Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də Azərbaycana səfəri ənənvi dostluq və qardaşlığımıza yeni töhvə verdi. Xüsusilə qeyd etməliyik ki, bu səfər Onun siyasi mübarizədən - Prezident seçkilərindən qalibiyyətlə çıxmasından sonra reallaşdı. Dünya 44 günlük Zəfər müharibəsində, həmçinin postmünaqişə dövründə Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təmələ əsaslandığının bir daha şahidinə çevrildi. Daim bir-birlərinin yanında olan iki dost ölkə atdıqları addımları ilə ədalətin, beynəlxalq hüququn yanında olduqlarını təsdiqləyirlər. Türkiyənin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə siyasi və mənəvi dəstəyini daim vurğulayan dövlət başçısı İlham Əliyev ölkəmizin bundan güc aldığını bütün çıxışlarında bildirir. Cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuata bəyanatında da “Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm” sözləri ilə bir daha diqqəti həmin dövrün reallıqlarına yönəltdi.
Xüsusi ilə qeyd etmək lazımdır ki, cənab İlham Əliyev Şuşada imzalanan Şuşa Bəyannaməsini tarixi anlaşma kimi dəyərləndirdi. “Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır”. Ərdoğan isə mətbuata bəyanatında Türkiyənin Şuşada Baş Konsulluğu açmağa hazır olduğunu bəyan etdi və bununla da böyük tarixi-siyasi gedişin anonsunu verdi. Ərdoğan qeyd etdi ki, "Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla, bütün dünyaya ayrı bir mesaj olacaq".
Bu məqamı da qeyd etməliyik ki, Şuşada konsulluğun açılmasında daha çox siyasi maraqlar var. Bu konsulluğun açılması Türkiyə dövlətinin Azərbaycan dövlətinə siyasi dəstəyini, maraqlarının üst-üstə düşməsini ifadə edir. Yaxud, qonşu ölkələrə bir mesajdır ki, biz Şuşanı Azərbaycanın əsas ayrılmaz, ictimai-siyasi həyatında mühüm rol oynayacaq bölgəsi kimi tanıyırıq. Əslində Türkiyə Prezidenti Rəcab Tayyib Ərdoğanın digər türkdilli dövlətlərə bir mesajıdır. Bu mesajdan sonra digər türkdilli dövlətlərində Şuşada konsulluq açması Azərbaycana bu və ya digər formada təsir etmək istəyən ölkələrin rəhbərlərinə cavab olardı.
Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Belə ki, ölkələrimiz arasında müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Beynəlxalq hüququn işləmədiyi və güc amilinin ön plana çıxdığı müasir dünyada güclü orduya malik olmaq mütləqdir. Azərbaycan 30 il işğaldan əziyyət çəkmiş ölkə olaraq çox yaxşı bilir ki, beynəlxalq hüquq heç də işləmir və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran isə Azərbaycan Ordusunun gücü oldu.
Türkiyə və Azərbaycan arasında hər bir sahədə əməkdaşlıq artan dinamika ilə inkişaf edir. Misal olaraq ticarət dövriyyəsini qeyd etmək olar. Belə ki, ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artır. Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artıq 6 milyard dollara yaxınlaşıb və gələcəkdə daha da artacaq. Bunu həyata keçirilən birgə layihələr, xüsusilə də enerji sahəsində icra ediləcək layihələr təmin edəcək. Məlum olduğu kimi Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bundan sonra da artacaq. Eyni zamanda, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində işlər təbii qaz məsələsi ilə məhdudlaşmır. Ölkələrimiz arasında bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Məhz bütün bunlara görə Prezident İlham Əliyev bu əminliyi bir daha ifadə etdi ki, bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı