20 iyun 2023 02:58
465

«Laçın» təxribatı Zəngəzur dəhlizinin açılmasını sürətləndirir

Sanki «Özü yıxılan ağlamaz» zərb-məsəli öz əli ilə yollarını bağlayan Ermənistan üçün deyilib

Azərbaycana qarşı təxribatlarını davam etdirən sözünə dönük Ermənistan haqqında atalarımızın bir məsələni xatırlatmaq yerinə düşər: «İt itdiyini tərgitsə də, sülənməyini tərgitməz.» Əvvəlkiləri demirik, bu ilin son aylarında ABŞ-da, Brüsseldə, Moskvada Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ilə bağlı danışıqların davam etdiyi günlərdə belə sərhəd bölgəsində yerləşən Azərbaycanın hərbi hissələrinin Ermənistan silahlıları tərəfindən atəşə tutulması beynəlxalq hüquqa arxa çevirməkdir.

Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə ölkəmizə qarşı törətdiyi hərbi cinayətləri, ətraf mühitə, bioloji müxtəlifliyə, yeraltı və yerüstü təbii ehtiyatlarımıza ziyan vuran, sərvətlərimizi talan edən Hayastan üçün sülh ifadəsi Ələddinin sehirli çırağına bənzəyir. Əlini sülh mənası verən çırağa sürtən kimi İran, Fransa şeytan cildində peyda olur, başsız baş nazir Nikol Paşinyanı xəyallar dünyasına aparırlar.

Müxtəlif səviyyələrdə, məkanlarda aparılan sülh danışıqlarına baxmayaraq rəsmi İrəvan əməllərini hələ də davam etdirir. Qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozan rəsmi İrəvanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyəndə illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodu inşa etməyə hazırlaşması növbəti dəfə ekotarazlığın pozulmasıdır. Yəni, işğalçı ölkə növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud şəkildə pozaraq öz ərazisində apardığı tikinti işləri ilə digər ölkələrin fauna və florasına mənfi ekoloji təsir göstərəcək əməllərindən əl çəkmir. Metsamor Atom Elektrik Stansiyasının bölgədə yaratdığı təhlükələr barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq növbəti dəfə belə ekoloji təhlükə mənbəyi olan metallurgiya zavodunun tikintisinə başlaması işğalçı ölkənin beynəlxalq hüquq normalarına etinasızlığının nəticəsidir.

Bir müddət əvvəl Laçın yolunda humanitar aksiya keçirərək Azərbaycanın təbii sərvətlərinin talanmasına etirazlarını bildirən ekofəallar metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının bölgədəki ekosistemə böyük zərbə vuracağı ilə bağlı bəyanat qəbul ediblər. Amerika Birləşmiş Ştatlarına, Ermənistanın ekoloqlarına ünvanlanan bəyanatda qeyd edilib ki, istifadəyə veriləndən sonra zavodun tullantılarının Araza axıdılması çaydakı canlılar üçün təhlükədir. Eyni zamanda, Arazın suyundan suvarma üçün istifadə edən təsərrüfatlar üçün ciddi risklər yaradır. Xüsusilə Arazın sahilində yerləşən Naxçıvanın və Türkiyənin Ermənistanla sərhəd ərazisində təsərrüfatlarda ekoli cəhətdən təmis məhsul yetişdirilməsinə ciddi ziyan dəyəcək. Ümumiyyətlə, belə bir zavodun tikintisi bu ərazinin ekosisteminin məhvinə səbəb olacaq. Metallurgiya zavodunun tikintisi ilə təbiətə zərər yetirmək sayəsində «zəngin təcrübəyə malik» Ermənistan bölgədə ekoloji fəlakətlərin dəyişilməz müəllifi olduğunu bir daha təsdiqləyir. Qafan ərazisində faydalı qazıntıların istehsalı ilə əlaqədar Oxçuçayı və Arazı tullantılarla zəhərləyən Hayastanın metallurgiya zavodunu inşa etməkdə məqsədi zərərli vərdişlərini davam etdirməkdir.

İyunun 15-də Laçın dövlət sərhədindəki buraxılış məntəqəsinə qarşı Ermənistanın hərbi təxribatı beynəlxalq hüquq normalarının pozulması, müstəqil Azərbaycanın daxili işlərinə qarşı növbəti , bağışlanılmaz təxribatdır.

Hadisəyə münasibət bildirən Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki, bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır”.

Göründüyü kimi, Ermənistan silahlı qüvvələri terror-təxribat əməllərini daha iyrənc formada davam etdirirlər. Məntəqəyə Azərbaycan Bayrağını yerləşdirməyə çalışan əsgərlərimizə ermənilər tərəfindən silahlı təzyiq göstərilib. Müxtəlif çaplı odlu silahlardan respublikamızın suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunda yerləşən «Laçın» sərhəd təzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına açılan atəş nəticəsində hərbi qulluqçu, gizir Elşən Rüstəmov xəsarət alıb.

Sərhəd –buraxılış məntəqəsindəki hadisə də daxil olmaqla son günlərdə erməni quldurlarının törətdikləri təxribatlar təsdiqləyir ki, başqalarının oyuncağına çevrilən İrəvan sülh istəmir. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların intensivləşdiyi, ABŞ-da , Avropa platformalarında normallaşma ilə bağlı ciddi müzakirələrin davam etdiyi məqamlarda belə işğalçının vədlərinə əməl etməməsi, hərbi təxribatlar törətməklə vaxt qazanmağa çalışması artıq dözülməzdir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərmələri də deyilənləri təsdiqləyir. Separatçıların «ehtiyat üçün mövqe» yaratmaq cəhdləri hansısa üstünlüklər əldə etmək üçün müvafiq infrastruktura arxalanmağa yönəlmiş siyasətdir: Ermənistanın qeyri-qanuni əməllərinin qarşısı hərbi bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində alınıb.

Son günlərdə Naxçıvan, Gədəbəy, Şuşa rayonu istiqamətində yerləşən mövqelərimizin erməni silahlıları tərəfindən atəşə tutulması faktları da təsdiqləyir ki, «Laçın» sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribat da daxil olmaqla erməni silahlılarının sərhəddə yaratdıqları gərginliklər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzdür.

Xatırladaq ki, Laçında sərhəd –buraxılış məntəqəsi formalaşdıqdan sonra Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sərəbəst hərəkəti üçün lazımi şərait yaradılmışdı. Rusiyanın sülhməramlı kontingentinin komandanı, həyat yoldaşı erməni əsilli olan general-polkovnik Aleksandr Lentsovun «Laçın» sərhəd-buraxılış məntəqisindəki yoxlama- nəzarət əməliyyatlarına müdaxilə etmək iddiası isə səlahiyyətləri aşmağın, siyasi əxlaqsızlığın təzahürüdür. Xankəndidə yaşayan ermənilərin Azərbaycana inteqrasiya olunmaq istəklərini bildirmələri çoxlarını narahat edir. Açıq aydın görünür ki, «Laçın» sərhəd-buraxılış məntəqəsində təxribatların törədilməsinin məqsədi iki ölkə arasında davam edən sülh prosesinə zərbə vurmaqdır. «Laçın» təxribatı da Ermənistandakı rusiyapərəst dairələrin Fransanın, İranın planlarının davamıdır. Erməniləri narahat edən başqa amillər də vardır.

Azərbaycana qardaş, dost olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfərlərindən sonra qaşınması tutan Ermənistan kimi havadarlarının da yuxusu ərşə çəkilib. «Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik» sözləri ilə «Qarabağ Azərbaycandır!”» kəlamını qətiyyətli lider kimi siyasi, hərbi, diplomatik uğurları ilə təsdiqləyən Prezident İlham Əliyev bütün təxribatların qarşısının alnacağını bildirir. Ermənistanın ən yaxın dəstəkçisi Fransanın işğalçı ölkəyə yardım məqsədilə 50 hərbi zirehli maşın göndərməsindən separatçılar sevinməsinlər. Unutmasınlar ki, heç kim ermənilərin əvəzinə vuruşmayacaq. İranın Prezidenti Seyid İbrahim Rəisinin xanımı «Səhər» televiziyasına müsahibəsində « Monqollar , bir də türklər bizim düşmənlərimizdir» söyləsə də yaxşı bilir ki, türk dünyasının birliyi molla rejiminin təxribatçı, terrorçu üsul-idarəsindən daha güclüdür.

Ermənistana və havadarlarına «Ayının min oyunu bir armudun başındadır» atalar məsələni xatırladaq. Nə qədər çabalasalar da, fitnə-fəsadlar törətsələr, əngəl olmağa çalışdıqları Zəngəzur dəhlizi mütləq açılacaq. Bu qardaşlıq yolundan bütün türk dövlətləri istifadə edəcəklər. «Laçın» sərhəd-nəzarət məntəqəsində təxribat törətməklə öz yollarını bağlayan Ermənistan isə labirintin dalanlarında hələ çox var-gəl edəcək.

Xuraman İsmayılqızı, «İki sahil»