20 iyun 2023 15:31
410

Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına böyük töhfə

XX əsr Azərbaycan mədəniyyətinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1982-ci ildə Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi, bu gün Cavidlərin birgə uyuduğu möhtəşəm məqbərənin tikilməsi Ulu Öndər Heydər Əliyevin böyük qəhrəmanlığı, misilsiz rəşadəti, təkcə Cavidə deyil, ümumən Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikrinə tarixi ehtiramı idi. O, 1995-ci ildə Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiş müşavirədə demişdir: “Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır”.

Heydər Əliyevin həmin çıxışında tənqidi bir məqam da var: “Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib”. Ulu Öndər Heydər Əliyev 1981-ci il qərarına böyük önəm verir, fəqət onun vaxtında həyata keçirilməməsinə dönə-dönə təəssüflərini bildirirdi. Ümumən o, bütün fəaliyyətində ardıcıl şəxsiyyət idi, başladığı işi, verdiyi qərarı mütləq axıra çatdırırdı. Ulu Öndər 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqində demişdir: “Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, “Mömünə Xatun” abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır”.

Tarix Heydər Əliyevin böyük uzaqgörənliyini əzmlə təsdiq etdi. Bu gün Naxçıvanda Cavid  məqbərəsi xalqın müqəddəs ziyarətgahına çevrilib, xalqımız onu yaradanları dualarla yad edir. H.Cavid məqbərəsi həm də ulu Naxçıvanın memarlıq bəzəyi kimi tarixə daxil olub.

Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, romantik şair və filosof  H.Cavid haqqındakı fikirləri müasir cavidşünaslığın metodoloji əsaslarını müəyyən edir: Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid  Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin  bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur.

Aygün Məmmədova,
287 nömrəli Zəkalar liseyinin ingilis dili müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü