Məlumdur ki, dahi və uzaqgörən lider Heydər Əliyev Azərbaycan Xalq ədəbiyyatının və mədəniyyətinin qabaqcıl ictimai fikrinin qoruyucusu kimi Azərbaycanın tarixində şərəfli bir yer almışdır. Belə ki, onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı ilə əlaqədar gördüyü böyük işlər, müqayisə olunmayan cəsarət və fədakarlıq Azərbaycan tarixinin yaddaşına silinməz izlərlə yazılmışdır. O, Azərbaycanın yetişdirdiyi nadir simalardan biri, yenilməz Türk dünyasının qüdrətli, heyrət və möcüzə təsiri bağışlayan şəxsiyyətidir. Bu səbəblərdən XX əsr Azərbaycanın parlaq səhifələrinin bir dövrü kimi ümummilli lider Heydər Əliyevin adı ilə əlaqədardır. Dahi lider Azərbaycana dair həddindən çox dərin, əvəzsiz təfəkkürün dərin qatlarından keçə bilən fikirlər, dahiyanə təhlillər söyləmişdir. Bu fikirləri ifadə etmək, izah etmək üçün söz tapmaq qüvvəmiz xaricindədir. Onun hakimiyyəti dövrləri Azərbaycan Xalqının ictimai həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünyada bəşəri tanınması və qəbul olunması dövrüdür. Həmin dövrlərdə ölkədə Mikayıl Müşfiq, Hüseyn Cavid, Füzuli, Nəsimi, Cəfər Cabbarlı və s. yazarların heykəlləri qoyulmuş, Məhəmməd Füzulinin və Dədə Qorqudun yubileyləri Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində təbliğ olunmuşdur. Azərbaycan Xalqının mənəvi zənginləşməsində böyük xidməti olan yazıçı, şair, rəssam və s. xadimlərimiz ən yüksək adlara və dövlət mükafatlarına layiq görülmüşdür. Heydər Əliyevin “Yazıçıya, alimə, şairə, bəstəkara, rəssama mənəvi hörmət indi də var. Şəxsən məndə onlara qarşı belə hörmət həmişə olmuşdur və ömrümün axırınadək də belə qalacaqdır” deməsi ədəbi şəxsiyyətlərin yaradıcılığına, onların tarixi mövqeyinə obyektiv qiymət vermişdir. Ümumiyyətlə, söz adamlarına qarşı göstərilən dövlət qayğısı ölkəmiz müstəqillik qazandıqdan sonra da davam etmiş və etməkdədir. Dahi liderin ədəbiyyat və mədəniyyət sahəsində xidmətlərindən söz düşəndə onun folklora və folklor nümunələrinə biganə olmadığını da vurğulamaq lazımdır. O, dilin də inkişafını diqqətdən kənarda saxlamamışdır. Heydər Əliyevin ədəbiyyat adamlarına qarşı sevgisi birtərəfli olmamış, onlar da daim bu şəxsiyyətin fəaliyyətini müxtəlif janrlarda olan əsərlərlə işıqlandırmışlar. Göründüyü kimi, Heydər Əliyev hər bir ədibə xüsusi qayğı göstərmiş, onların daim layiqli dəyərlərini almalarına şərait yaratmışdır.
Böyük fəxr və qürurla qeyd etmək lazımdır ki, Dahi və uzaqgörən Lider Heydər Əliyevin ruhu əbədiyyata qovuşsa da, ruhu və bütünlüklə fəaliyyəti Azərbaycan Xalqının adı ilə bağlanmış o böyük insanın respublikanın ədəbi-mədəni həyatı, ədəbi mühitin formalaşması və inkişafında həlledici təsiri tarixi faktdır.

Tariyel Şixbalayev,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Xudu Məmmədov 3” ünvanı üzrə ərazi partiya təşkilatının sədri,
II Qarabağ Vətən müharibəsi qazisi