21 iyun 2023 00:57
482

Laçın möhtəşəm tarixi anlarını yaşayır

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan tarixi Qələbə qazandı. 28 illik erməni işğalına son qoyuldu, Qarabağ Azərbaycana qaytarıldı. Tarixi ədalət bərpa olundu, respublikamızın ərazi bütövlüyü təmin edildi. Ali Baş Komandan İlham Əliyevin hərtərəfli düşünülmüş daxili və xarici siyasəti, hərbi-siyasi strategi­yası, ordumuzun şücaəti və yüksək peşəkarlığı, xalqımızın milli həmrəyliyi və birliyi sayəsində silahlı qüvvələri darmadağın olan işğalçı ölkə diz çökdü və kapitulyasi­ya aktına imza atdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində Ağdam, Kəlbəcər rayonları və Laçın rayonunun böyük bir hissəsi demək olar ki, bir güllə atılmadan düşməndən azad edildi. Həmin vaxt Ali Baş Komandan İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edərək demişdir: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz -Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Dövlətimizin başçısı qeyd etmişdi ki, ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

Müharibə başa çatan kimi qısa müddətdə Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verildi. Həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, hazırda Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar inşa olunub. Hazırda Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməlini qoyub. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr nəzərdə tutulub. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

2022-ci il sentyabrın 20-də dövlətimizin başçısı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Qarabağa və Şərqi Zəngəzura vaxtaşırı səfərlər edən Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin, və “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib. Dövlət başçısı, həmçinin İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.

Həmin gün ölkəmizin başçısının iştirakı ilə Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub. Layihələndirilən bu yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissəsində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasir tipli yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləşməsi ərazinin relyefi, demoqrafik tələbləri, sosial, məişət və sanitar xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb. Yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırılıb.

Bundan başqa, ərazidəki idman sağlamlıq mərkəzində müxtəlif idman növləri üzrə və üzgüçülük hovuzu ilə birlikdə iaşə obyektləri, inzibati və digər köməkçi sahələr yaradılacaq. Eyni zamanda, yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur. Ölkəmizin başçısı

Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. İyunun 19-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə - 48 nəfərin köçürülməsi baş tutub. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 57 ailə, yəni 217 nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün bunların fonunda böyük qürur hissi ilə demək olar ki, bu gün Laçın möhtəşəm tarixi anlarını yaşayır

Zahid Rza, “İki sahil”