Görünür, İran rejiminin rəhbərləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də Bakıda verdiyi mesajına elə cavab tapmağa çalışırlarmış ki, "nə şiş yansın, nə kabab." Nəhayət, çox baş çatladandan sonra özləri üçün məqbul hesab etdikləri cavabı tapıblar.
"İran Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasının əleyhinə deyil. Türkiyə bundan narahat olmasın."
Bu sözləri İranın dini lideri Seyid Əli Xameneinin sözçüsü Seyid Həsən Amili Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır” açıqlamasına münasibət bildirərkən deyib.
O bildirib ki, İranın Ermənistan ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi yaratmaqla bağlı heç bir problemi yoxdur: “İran 20 ilə yaxındır Azərbaycana öz ərazisindən Naxçıvanla əlaqə saxlamaq üçün istifadə etmək imkanı verib. Müharibə və işğal illərində Biləsuvar və Culfa üzərindən Azərbaycanla Naxçıvan arasında daşımalar həyata keçirilib. İndi də bu yol Azərbaycan avtomobilləri üçün açıqdır. Əgər Ermənistan öz ərazisi ilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmağa imkan verməsə, biz İran ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən daha yaxşı yol çəkməyə hazırıq. Azərbaycan, Naxçıvan və Türkiyəni İran torpaqları birləşdirməlidir. Hər iki marşrutla Türkiyə öz mallarını Orta Asiyaya rahatlıqla daşıya bilər”.
Amili sözünün davamında iddia edib ki, Azərbaycan və Türkiyə “daşınma” yox, “torpaq sahibi” olmaq istəyir. Bax, elə burada da Seyid Həsən öz xislətini büruzə verib, yəni yüz hiylə ilə gizlətməyə çalışdığı iyrənc sifətini göstərib. Əlbəttə, molla rejimi tarix boyu bizə etdiyi düşmənçilikdən sonra ona inam haqqında heç kəlmə kəsməyə də dəyməz. Onlar ilan dili çıxarsalar da keçməz. Rəvayət də olsa özündə həqiqət ehtiva edən qartalla ilanın "dostluğunu" unuda bilmərik.
Hazırda Ermənistanın arxasında durub onu sülh müqaviləsini pozmağa yönəldənlərdən birincisi elə molla rejimidir. Bizim düşmənimizə hər cür hərbi dəstək göstərənlər nə qədər "dostam" desələr də boğazdan yuxarı olacaq, çünki onlar bizə dost ola bilməzlər. Bu gün Ermənistan İranın PUA-ları ilə silahlandırılır, Qarabağda Azərbaycana qarşı döyüşmək üçün terrorçular göndərir.
"Azərbaycanlılara yol vermişik" deyən Amili o yolu nə üçün verdiklərini açıqlamır. Açıqlasa deməlidir ki, Qarabağın ermənilər üçün boşaldılmasına kömək edirdik. Bunun ilk "nümunə"sini onlar 1992-ci ilin mayında göstəriblər. O zaman İran rəhbərləri Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədovu İrana çağırıb başını qatmış, ermənilərə Şuşanı işğal etməyə şərait yaratmışdılar. Bu və digər saysız-hesabsız faktlar unudulmayıb. Bəlkə ağayi- Amili bizi yaddaşsız hesab edir? Əgər elədirsə, onda çox yanılır. 1828-ci ildən üzü bəri tarixi vərəqləsin, əvvəl şah, sonra isə fars-molla rejiminin Azərbaycana daha hansı faciələri gətirdiyini bir-bir yadına salsın. Biz Amili və onun kimilərdən nə dürüstlük, nə insanlıq, nə də humanizm gözləyirik. Çünki bir milləti ikiyə parçalayıb zülm altında əzmək insanlığa və humanizmə tamamilə ziddir. Ancaq İran geci-tezi bir gün Azərbaycan xalqına etdiyi düşmənçiliklərin bədəlini ödəməli olacaq. Çünki dünyanın ən əzazil imperiyaları belə öz zülmündə boğularaq məhv olub və tarixin arxivlərində qalıblar. Şər yuvaları istər mövcud olduqları zamanda, istərsə də torpağa gömüləndən sonra hər vaxt nifrətlə yad olunurlar.
Vəli İlyasov, "İki sahil"