət başçısının birbaşa tapşırığı və idarəçiliyi ilə post­müharibə mərhələsində ordunun təchizatı daha da möhkəmləndirilib. İndi Azərbaycanın Müzəffər Ordusu düşmənin cavabını ən layiqli şəkildə verməyə hazırdır. Amma revanş götürmək xülyasına düşən hay-daşnaklar bu dəfə Azərbaycan Ordusunun cavabının daha sərt, “dəmir yumruğ”un zərbinin isə ömürlük olacağını unutmamalıdırlar.

Sevinc Azadi, “İki sahil”