20 iyun 2023 12:22
402

Azərbaycan və Türkiyə qardaşlıq, dostluq prinsiplərinə əsaslanan güclü dövlətlərdir

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyıb Ərdoğan  iyunun 13-də  Prezident seçkilərindən sonra Azərbaycana ilk səfərini reallaşdırdı. Səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirildi. Əvvəlki səfərlərdən tamamilə fərqli atmosferdə reallaşan, iki qardaş ölkə və iki lider arasındakı sarsılmaz dostluğun təcəssümü olan bu səfər siyasi mahiyyəti ilə yanaşı, həm də dərin mənəvi önəm daşıyırdı. Xüsusilə 15 İyun - Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ərəfəsində reallaşan bu səfər Türkiyə və Azərbaycan arasındakı tarixi köklərin və ortaq dəyərlərin ən önəmli göstəricilərindən biri hesab oluna bilər.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfəri çərçivəsində mətbuata birgə bəyanatlarında səsləndirdiyi fikirlər qardaş ölkədə keçirilən prezident seçkilərinin münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu təsdiqləyir. Cənab Rəcəb Tayyib Ərdoğanın qələbəsi həm dost Türkiyə, həm də Azərbaycan üçün önəmlidir və gələcək hədəflərə zamanında nail olacağımıza stimuldur. Azərbaycan və Türkiyə dövlətləri qarşılıqlı şəkildə bütün münasibətlərdə qardaşlıq, dostluq prinsiplərinə əsaslanan güclü dövlətlərdir. Hər iki qardaş ölkə bu gün böyük inkişaf yolu keçir. Sənaye, xüsusilə texnologiya sahəsində əsl inqilab dövrünü yaşayır. Bu gün ölkələrimiz arasındakı münasibətlərin səmimi və sıx olmasını sübut edən bir çox məsələlər mövcuddur. Türkiyə dövləti Vətən müharibəsində Azərbaycana çox yüksək səviyyədə mənəvi-siyasi dəstək göstərdi. Türkiyədə baş verən böyük təbii fəlakət zamanı eynilə Azərbaycan da bütün gücü ilə qardaş Türkiyənin yanında olduğunu sübuta yetirdi. Hər zaman bu reallığı qeyd etməkdən qürur duyuruq ki, Azərbaycan-Türkiyə  dostluğu, qardaşlığı böyük tarixə söykənir. Bir millətin iki dövləti biri-biri ilə sıx tellərlə bağlıdır. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir də daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu müttəfiqlik, birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ilin 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi əlaqələrin gələcək inkişafının yol xəritəsidir. . Hər seçkidən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu seçkidən sonra yaranmış əhval-ruhiyyə isə xüsusi önəmə malikdir. Əldə edilmiş bütün uğurların təməlində təbii ki, Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Xüsusi ilə qeyd etmək lazımdır ki, cənab İlham Əliyev Şuşada imzalanan Şuşa Bəyannaməsini tarixi anlaşma kimi dəyərləndirdi. “Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır”.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizlə yanaşı, bütün türk dünyasının da birliyinə, eləcə də sıx siyasi, iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatmasına böyük stimul verir. Bu, həm də dünyaya mesajdır. Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu. Görüşlərdə, həmçinin müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında fikir mübadiləsi aparıldı.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyıb Ərdoğan  mətbuata bəyanatında Türkiyənin Şuşada Baş Konsulluğu açmağa hazır olduğunu bəyan etdi və bununla da böyük tarixi-siyasi gedişin anonsunu verdi və dedi: "Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla, bütün dünyaya ayrı bir mesaj olacaq". Azərbaycan-Türkiyə əlaqələri enerji, nəqliyyat, təhsil və digər sahələrdə də uğurla inkişaf edir. Hazırkı dövrün əsas çağırışının bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq Azərbaycanın bu sahədə mövcud imkanları daim diqqətə çatdırılır. Azərbaycan və Türkiyə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının mühüm göstəricisidir. İki ölkə arasında əlaqələrin hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır.  Türkiyə və Azərbaycan bundan sonra da bütün sferalarda vahid mövqedən çıxış edəcəklər. Hazırki mürəkkəb siyasi proseslərin baş verdiyi dönəmdə bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox vacibdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri