20 iyun 2023 21:30
266

Heydər Əliyev və Hüseyn Cavid irsi

Həyatda, tarixdə elə insanlar var ki, onun haqqında danışmaq, onun fəaliyyətini araşdımaq  elə də asan məsələ deyildir. Səbəbi həmin insanın hərtərəfli olması və haqqında qısa şəkildə fikrini çatdırmağın olduqca çətin olmasıdır. Bu sözlər gəlişi gözəl sözlər olduğu üçün deyil, bir reallıq olan deyilən sözlərdir.Tarixdə belə şəxsiyyətlər çox azdır. Heydər Əlirza oğlu Əliyev məhz belə şəxsiyyətlərdəndir. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi həmişə onun fəaliyyətinin əsasını təşkil etmişdir.

XX əsrin 80-ci illərin sonunda Heydər Əliyevin SSRİ Nazirlər Sovetində tutduğu I müavin vəzifəsindən və Sov.İKP MK Siyasi Büro üzvlüyündən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq  istefa verməsindən sonra, bunu fürsət bilən ermənilər yenidən Azərbaycana qarşı ərazi iddialarını irəli sürdülər. Mənfur düşmən xarici qüvvələrin və havadarlarının  köməyi ilə ərazimizin 20 faizini işğal edərək elə  havadarlarını yardımı ilə də 30 il ərzində torpaqlarımızı öz nəzarəti altında saxlaya bildi. Xarici təhlükə və ölkəmizin daxilində təlatümlərin baş verdiyi dövrdə Heydər Əliyev yenidən 1993-cü il iyunundan  Azərbaycan Respublikasına rəhbərlik etməyə başladı.O, ölkəmizi parçanmaq təhlükəsindən  qorudu. Onun son dərəcədə zərgərlik dəqiqliyi ilə tərtib etdiyi tədbirləri nəticəsində müəyyən müddət sonra ölkəmizdə əminamanlıq bərqərar edildi və  işğal olunmuş torpaqlarımızın yenidən azad olunmasının təməli qoyuldu. Onun layiqli  davamşısı prezident İlham Əliyevin komandanlığı ilə qəhrəman əsgərlərimiz 2020-ci ilin payızında II Qarabağ müharibəsidə mənfur düşməni darmadağın edərək bizə qələbə sevincini  yaşatdı, 30 illik işğala son qoydu.

Qarşısında böyük vəzifələrin olmasına baxmayaraq, hansısa bir məsələni diqqətdən kənar qoymayan Heydər Əliyevin  elm, incəsənət, mədəniyyət məsələlərini daim diqqət mərkəzində saxlaması xüsusi qeyd edilməlidir. 1980-ci ildə Bakıda İmadəddin Nəsiminin heykəlinin qoyulması,1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin geniş miqyasda və yüksək səviyyədə təntənə ilə qeyd olunması, 1982-ci ilin yanvar ayının 14-də Şuşada Molla Pənah Vaqifin Məqbərəsinin açılması, 2000-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi qeyd edilməsi, Hüseyn Cavid irsinə, şəxsiyyətinə göstərdiyi diqqət və s.bunun ən bariz nümunəsidir.

    Azərbaycan şairi, yazıçı və dramaturqu, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi ,milli romantik şeirin və mənzum faciənin banisi  Hüseyn Cavid  SSRİ-nin  Stalin başda olmaqla sosializm qurucularını və quruculuğunu   mədh etmədiyindən 1938-ci ildə əsassız ittihamlarla həbs edilmiş,işgəncələrə baxmayaraq ləyaqətini mətinliklə qorumuş və əsassız ittihamlarla sürgünə göndərilmişdi. 1941-ci ilin dekabrındə  sürgündə olduğu İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində  59 yaşında vəfat etmiş və  59 saylı qəbirdə torpağa tapşırılmışdı.

 Ölümündən 15 il sonra 1956-cı il martın 6-da Hüseyn Cavidin bəraətinə nail olan Azərbaycan rəhbərliyi  onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd   göstərsə də, bu məsələnin həllinə  öz titanik fəaliyyəti ilə  Heydər Əliyev nail ola bilmişdir. Onun 1982-ci il 12 oktyabr tarixli göstərişi ilə Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul edildi. 1982-ci ilin oktyabrın 26-da isə Hüseyn Cavidin cənazəsinin qalıqları Azərbaycana gətirildi və doğulub boya başa çatdığı  Naxçıvanda dəfn olundu.

Heydər Əliyevin Hüseyn Cavidin qızı Turan ilə söhbətindən məlum olur ki, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Naxçıvanda onun ilk ana dili müəllimi olmuşdur. Heydər Əliyev bu barədə ona demişdi: «Mənə ilk Azərbaycan dilini öyrədən Şeyx Məhəmməddir. Gözəl müəllim idi. Amma çox tələbkardı... Mənə 5-ci sinifə qədər o dərs deyib.”

Hələ 1992-ci ildə Naxçıvan Muxtar Rezpublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən Hüseyn Cavidin 110 illik yubileyi münasibətilə keçirilən yığıncaqdakı nitqində Ulu Öndər 1981-ci ildə Azərbaycan KP MK, Azərbaycan Nazirlər Soveti Hüseyn Cavidin 100 illik yubileyi haqqında qərarından irəli gələn tədbirlərin yarımçıq qalmasından təəssüflənmişdi. Hüseyn Cavidin  anadan olmasının 114 illiyi münasibəti ilə Naxçıvanda 1996-cı il 29 oktyabrında  onun məqbərəsini açılışında  çıxışında  Heydər Əliyev 1990-cı ildə Naxçıvana qayıdış gününü xatırlayaraq bu sözləri demişdi :”Naxçıvanlılar mənimlə görüşə gəlmişdilər.... Mən isə dedim ki, ilk addımımı Hüseyn Cavidin məzarının üzərinə doğru atacağam. Belə də oldu. Buraya gəldim, Hüseyn Cavidin qəbrini ziyarət etdim.

1982-ci ildə Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi... Bu, mənim də qərarım idi ki, cənazə Naxçıvana gətirilsin. Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş bir torpaqdır.. Hüseyn Cavidin cənazəsinin Naxçıvanda torpağa verilməsi həm Hüseyn Cavidin ruhuna olan hörmət idi, həm də Azərbaycanın ayrılmaz hissəsi, müqəddəs guşəsi olan Naxçıvana hörmət və ehtiramın əlaməti idi....”

Daha sonra Heydər Əliyev deyirdi: “Vaxt var idi, Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan etdilər. Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu millətçi, pantürkist, antisovet adam adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri yaşadı...”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Hüseyn Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Mən son olaraq fikirlərimi yekunlaşdıraraq demək istərdim ki, tarix keçmişi öyrənmək və bilməklə cəmiyyəti gələcəklə bağlı düzgün  qərar verməsinə sövq edir və milli kimliyimizin qorunmasında böyük rol oynayır. Müxtəlif səbəblərdən tarix ədəbiyyatında əksini tapmayan milli kimlik və milli şüur məsələrinin təbliğində isə ədəbiyyat özünəməxsus yer tutur.Bununla bağlı hələ SSRİ dövründə daim Azərbaycanın müstəqilliyini ,milli şüur ,milli oyanınışı düşünən Ulu Öndər bu sözləri demişdir, “..Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xaıqımıza birinci növbədə ədəbiyyatdan keçir.”

Bu səbəblə Ulu Öndərin Hüseyn Cavidə, Nizamiyə, Nəsimiyə ,digər elm və incəsənət xadimlərinə olan diqqətinin mərkəzində  hansı  amilin  dayanması məhz onun vətən sevgisi, vətənə olan məhəbbətindən irəli gəldiyi bir daha aydın görünür.

Yusif Rüstəmov,
Bakı şəhəri, 287 saylı Zəkalar liseyinin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü