Sülh sazişi üzrə danışıqların intensivləşdiyi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin geniş vüsət aldığı indiki dönəmdə düşmən ölkə yenə öz ampluasındadır. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Laçın yolundakı Həkəri sərhəd-keçid məntəqəsində törətdiyi təxribatdan sonra Kəlbəcər, Gədəbəy, Naxçıvan, həmçinin Ağdam və Şuşa istiqamətlərində mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutur. Üstəlik, düşmən müxtəlif istiqamətlərdə əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirir ki, bu da onların təxribatlarının miqyasını genişləndirmək niyyətlərindən xəbər verir. Hətta Ermənistan avropalı müşahidəçiləri təxliyə etməklə təmas xətləri boyunca bir nömrəli hazırlıq elan edib. Bu barədə Ermənistan mətbuatında müəyyən xəbərlər yayılıb. Məsələn, Ümumerməni Milli Dövlət Partiyasının sədri Artur Vardanyan bununla bağlı açıqlama verib. Hələ bütün bunlar azmış kimi feyk xəbərlər yaymaq üzrə ixtisaslaşan rəsmi İrəvan Azərbaycan Ordusunun bölmələri tərəfindən ərazilərinin atəşə tutulduğunu iddia edir. Bununla da özünü dünya ictimaiyyətinə “aydan arı, sudan duru” kimi sırımaq istəyir. Nə yazıq ki, bəzi fransız rəsmiləri hələ də onların çaldıqları ilə oynamaqdadır. Bu günlərdə 170-dən çox fransız deputat Azərbaycanın 2020-ci ilin payızında qazandığı qələbədən sonra Ermənistanın müdafiəsiz vəziyyətdə qaldığını iddia edərək sülh prosesinə əngəllər yaradan rəsmi Parisi təcavüzkar ölkəni dəstəkləməkdə israrlı olmağa çağırıblar. Hətta bildiriblər ki, guya Ermənistan diktator dövlətlərin istisnasız hökm sürdüyü regionda demokratik dəyərləri təcəssüm etdirməklə yanaşı, xristian mədəniyyətinin avanqard rolunu öz üzərinə götürüb. Şübhəsiz, bütün bunlar Ermənistanın son günlər öz havadarlarından yeni təlimatlar almasından qaynaqlanır.
Təmas xətlərindəki bu kimi təxribatlar Xankəndidəki separatçıları da “fəallaşdırıb”. Transmilli cinayətkarlıqla məşğul olduğuna görə Ukrayna tərəfindən beynəlxalq axtarışa verilən, ötən ilin sentyabrında Kreml tərəfindən Xankəndiyə “ezam edilmiş” erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan yenə “iş başındadır”. Belə ki, suveren ərazilərimzdə separatçılıq meyillərini gücləndirən bu avantüristin rəhbərlik etdiyi qondarma “Artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi”nin şura üzvləri Qarabağın rayonlarına səfərlərə hazırlaşır. Məlumatlara görə, bu səfərlərdə əsas məqsəd mitinqlər təşkil etməklə Qarabağın dinc əhalisini Azərbaycan əleyhinə qaldırmaqdan ibarət olacaq.
Həm təmaz xəttində, həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndidə baş verən olaylar göstərir ki, Azərbaycanın dövlət suverenliyinin tam bərqərar olmasının, daha doğrusu, məlum 10 noyabr Bəyanatının müddəalarının yerinə yetirilməsinin qarşısını almaq məqsədilə separatçılar öz havadarlarının dəstəyi ilə müxtəlif oyunlardan çıxırlar. Ancaq bu kimi hadisələrin xronologiyası bir daha belə deməyə əsas verir ki, onların istəkləri elə oyun olaraq qalacaq.
Qarabağdakı separatçılar və onların havadarları anlamalıdırlar ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə regionda yeni reallıqlar yaradıb, həmçinin Cənubi Qafqazda söz sahibinə çevrilib. Artıq dünya tərəfindən təqdir olunan yeni reallıqları bu kimi təxribatlarla dəyişdirmək mümkün deyil. Bu mənada Ermənistanın yeni reallıqlar çərçivəsində hərəkət etməkdən başqa yolu yoxdur. Necə deyərlər, bulanıq suda balıq tutmaq zamanı artıq bitib.
Digər tərəfdən, Prezident İlham Əliyevin bildirdiyi kimi, biz sadəcə olaraq, dözüm göstəririk: “Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var”.
Qvami Məhəbbətoğlu, “İki sahil”