Fransanda erməni sevgisi və islamofiya gündən-günə çiçəklənir. Hətta bu tip rəzilliklər o qədər genişlənib ki, adi həqiqətləri, mövcud reallıqları belə görmək istəmirlər. Bu, Fransanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı son bəyanatda da müşahidə olunur. Yəni, sözügedən nazirlik Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlarla bağlı növbəti dəfə anti-Azərbaycan mövqeyi sərgiləyib. Belə ki, Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəmiz iyunun 15-də ermənilər tərəfindən atəşə tutulub və bir əsgərimiz yaralanıb. Bundan başqa, işğalçı ölkə Zəngilan istiqamətində mövqelərimizə qarşı iri çaplı silahlardan, minaatanlardan, hətta PUA-lardan istifadə etməklə genişmiqyaslı hərbi təxribatlar törədib. Təbii ki, Azərbaycan Ordusu hər iki istiqamətdə ermənilərin cavabını artıqlaması ilə verib. Erməni postları darmadığın edilib, hərbi sursatları məhv edilib.
Xatırladaq ki, 3 aya yaxındır qurulan sərhəd-buraxılış məntəqəmizdən Azərbaycan vətəndaşları olan mülki ermənilərin hərəkətinə hər hansı qadağa qoyulmayıb. Onların Ermənistana gedib-gəlməsinə pasport yoxlanışından keçməklə bütün imkanlar yaradılıb. Bu günə qədər sözügedən məntəqədə hər hansı münaqişə və narazılıq qeydə alınmayıb. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan bölgədə sülhün yaranmasında maraqlıdır və Qarabağdakı Azərbaycan vətəndaşı olan erməni azlığının reinteqrasiyası istiqamətində fəaliyyətini daha da genişləndirib.
Bəli, məhz Azərbaycan dövlətinin bu qanuni addımları Qarabağdakı separatçı-cinayətkar rejimi, o cümlədən onların havadarı olan Fransanı ciddi narahat edir. Fransa XİN-in sözügedən bəyanatı sülhyaratma missiyasına «sadiqliyi» barədə gəlişi gözəl ifadələrlə «zəngindir». Məhz Fransa kimi, antitürk bir ölkənin haqsız ciddi fəaliyyətinin nəticəsidir ki, Ermənistan hələ də sülh müqaviləsini imzalanmağa tələsmir.
Təbii ki, Fransanın bu ədalətsiz mövqeyi və təzyiq vasitələri güclü Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar anlamalıdırlar ki, bu kimi ermənipərəst fəaliyyətin nə Fransaya, nə də Ermənistana bundan sonra da xeyri olmayacaq. Çünki Azərbaycan dövləti dəfələrlə sübut edib ki, ərazi bütövlüyümüzə qarşı təhdidləri ən qətiyyətli və effektiv formada aradan qaldırmaq gücündədir. Həmçinin Fransa və Ermənistan anlamalıdırlar ki, bölgədə sülhün və sabitliyin təmin olunması üçün regional güc olan qardaş Türkiyə də öz mövqeyini ortaya qoyub. Bu isə Azərbaycan dövlətinin haqlı geosiyasi mövqelərinin güclənməsinə daha geniş imkanlar açır.
Bu gün Ermənistanda siyasi gərginlik , hərbi sahəyə də sirayət edib. Erməni siyasi şərhçilərin sözlərinə görə, son üç ildə Ermənistanın hərbi məğlubiyyətləri xalqın siyasi rəhbərliyə inamını sıfıra endirib. Xüsusilə Qarabağdakı ermənilərin açıq şəkildə Azərbaycan bayrağı altından keçməklə hərəkət etmələri Ermənistandakı revanşist qüvvələri qıcıqlandırır.
Bu gün Ermənistan elə bir vəziyyətdədir ki, Azərbaycan Xankəndidəki separatçılara qarşı antiterror əməliyyatına başlayacağı təqdirdə təcavüzkar dövlətin Ermənstanın adekvat cavab vermək imkanları sıfıra bərabərdir. Hətta Fransa və digər Ermənistan havadarları olan ölkələr belə, ona kömək edə bilməyəcək. Odur ki, bütün hallarda müharibə Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Elçin Zaman, «İki sahil»