21 iyun 2023 12:25
337

Ulu Öndərin Nizami Gəncəvi irsinin təbliğində müstəsna xidmətləri olub

Azərbaycan müstəqillik qazandığı ilk illərdə ölkənin yaşadığı siyasi-iqtisadi, elmi-mədəni böhran çoxlarının yadındadır. Həmin mürəkkəb şəraitdən xilas olmaq üçün isə hakimiyyətə təcrübəli rəhbərin gətirilməsinə ehtiyac duyulurdu. Məhz belə qarışıq vəziyyətdə xalqın istəyilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Ulu Öndərin siyasi təcrübəsi, xidmətləri barədə çox fikirlər söylənilmiş, müxtəlif istiqamətdən təhlillər aparılmışdır. Heydər Əliyevin Azərbaycana xidmətlərindən biri də onun mənəvi dəyərlərimizə verdiyi qiymətdir.

Böyük şairimiz Nizami Gəncəvinin misilsiz əsərləri təkcə Azərbaycana deyil, dünya söz xəzinəsinə verilmiş töhfədir. Günümüzə qədər onlar haqqında çoxlu yüksək fikirlər söylənilmiş, kitablar yazılmışdır. Nizami Gəncəvi zəkası dərinliyi, mükəmməlliyilə öz müəllifinə bir ölkənin, bir millətin xəzinəsi deyil, ümumbəşəri dəyər qazandırmışdır. Dövlət, xalq olaraq bizlərin borcu onu qorumaq və təbliğ etməkdir.

Məlumdur ki, dahi Nizami Gəncəvinin məzarı qədim Gəncə şəhərindədir. Böyük şairin qəbri üzərində abidə isə 1948-ci ildə tikilmişdir. Lakin sonralar əraziyə yaxın kombinatın tikilməsi məqbərənin tolanmasına səbəb olurdu. Ulu Öndər çıxışlarının birində bu məsələyə toxunaraq, 70-ci illərdə Azərbaycana rəhbərliyi zamanı bir çox ziyalıların və şairlərin, alimlərin məqbərənin belə vəziyyətindən narahat olduqlarını, təkliflər irəli sürdüklərini yada saldı. Heydər Əliyev 50-ci illərin sonlarında tikintisinə başlanılmış kombinatın Nizami məqbərəsinin yaxınlığında olmasını “tarixi, mənəvi cinayət” adlandırmışdır.

Böyük Azərbaycan şairinin 840 illik yubileyinin keçirmə istəyi yuvarlaq rəqəm olmadığından o dövrün ittifaq rəhbərliyi tərəfindən müsbət qarşılanmamışdı. Lakin Ulu Öndər Heydər Əliyev öz istəyinə nail olaraq bu yubileyi əvvəlcə Azərbaycanda, daha sonra Moskvada qeyd edilməsinə nail olmuşdur. Yubiley ərəfəsində məqbərənin yenidən qurulması, Nizami Gəncəvinin 840 illik yubileyi zamanı əsərlərinin hamısı rus dilini çevrilməsi və Moskvada böyük tirajla nəşri qərara alındı. Bütün bunlar Ulu Öndərin ədəbiyyatımız qarşısında böyük xidmətlərindəndir.

Nizami Gəncəvi əsərlərinin təkrarolunmazlığını, əsrarəngliyini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev çıxışlarının birində bunu belə anlatmışdır: “Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır. Nizami insanın cəmiyyətdəki rolunu özünün dünyagörüşü süzgəcindən keçirərək, yaradıcılığında antik yunan və Roma irsini, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlik ənənələrini əks etdirə bilmişdir”.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri