20 iyun 2023 13:31
393

Pakistan dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biridir

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərindən dərhal sonra Pakistanın baş nazirinin Azərbaycana gəlməsi, əlbəttə ki, bu münasibətlərin daha geniş məcrada davam etdiriləcəyinə bir nümunədir. Çünki Pakistan-Türkiyə-Azərbaycan üçlüyü artıq dünyada tanınmaqdadır. Bu dövlətlər bir-birinə daim dəstək veriblər. Vurğulanmalıdır ki, bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri də Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək verib. Pakistan ölkəmizin müstəqilliyin tanıyan, diplomatik əlaqələr quran və Bakıda səfirlik açan ilk ölkələrdən biridir. Münasibətlərin yüksək səviyyədə qorunması ölkə rəhbərlərinin bu əməkdaşlığa böyük önəm verməsindən irəli gəlir. Pakistanın bundan əvvəlki baş nazirlərinin dövründə də ölkələrimiz arasında sağlam münasibətlər, əlaqələr var idi. İqtisadi, siyasi, ticarət, mədəniyyət, turizm və digər sahələrdə çox böyük əməkdaşlığımız var. Pakistan dünyanın ən böyük dövlətlərindən, nüvə arsenalına malik olan ölkələrdən biridir.

 Eyni zamanda, Azərbaycandan həm Kəşmir məsələsində Ulu Öndər Heydər Əliyevin zamanından etibarən sərgilənən aydın və dəyişməz mövqe, həm Pakistanın mənafelərinə İlham Əliyevin qlobal müstəvidə verdiyi açıq dəstək, habelə Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı humanitar layihələr, o cümlədən, dəfələrlə təbii fəlakət zonalarında ilk olaraq Azərbaycandan gələn dəstək Pakistan xalqında Azərbaycana xüsusi rəğbət yaradıb. Cənab Şahbaz Şərifin Bakıda ifadə etdiyi kimi, “Pakistan xalqı da Azərbaycan xalqını sevir. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Pakistan, qardaş Türkiyə və Səudiyyə Ərəbistanı kimi Ermənistan ilə məhz İrəvanın işğalçı siyasətinə görə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu qətiyyətli mövqe isə yalnız Azərbaycan-Pakistan münasibətləri çərçivəsində yox, bütövlükdə islam dünyasının həmrəyliyi baxımından çox önəmli olan amil və islam həmrəyliyi konsepsiyasını ehtiva edən ən gözəl nümunələrdən biri olmaqla Azərbaycanla ortaq tarixi keçmişi bölüşən, “din qardaşımız” olsa da təcavüzkar Ermənistanla əqidə və iman ortağı olan İran üçün də haqq yoluna gəlməsi baxımından istinad edə biləcəyi müstəsna nümunədir. Birgə hərbi təlimlərin keçirilməsi,müdafiə sənayesindəki əməkdaşlıq, regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, idxal-ixrac əməliyyatlarının qarşılıqlı şəkildə artırılması kimi məsələlərdə razılığa gəlinməsi Pakistan-Azərbaycan münasibətlərinə öz müsbət təsirini göstərəcəkdir.

Dövlətlərimizin birliyi, sözsüz ki, dünyada sülhə, əmin-amanlığa, inkişafa xidmət edir.  Baş nazir Məhəmməd Şahbaz Şərif Bakıya səfəri ilə bütün dünyaya bəyan etdi ki, Pakistan həmişə olduğu kimi yenə də Azərbaycanın yanındadır və əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Taleh Mansurov,
BANM metodist,
YAP Xətai rayon təşkilatının "Xocalı prospekti 30 unvanı" üzrə ərazi partiya təskilatının üzvü