İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki dost və qardaş dövlərin rəhbərləri arasında təkbətək və geniştərkibli görüşlər olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb. Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfəri Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdəki inkişafına təkan verəcəkdir. İki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam edir. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda rəsmi səfərdə olması da bu faktı təsdiqləyir. Bu dost ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Hansı ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə, İslam dövlətlərinə təsir imkanları da vacib amildir.
Görüş zamanı qeyd edilib ki, iki dost və qardaş ölkə arasında əməkdaşlıq əlaqələri genişlənməkdədir. Artıq yaxın vaxtlarda Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Nümayəndə heyətləri Azərbaycanla Pakistan arasında ticarət və sərmayə məsələləri, enerji məsələsi, həmçinoin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Vurğulanıb ki, enerji sahəsində böyük perspektivlər vardır, həmçinin şəhərlərimiz arasında uçuşların sayı artacaqdır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac vardır. Bu gün dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin ardınca Pakistanın Baş nazirinin də Azərbaycana gəlməsi Türkiyə-Azərbaycan-Pakistan tərəfdaşlığının daha da güclənəcəyi və Avrasiyada həlledici rola malik olacağı gözləntisini artırır. Üç ölkə həm yerləşdikləri coğrafiya, həm malik olduqları potensial və beynəlxalq siyasətdə nüfuz baxımından bölgədə seçilir. Hər üç ölkənin yaratdığı müttəfiqlik oxu Avrasiyanın istər nəqliyyat xətlərinə nəzarətə, istərsə də siyasi proseslərə təsir etməyə imkan verir. Əminliklə söyləmək olar ki, yaxın gələcəkdə Türkiyə-Azərbaycan-Pakistan ittifaqı özünü bölgədə daha güclü şəkildə göstərəcək.
Fəyaz Həsənli,
BANM istehsalat təlimi ustası,
YAP Xətai rayon təşkilatının "Xocalı prospekti 30 unvanı" üzrə ərazi partiya təskilatının üzvü