Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə burada Birinci Qarabağ müharibəsi zamanı barbar ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar etmişdilər. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilirdi. Fərrux kəndində aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində ermənilərin törətdikləri cinayətlərin əyani təsdiqidir. Bundan əvvəl isə Kəlbəcərin Başlıbel və Xocavəndin Edilli kəndlərində erməni vandalizminin sübutu olan kütləvi məzarlıq aşkarlanmışdı.
Azərbaycanlıların kütləvi basdırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Ağdamın Sarıcalı kəndidir. İlkin araşdırmalara görə, meyit qalıqları 4 nəfərə məxsusdur. Ehtimal edilir ki, onlar 1992-cü ildə ermənilər tərəfindən öldürülərək heç bir dini ayinə əməl edilmədən bu ünvanda basdırılıb. Bu işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış sayca 8-ci kütləvi məzarlıqdır.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov mətbuata açıqlamasında bildirib ki, 2020-ci ildə Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli Bəyanatın imzalanmasından bugünə qədər təxminən 400-dən artıq vətəndaşımıza aid meyit qalıqları aşkarlanıb. Dövlət kommisiyası, digər aidiyyəti qurumlar ilə birlikdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən olunması istiqamətində axtarış-qazıntı işlərini davam etdirir. Əldə edilən məlumatlara görə, bu ərazidə hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlar qətlə yetirilib. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti müharibə cinayəti faktıdır.
Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, eləcə də yerli və xarici mətbuat orqanlarına müsahibələrində Birinci Qarabağ müharibəsində Ermənistanın Qarabağda törətdiyi insanlıq əleyhinə cinayətlərdən bəhs edərək hərbi əməliyyatlar zamanı əsir götürülmüş insanların naməlum aqibəti, məhv edilmiş soydaşlarımızın gizlədildikləri məzarlıqlar məsələsini daim diqqətə çatdırır. Belə ki, ölkəmizin başçısı 2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı bir daha bildirib ki, Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı bizə məlumat verməlidir: “Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Birinci Qarabağ müharibəsi dövründən 3 min 890 azərbaycanlı, o cümlədən, təqribən, 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə?”.
Təbii ki, işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bunlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslı dəlillərdir. Təcavüzkar ölkədə bu cinayəti törədənlər gec-tez öz layiqli cəzalarını alacaqlar.
Zahd Rza, “İki sahil”