20 iyun 2023 19:31
343

Pakistan hər zaman Azərbaycanı dəstəkləyib

Milli müstəqilliyə qovuşan ölkələrin ilk atdığı addımlardan biri də qonşu ölkələrlə münasibəti düzgün qurmaq, düzgün xarici siyasət yürütmək, daha çox ölkələr tərəfindən tanınmağa nail olmaqdır. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra onu qorumaq üçün daxili siyasətlə bərabər xarici siyasət xəttini də müəyyənləşdirməyə başlamışdır. Bu barədə ümummilli lider Heydər Əliyev demişdir: “Müstəqilliyi qorumaq onu qazanmaqdan çətindir”

Azərbaycana ilk dəstək verən, müstəqillimizi tanıyan, bizimlə diplomatik əlaqələr quraraq dostluq edən ölkələrdən biri də Pakistan olmuşdur. Pakistan xalqı ilə Azərbaycanın dostluğunun tarixi XX əsrin əvvəllərinə gedib çıxır. Pakistanla Azərbaycanın dost-qardaş münasibətlərinin səbəbi ilə bağlı ən məşhur fikir Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayıldığı zaman şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərməsi ilə bağlıdır. İnternetdə dolaşan yazıya görə bununla da pandemiyanın qarşısı alınır və qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edir.

Bu məlumat Azərbaycan internet məkanında məşhur olsa da, sənədli yazılarda keçmir. Əlbəttə, Tağıyevin belə bir yardımı etməsini istisna etmək olmaz. Dünyanın müxtəlif bölgələrində müsəlmanlara yardım edən azərbaycanlı milyonçunun xəstəlikdən əziyyət çəkən Pakistan əhalisinə yardım etməsi mümkün idi. Bu cür tibbi yardımı dövlətlərarası siyasi münasibətlərin əsas səbəbi kimi izah etmək çətin olsa da, bu fakt yalnız əlaqələrə müsbət təsir edə bilərdi. 

Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. 

Azərbaycanla Pakistan arasında diplomatik əlaqələr Ümummilli Lider Heydər Əliyev yenidən ölkəyə rəhbərlik etdiyi illərdə daha da inkişaf etmiş və bunun nəticəsi olaraq 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.

9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan ediblər. Ümummilli Liderimiz həmin səfərdə Pakistan Prezidenti Pərviz Müşərrəflə də görüşmüş, iki ölkənin həm iqtisadi, həm hərbi məsələlədə bir – birini dəstəkləməsi haqqında razılığa gəlmişlər. Bu səfərdən sonra dahi lider Heydər Əliyev müxtəlif beynəlxalq konfranslarda Azərbaycanla Pakistanın dost ölkə olduğunu qeyd etmiş,  qardaş Pakistan xalqına, dövlətinə qayğısını ifadə etmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də ənənəyə sadiq qalaraq Ulu Öndərin siyasi xəttini davam etdirərərək  Pakistanla münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır.

Azərbaycan Respublikasının Baş Naziri İlham Əliyevin hələ 2003-cü il sentyabrın 25-də Pakistan Prezidenti Pərviz Müşərrəf arasında ilk görüş olub. Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. 2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana 3 günlük rəsmi səfəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb.

Bütün yuxarıda yazdıqlarımız cənab İlham Əliyevin sonrakı illərdə apardığı siyasi xəttin bünövrəsi rolunu oynadı. Bilirik ki, bizim mənfur qonşumuzla Qarabağ problemini həll edə bilməyimiz üçün davamlı danışıqlar böyük siyasi əhəmiyyətə malik olsa da, son sözü yenə cənab Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu dedi. Cənab İlham Əliyev prezidentliyi dövründə dəfələrlə Pakistan İslam Respublikasının dövlət rəhbərləri ilə görüşlər keçirmiş, Azərbaycanın dost mövqeyini həmişə çıxışlarında və bağlanmış sazişlərdə ifadə etmişdir.

İşğal olunmuş torpaqlarını azad edilməsi əməliyyatlarında bir sıra ölkələr Azərbaycanı açıq şəkildə dəstəkləyir. Bunların sırasında ən çox diqqət çəkən ölkələrdən biri də Pakistandır. Rəsmi İslamabad hər zaman Azərbaycana beynəlxalq platformalarda dəstək verib. Hazırda davam edən əməliyyatlarda Pakistan rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü dəstəkləyən açıqlamalar verib. 

Artıq Qarabağ düşmən tapdağından azad edilib, ərazi bütövlüyümüz təmin olunub. Qardaş ölkə ilə münasibətlər yenə də öz axarı ilə davam edir. İyun ayının 15-də Pakistan İslam Respublikasının Baş Naziri  Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə qonağı hörmətlə salamlayan cənab İlham Əliyev bir daha Pakistan – Azərbaycan dostluq münasibətlərinə öz münasibətini bildirdi: “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.

Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram.”

Öz növbəsində jurnalistlər qarşısında çıxış edən Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şahbaz Şərif cənab İlham Əliyevə minnətdarlığını bildirib: “Bu gün səhər mən Sizin böyük atanız Heydər Əliyevə hörmətimi ifadə etmək üçün Fəxri xiyabanda oldum. Hesab edirəm ki, Siz onun layiqli oğlusunuz. Fəxri xiyabanı ziyarət etmək mənim üçün böyük şərəf idi.Əminəm, dahi atanızın ruhu şaddır ki, Sizin rəhbərliyinizlə gözəl ölkəniz və xalqınız inkişaf edir”.

Bu cümlələr, bu ifadələr Azərbaycanda siyasi vəziyyətin nə qədər düz xətlə inkişaf etdiyinin bariz nümunəsidir. Hamı təsdiq edir ki, Azərbaycan inkişaf edir, xalq öz rəhbərinin ətrafında sıx birləşib.

Baş nazir çıxışının davamında :”Eyni zamanda, biz Şəhidlər xiyabanında da olduq. Orada bu ölkə uğrunda həyatını qurban verənlərin də ruhuna ehtiramımı bildirdim. Əziz Qardaşım, buraya gələndə yolboyu gördüklərim məndə çox dərin təəssürat yaradıb. Sizin gərgin əməyiniz və rəhbərliyiniz sayəsində ölkənizdə böyük işlər görülüb. Mən İslamabada qayıtmamışdan öncə Sizdən bir neçə xahiş edəcəyəm. Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib. Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik. Sizin Ordunuz çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa etmişdir. Pakistan Azərbaycanı hər zaman dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və biz bunu həyata keçirdik.

Məmnunam ki, Ermənistanla sülh sazişi üzərində artıq danışıqlar gedir. Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik.”

Bu gün dostun da, düşmənin də bizə hörmət bəsləməsinin əsas səbəbi güclü iqtisadiyyata, güclü orduya, güclü siyasi liderə malik olmağımızdır. Cənab Ali Baş Komandan İlham Əliyevi siyasi fəaliyyəti sayəsində güclü dövlətə sahibik. Azad edilmiş Qarabağ torpağında quruculuq işləri sürətlə davam edir. Bəzi ərazilərə artıq əhali köçürülməkdədir. Bu uğurlarımıza görə dünyanın lider dövlətləri də bizi dəstəkləməkdədir. Bütün bunlara görə cənab Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalıyıq.

Günel Səmədova,
YAP Xətai rayon təşkilatının "P.Həşimov 34" ünvanı üzrə ərazi partiya təşkilatının sədri