Din özü-özlüyündə və xüsusilə də ona saf və təmiz niyyətlə yanaşdıqda olduqca sadə, ülvi və çox faydalıdır. Lakin dinə radikallıq, siyasətbazlıq, məzhəbçilik və digər bu kimi ifrat və natəmiz niyyətlərlə yanaşdıqda bəlkə də atom və kütləvi qırğın silahlarından təhlükəli amilə çevrilə bilər. Dini-ideoloji cərəyanların maraqlarını ölkə mənafeyindən üstün tutmaq hər hansı bir xarici qüvvənin təsiri altına düşərək cəmiyyətin və dövlətin təhlükəsizliyinə yönəlmiş dağıdıcı fəaliyyət göstərmək deməkdir
Din: Müasir dövrdə ən çox spekulyasiya və manipulyasiyaya məruz qalan məfhum
Bu spekulyasiyalar əsasən siyasi müstəvidə qeydə alınır. Çünki fərqli siyasi qüvvələr bir çox hallarda dindən korporativ maraqların təmin olunması üçün vasitə kimi istifadə edirlər. Xüsusilə də müəyyən dövlətlərin və kəşfiyyat orqanlarının dəstəyi ilə bəlli dini-ideoloji cərəyanların nümayəndələri fərqli ölkələrdə fəaliyyət göstərərək siyasi platformada təmsil olunurlar. Əlbəttə ki, bu kontekstdə müəyyən təbliğat işləri aparılır, xüsusilə də sosiumun ən dinamik təbəqəsi kimi çıxış edən gənclər, bir çox hallarda dövlət qurumları kimi strateji müəssisələrdə çalışanlar hədəf kütləsi kimi seçilir.
Dinin siyasiləşdirilməsi olduqca təhlükəli tendensiyadır. Şübhəsiz, dinin siyasiləşdirilməsi, yaxud dindən siyasi vasitə kimi istifadə olunması kifayət qədər təhlükəli nəticələr vəd edir. Birincisi, dini təriqət və qruplaşmaların siyasi proseslərə qoşulması həm cəmiyyət daxilində, həm də bu zəmində xaotik proseslərin yaranmasını şərtləndirir. İkincisi, bu zaman milli maraqlar yox, dini-ideoloji cərəyanların tələbləri əsas götürülür. Amma bütün bunlarla yanaşı, dinin siyasiləşdirilməsinin, yaxud dindən siyasi vasitə kimi istifadə olunmasının qarşısının alınması üçün kifayət qədər effektiv tədbirlər görmək mümkündür. Bunlar sırasında ilk növbədə etiqad azadlığına dair təkmil qanunvericiliyin yaradılması vacibdir. İkincisi, milli təhlükəsizliyin tərkib hissəsi olan dini təhlükəsizliyin təmin olunması, müxtəlif təriqət və cərəyanların fəaliyyətinə qanunlar çərçivəsində nəzarətin həyata keçirilməsi vacibdir. Üçüncüsü, din-dövlət münasibətləri yalnız konstitusion normalar və yerli qanunvericilik çərçivəsində tənzimlənməlidir...
Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir
Dövlət dini sahədə siyasətinin həyata keçirilməsində bir neçə prinsipi rəhbər tutur: Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Ali Qanunda, həmçinin göstərilir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Beynəlxalq qurumlar tərəfindən Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir.
Azərbaycan - hər kəsə vicdan və dini etiqad azadlığının təmin edildiyi dünyəvi dövlətdir. Dövlət dinlə bağlı siyasətini dünyəvi və dini dəyərlər sistemləri arasında harmonik birgəyaşayış və qarşılıqlı hörmət əsasında həyata keçirir. Bundan əlavə ölkədə davam edən dini durum müasir mediadan dini məsələlərin işıqlandırılmasında köklü yeni yanaşma və metodlar işləyib hazırlamağı, o cümlədən dini vəziyyətin yaxşılaşdırılması üçün dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı fəaliyyətində həlqə çevrilməsini tələb edir.
Müstəqillik qazandıqdan sonra ölkəmizdə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib, din-dövlət münasibətlərini tənzimləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yaradılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatına üzv olub, müsəlman dövlətləri ilə diplomatik əlaqələr qurub. İslam dünyasının bir parçası olaraq Azərbaycan milli mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxlayır. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlər də məhz müsəlman dövlətləri olublar. Bu gün Azərbaycan bütün müsəlman dövlətləri ilə qarşılıqlı hüquq normalarına əsaslanan diplomatik münasibətlər qurub. Bu gün müasir və azad Azərbaycan Respublikası daxilində DQİDK-nin ciddi və ardıcıl fəaliyyəti nəticəsində ayrı-ayrı ölkələr və xarici dairələrin Azərbaycan xalqını bəzi dağıdıcı quruplaşmalar, ziyanverici dini tədbirlər, kitablar, söhbətlər və s. vasitəsilə yad və mənfi təsir dairəsində saxlamaq şansı kifayət qədər azalsa da, onların media üzərindən, xüsusilə də sosial şəbəkələr vasitəsilə təsir imkanları geniş, həm də inkaredilməzdir.
DQİDK-nın hazırda ən mühüm vəzifələrindən biri də, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyalar və icmalara aid media vasitələri, xüsusilə də, ayrı-ayrı ölkələrdən idarə olunan media qurumlarına nəzarəti ələ almasından ibarət olmalıdır. İndiyədək bununla bağlı ölkə daxilində bir sıra addımlar atılsa da, hələlik sosial media üzərindən fəaliyyət göstərən fərqli sayt, səhifə və platformalara nəzarət yoxdur. Bu da, təbii ki, ölkə daxilində dinlə bağlı müəyyən problemlərə yol aça bilər və əslində açır… Qeyd etmək lazımdır ki, bu, təkcə DQİDK-nın deyil, onunla yanaşı, təhlükəsizlik və digər aidiyyəti qurumların da, vəzifəsi sayılır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu gün Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır.
Azərbaycan dünyaya tolerantlıq nümunəsi bəxş edib.
Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti fundamental mahiyyət kəsb edən qanunlar çərçivəsində vətəndaşlarının dini etiqad azadlığını ən yüksək səviyyədə təmin etməkdədir. Belə ki, bu məsələdə dövlətin və aidiyyəti strukturların mövqeyi ondan ibarətdir ki, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından, o cümlədən dini etiqad azadlığından ictimai asayişə, ən əsası, milli maraqlara zidd olmamaq şərti ilə yararlana bilər.
Media və dini təhlükəsizlik
Bəzi ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur. Bu sabitliyi gözü götürməyən qüvvələr media, əsasən də sosial medianın imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi, dini qarşıdurma yaratmağa çalışırlar. Bəzi qrupların öz maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini və milli-mənəvi dəyərlərin bəzi maraqlı qüvvələrin alətinə çevrilməsi, xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsinin təhlükələri, eyni zamanda, bu istiqamətdəki təhdidlərin qarşısının alınmasında medianın üzərinə böyük vəzifələr düşür. Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb, onların müdafiəsində dayanıb. Mətbuatımızın bünövrəsi sayılan “Əkinçi” qəzeti də milli dəyərlərə söykənib, özündən sonrakı nəşrlərə gözəl örnək olub. Unudulmamalıdır ki, böyük mütəfəkkir Həsən bəy Zərdabi ilk milli qəzetimizi yaradarkən məhz maarifçilik xəttini önə çəkmişdi. Milli mətbuatımız bu baxımdan möhkəm dayaqlar üzərində təşəkkül tapıb. Azərbaycanın keçdiyi yola nəzər salanda ötən illər ərzində yaşanan təbəddülatlar fonunda milli mətbuatımızın özündə güc tapıb inkişaf etməsi təqdirəlayiq haldır. İnsanların maariflənməyə həmişə ehtiyacı var, xüsusən qloballaşma dövründə milli mətbuatın ən ümdə vəzifələrindən biri xalqımızın milli-mənəvi, dini-əxlaqi dəyərlərini düzgün şəkildə təbliğ və təşviq etməkdir.
Media Azərbaycanda dini təhlükəsizliyin tam təmin olunması, gənc nəslin sağlam ideologiyada yetişməsində böyük rol oynayır. Həm ziyalılarımız, həm də jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirməlidir. Bu baxımdan Azərbaycan Mətbuat Şurasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu mövzuda keçirdiyi çoxlu sayda davamlı maarifləndirici tədbirlər xüsusi əhəmiyyətə malikdir.
Bu gün Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər. Ölkədə dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var. Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Bunun nəticəsidir ki, həm qonşu, həm də digər ölkələrə casusluq etmiş, eyni zamanda Yaxın Şərqdəki silahlı qarşıdurmalarda iştirak etmiş şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunublar. Ölkəsinə və dövlətinə xəyanat etməyi ağlının ucundan keçirməyi düşünənlər bilməlidir ki, onların aqibəti heç də yaxşı olmayacaq. Onların müəyyən edilməsi heç də çətin olmayacaq və ömürlərinin böyük hissəsini dəmir barmaqlıqlar arxasında keçirəcəklər.
Dindən siyasi məqsədlər naminə sui-istifadə meyillərinin açıq sezildiyi bölgə və ölkələrdəki acınacaqlı durum bir daha belə məsələni gündəmə gətirir ki, din mənəvi amil olaraq doğru-düzgün, elmi şəkildə əsaslandırılmış şəkildə cəmiyyətə təqdim olunmalı, onun dəyərlər sistemi, əxlaqi, fəlsəfi, bəşəri idealları lazımi şəkildə təlqin olunmalıdır. Təbii ki, bu işdə Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq istəyən, dini təhlükəsizliyə hər hansı zərər vurmaq istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.