Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfərinin əhəmiyyəti böyükdür. Bu səfər zamanı onun Prezident İlham Əliyevlə səmim görüşləri və aparılan danışıqların nəticələri bir daha göstərdi ki, hər iki dost ölkə münasibətlərini ən yüksək səviyyəyə çatdırmaqda maraqlıdır. Müstəqillik illərində Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi daim yüksələn xətlə inikas etmişdir. Pakistan və Azərbaycan arasındakı mədəni irs, qlobal və regional məsələlərlə bağlı əməkdaşlıq dövlətlərarası münasibətlərin yüksək səviyyədə oldugunu göstərir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan edəndən bu günümüzə qədər Pakistana fərqli siyasətçilər rəhbərlik etsələr də, o cümlədən ölkənin siyasi kursu bir qədər dəyişsə də, bu dövlətin Azərbaycana olan münasibəti heç vaxt dəyişməyib. Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Birmənalı şəkildə Pakistan hər zaman Azərbaycanın yanında olub. Ölkəmizə xoş münasibət Pakistanın dəyişilməz dövlət siyasətidir və bu qardaşlığı dövlətimiz və xalqımız hər zaman hiss edib. Pakistan-Azərbaycan münasibətləri yalnız indi və 44 günlük Vətən müharibəsi zamanı deyil, həmişə yüksək səviyyədə olub. Hər iki ölkə istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də ikitərəfli münasibətlərdə bu vaxta qədər nümunəvi münasibətlər sərgiləyib. Münasibətlərin yüksək səviyyədə qorunması ölkə rəhbərlərinin bu əməkdaşlığa böyük önəm verməsindən irəli gəlir.
Pakistanın bu qətiyyətli mövqe isə yalnız Azərbaycan-Pakistan münasibətləri çərçivəsində yox, bütövlükdə islam dünyasının həmrəyliyi baxımından çox önəmli olan amil və islam həmrəyliyi konsepsiyasını ehtiva edən ən gözəl nümunələrdən biri olmaqla Azərbaycanla ortaq tarixi keçmişi bölüşən, “din qardaşımız” olsa da təcavüzkar Ermənistanla əqidə və iman ortağı olan İran üçün də haqq yoluna gəlməsi baxımından istinad edə biləcəyi önəmli nümunədir. Son zamanlar Türkiyə, Pakistan və Azərbaycan birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesindəki əməkdaşlıq, regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, idxal-ixrac əməliyyatlarının qarşılıqlı şəkildə artırılması kimi məsələlərdə razılığa gəlinməsi Pakistan-Azərbaycan münasibətlərinə öz müsbət təsirini göstərəcəkdir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri