Məlum olduğu kimi, iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri baş tutmuşdur.
Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladım ki, Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub. Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.
Qardaş ölkə keçmiş münaqişə ilə bağlı öz qəti mövqeyini də bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bu sözləri deyib :"Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir".
Pakistanın Baş naziri ilə təmaslarının müntəzəm olduğunu və ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşdüklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Mən minnətdaram ki, cənab Baş nazir mənim səfərimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib”.Cənab İlham Əliyev bir nümunə ilə bu münasibətlərin dəyərini belə ifadə etmişdir:
“Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərlərinin fikrinin bölüşürlər və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır”.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxışında bildirdi ki, Azərbaycan dövləti ilə əməkdaşlıq əlaqələrimizdə qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür. Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Pakistan xalqı Azərbaycan xalqını qardaş və bacı olaraq sevir.
Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Azərbaycanın Ordusu çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir. Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Biz bu regionda sülhü təşviq edirik ki, xalqlarımızın mənafelərini qoruya bilək.
Qarat Qaratov,
Bakı şəhəri, Ə.Abbasov adına 257 saylı tam оrtа məktəbin direktoru,
YAP Xətai rayon təşkilatının "Sadiq 23" ünvanı üzrə ərazi partiya təşkilatının sədri