21 iyun 2023 15:21
353

Azərbaycan-Pakistan əlaqələri inkişaf edərək strateji tərəfdaşlığa çevrilib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında yeni mərhələnin başlanğıcı olacaq. Pakistan-Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olub. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Pakistan da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da ölkəmizə güclü dəstək göstərib. Həmçinin işğal səbəbindən Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayıb. Pakistanın bu mövqeyi, Azərbaycan xalqı arasında güclü bir qarşılıqlı sevgi və hörmət hissi yaratmışdır.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident cənab İlham Əliyev iki qardaş ölkə arasında olan münasibətlərdən və Pakistanın ölkəmizə ciddi siyasi dəstək verməsindən bəhs etdi. İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda bir sıra mühüm məqamlara toxunuldu, önəmli açıqlamalar verildi. Azərbaycan və Pakistan arasında əlaqələr  bütün sahələrdə uğurla inkişaf edir. İki ölkə arasında ticarət həcmi artmaqdadır ki,  bu da əməkdaşlığın inkişafını təmin edir. Hərbi sahədə də Azərbaycan və Pakistan arasında əməkdaşlıq sürətlə inkişaf edir. İki ölkə arasında hərbi təlimlər və təcrübə mübadiləsi keçirilir. Azərbaycan və Pakistan orduları arasında əməkdaşlıq təlimlər yolu ilə daha da güclənir.

Ölkə başçısı xatırlatdı ki, Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Ölkəmiz yalnız hərbi gücü və Azərbaycan Ordusunun əzmi ilə  öz ərazi bütövlüyünü bərpa etdi. Danışıqlar və ya hər hansı bir vasitəçilik nəticə vermədi. Azərbaycan 3 min övladını şəhid verərək döyüş vasitəsilə ərazi bütövlüyünü bərpa etdi. Bu baxımdan qardaş ölkə Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Prezident cənab İlham Əliyev  vurğuladı ki, birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Ölkə başçısı vurğuladı ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Bakının müxtəlif yerlərində Pakistan bayraqları dalğalanır. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.Mətbuata verdiyi bəyanatında Prezident cənab İlham Əliyev Azərbaycan və Pakistan arasında perspektiv əməkdaşlıq istiqamətlərinə də diqqət çəkdi. Bura ticarət və sərmayə, enerji, təhsil, müdafiə sənayesi kimi kimi sahələr daxildir. Ölkələrimiz arasında enerji, eləcə də təhsil sahəsində əməkdaşlığın da böyük potensialı var.

Ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də bir sıra önəmli mesajlar səsləndirdi. Azərbaycan-Pakistan əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşmanın hökm sürdüyünü, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü bildirən  Baş nazir Məhəmməd Şahbaz Şərif münasibətlərin qarşılıqlı dəstək,  səmimiyyət və ehtiram üzərində qurulduğunu diqqətə çatdırdı.İki ölkə arasındakı münasibətlər qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulduğunu vurğulayan Məhəmməd Şahbaz Şərif onu da bildirdi ki, Pakistan xalqı da Azərbaycan xalqını sevir.

Nuridə Həsənova,
YAP Xətai rayon təşkilatının “ Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü