20 iyun 2023 23:57
457

Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin qarşısında yeni imkanlar, yeni üfüqlər açılır

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Eyni zamanda, qeyd etməliyik ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, ticarət, elm və təhsil kimi vacib sahələrdə də dinamik inkişaf mövcuddur. Xüsusilə nəqliyyat və kommunikasiyada sahələrində nəhəng layihələr böyük bir coğrafiyada həyatı sürətlə dəyişir. Xarici sərmayənin ölkəyə cəlb edilməsi, yerli istehsalı artırmaq, ixracatı yüksəltmək sahələrindəki tədbirlər böyük nəticələr verməkdədir. Yeni texnologiyalara milli istehsalın gücü ilə nail olmaq hər iki ölkə üçün prioritet istiqamətlərdir.

İki dövlət arasında imzalanan Şuşa Bəyannaməsi münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Sözügedən Bəyannamə ilə Azərbaycan və Türkiyənin ən mürəkkəb dövrlərdə belə bir-birinə dəstəyi sübut olunmuşdur. Bəyannəmədə, həmçinin iki ölkənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan siyasəti öz əksini tapmışdır. Əlavə olaraq, sənəddə tərəflərin regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluq münasibətləri də qeyd edilmişdir. Azərbaycan və Türkiyə regionda və qlobal aləmdə mövcud olan münaqişələrin həllinə, təhlükəsizliyin təminatına da öz töhfələrini vermişdir.

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşün keçirilməsi iki dövlət arasında olan dostluq münasibətlərinin əbədi olmasına bir sübutdur.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan cıxışı zaman qeyd etmişdir ki , Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram.

Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır.

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. Əminliklə deyə bilərik ki, xalqlarımızın böyük qürur duyduqları Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillər tərəfindən də davam etdiriləcək.

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı