20 iyun 2023 15:55
416

Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxıb

Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr nə Azərbaycan dövlətçiliyini, nə də onun ayrılmaz parçası olan Naxçıvanı qorumaq iqtidarında idilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. O vaxtkı bacarıqsız iqtidar mənsubları blokadada olan Naxçıvana kömək göstərmək əvəzinə Heydər Əliyevə qarşı mübarizəyə başlamışdılar. 1992-ci ilin oktyabrında Heydər Əliyevə qarşı qəsd həyata keçirməyə, onu Naxçıvan rəhbərliyindən devirməyə cəhd də etdilər. Lakin bu cəhdlər uğursuzluğa məhkum idi. Həmin ağır şəraitdə Heydər Əliyev böyük dövlət adamı, qətiyyətli və iradəli siyasətçi olduğunu sübut etdi. Ulu Öndərin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrudür. Bu dövrdə Heydər Əliyev Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etdi, Naxçıvanda Azərbaycan ordusunun güclü birləşmələri formalaşdı və ermənilərin hücumlarına qətiyyətlə cavab verildi. Onun təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul etdi, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə yazdı, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndər oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı, konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını qətiyyətlə bəyan etdi. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi, müharibədə atəşkəsə nail oldu. Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratdı, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir.

Geosiyasi maraqların toqquşduğu bir dövrdə Heydər Əliyev dünyanın diqqətini yenidən Azərbaycana yönəltdi. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsinə dair imzalanan "Əsrin müqaviləsi" dünya əhəmiyyətli mühüm iqtisadi çəkisi olan layihə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi və ölkəmizin müttəfiqlərinin sayını artırdı. "Əsrin müqaviləsi"nin imzalanması, imzalanan digər müqavilələr, onların gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Yeri gəlmişkən, neft müqavilələrinin ən böyük əhəmiyyətli cəhətlərindən biri ondan ibarətdir ki, bu sazişlər Azərbaycan xalqının özünün bütün sərvətlərinin əsl sahibi olduğunu bütün dünyaya göstərmiş, dünya iqtisadiyyatının neftlə bağlı olmayan nəhəng strukturlarının diqqətini Azərbaycana yönəltmiş, ölkədə iqtisadiyyatın qeyri - neft sektorunun inkişafına güclü təkan vermişdir.

1995-ci il noyabrın 12-də Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Həmin il Azərbaycanda keçirilən ilk parlament seçkiləri ölkəmizin demokratiya yolunda inamla irəlilədiyini bir daha təsdiqlədi. Ümummilli Liderin xarici siyasətdə milli mənafelərin qorunması ilə bağlı strategiyası isə Azərbaycanın bu geosiyasi müstəvidə maneəsiz hərəkətinə geniş imkanlar açdı. Bununla da Azərbaycan dünya siyasətində mühüm faktora çevrildi. Ulu öndər Heydər Əliyev məhz belə bir dövrdə, siyasi çəkişmələrin mövcudluğu şəraitində Azərbaycanın xarici siyasətinin konturlarını cızdı. Azərbaycan diasporunun formalaşdırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində real tədbirlər gördü.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük və məqsədyönlü addımlar atıldı, ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramlar qəbul edildi, bu irimiqyaslı sənədlər ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaratdı.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq sabit inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Dövlətimizin başçısının yürütdüyü siyasətin başlıca məqsədi, atdığı bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Qüdrətli və güclü dövlətə çevrilən Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsi olmuşdur. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. Prezident İlham Əliyev müqəddəs bir vəzifəni - Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı. Zəfər Paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, dövlətinin gücünün göstəricisi, xalqın çoxdan arzuladığı tarixi bir hadisənin təsdiqi oldu. Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut etdi. Bu müqəddəs yolun, bu şərəfli missiyanın bünövrəsi 15 İyun-Milli Qurtuluş Günündən başlamışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının vurğuladığı kimi, Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə - istər daxili, istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmişdir və qələbə qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bugün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.

Arif Cəlilov,
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (QSC) İstehsalat Xidmətləri İdarəsi,
YAP Xətai rayon təşkilatı, ”DƏNİZÇİLƏR “ ərazi partiya təşkilatının sədri