Müasir dövrdə Azərbaycan Respublikasını Pakistanla qırılmaz şəkildə bağlayan uzun tarixi keçmişə söykənən tarixi, mədəni və etnik bağlardır. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan ilk dövlətlər sırasına düşmüşdür. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci il tarixində yaradılmış, 1993-cü il martın 12-də isə Pakistanın Azərbaycanda səfirliyi açılmışdır. O zamandan bəri müxtəlif sahələrdə əməkdaşlıq genişlənmişdir.Azərbaycan və Pakistanın siyasi, iqtisadi və hərbi əməkdaşlıqları möhkəmlənmişdir. İki ölkə prezidentləri arasında tərəfdaşlıq və dostluq münasibətləri mövcuddur və bu, iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verir.
İki ölkə arasında energetika, texnologiya, təhsil, turizm və sairə sahələrdə iş birliyi perspektivləri mövcuddur.
Azərbaycan Respublikasının müstəqilliyinin bütün dövrlərində Pakistan dövləti həmişə Azərbaycan xalqının və dövlətinin yanında olmuş, Azərbaycanın Qarabağ bölgəsinin erməni faşistləri tərəfindən işğal olunması faktını beynəlxalq və regional müstəvidə dəfələrlə pisləmiş, açıq şəkildə Azərbaycanın siyasi və strateji mənafelərini dəstəkləmişdir. Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir
Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər.
Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır.
İki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətləri həm Azərbaycan, həm də Pakistanın regional və beynəlxalq arenada tərəfdaşlıq imkanlarını artırır.
İnanıram ki, bu münasibətlər əsasında daha geniş əməkdaşlıq sahələri açılacaq və iki ölkə arasında daha sağlam bağlar yaradılacaq.
Zülfiyyə Qənbərova,
Bakı şəhəri, Xətai rayonu 221 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü