Dövlət başçısı İlham Əliyevin və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun iştirakı ilə Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı bunun bariz nümunəsidir
Azərbaycanın dayanıqlı iqtisadi inkişafından bəhs edərkən ilk olaraq göz önündə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri gəlir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Qarabağ, Şərqi Zəngəzur dirçəlir. Biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq: «Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.»
Bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz bununla həm iqtisadi və maliyyə imkanlarını dünyaya təqdim edir, eyni zamanda, qurucu xalq olduğumuzu təsdiqləyirik. Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər davamlılığı ilə diqqət çəkir. Bu prosesdə Azərbaycana dost ölkələrin, onlara məxsus şirkətlərin fəal iştirakı da diqqətdən kənarda qala bilməz. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında Azərbaycana bu işdə dəstək göstərən dövlətlərə təşəkkürünü bildirir. İyunun 17-də Azərbaycan Prezident İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində oldular, sakinlərlə görüşüb söhbət etdilər.
Qeyd edək ki, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə - 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur yaradılıb.
Dövlət başçısı İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, həmçinin Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak etdilər. Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. Park yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq. Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşündə «Şadam ki, Sizinlə müəyyən etdiyimiz hər şey, o cümlədən “Araz Vadisi” Sənaye Parkının birinci obyekti, - bu, qardaş Tatarıstanın obyektidir, - icra olunur. Yəni, biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq» söyləməklə bu torpaqlarda görülən işlərə dəstəkdən məmnunluğunu ifadə etdi.
Bu dəstəklər, eyni zamanda, belə bir reallığın təsdiqidir ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır. Dağıntıların yenidənqurma işləri ilə əvəzlənməsi mənfur düşmənlə Azərbaycan xalqı arasında fərqi nümayiş etdirir. Hər zaman vurğulandığı kimi, bu ərazilər ermənilərin apardıqları yanlış, əsassız təbliğata görə onlara mənsub olsaydı, heç olmasa bir daşı daş üstə qoyulardı.
Bu gün ölkəmizdə səfərdə olan bu və ya digər ölkələrin rəsmiləri Azərbaycanın şəhərsalma və yaşıllaşdırma təcrübəsindən geniş bəhs edir, bu təcrübənin öyrənilməsinə ehtiyacın olduğunu bildirirlər. Qeyd edək ki, ötən il BMT-nin Yaşayış Məskənləri Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu adından, eyni zamanda, müzakirəyə çıxardığı mövzudan da göründüyü kimi, şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq. Şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platforma oldu. Ölkəmiz belə milli platforma yaratmaqla istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlavə imkanlar qazanır. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı bütün bu məqamlara işıq saldı. «Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz» söyləyən cənab İlham Əliyev bildirdi ki, 30 ildə daşlar bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Eyni vəziyyəti Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da yaşayır. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun da səbəbi məlumdur. Ermənistan müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.
O da məlumdur ki, ötən ilin iyununda Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi, yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Azərbaycan son iki ildə artıq dövrdə azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Bu gün Zəngilanın Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə 3 Beynəlxalq Hava limanlarının inşasının nəzərdə tutularaq artıq ikisinin istifadəyə verilməsi, üçüncünün- Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istifadəsinin planlaşdırılması da bu torpaqların müasir dövrün tələbləri səviyyəsində qurulmasının göstəricisidir. Bu ərazilərin Baş Plan əsasında yenidən qurulması həmin bölgələrin tarixinin qorunmasında, müasirliklə qədimliyin sintezinin yaradılmasında öz sözünü deyir. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edilir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, ümumilikdə, yenidənqurma prosesində hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasındadır. Hədəf Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. «Hesab edirik ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir» söyləyən cənab İlham Əliyev bildirir ki, Azərbaycan bu sahədə zəngin təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək.
Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının qeyd etdiyi kimi, bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Azərbaycan artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirib. Ötən ilin mart ayında Azərbaycana səfəri çərçivəsində BMT-nin Yaşayış Məskənləri Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə gələcək əməkdaşlıq müzakirə edilmişdir.
Azərbaycan şəhərsalma təcrübəsinin təkmilliyinə söykənərək Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusunda olduğunu, həmçinin buna hazırlığını ifadə edir. Qeyd edək ki, bu günlərdə ölkəmizdə səfərdə olan Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif «Mən İslamabada qayıtmamışdan öncə Sizdən bir neçə xahiş edəcəyəm. Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib» fikirləri ilə Azərbaycanın hər sahədə təcrübəsinin nümunə olduğunu açıqladı.
Yeganə Əliyeva, «İki sahil»