Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində aşkarlanan növbəti kütləvi məzarlıq bir daha Azərbaycanın hansı xislətə malik azğın düşmənlə üz-üzə qaldığını, Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normalarının necə kobud şəkildə pozulduğunu aydın göstərir
Otuz ilə yaxın davam edən işğal dövründə təcavüzkar Ermənistan dədə-baba yurdlarımızı nəinki dağıdaraq talanlara məruz qoymuş, habelə insanlarımıza qarşı da olmazın vəhşiliklər törətmiş, soyqırımlar həyata keçirmişdir. Erməni vandalları Başlıbel, Ağdaban, Xocalı faciələri zamanı insanlıq əleyhinə elə böyük cinayətlər törətmişlər ki, hətta İkinci Dünya müharibəsində alman faşistləri belə bu qədər qəddar, soyuqqanlı, insanlıq əleyhinə addımlar ata bilməyiblər. Təəssüf ki, bu qanlı hadisələr törədilərkən dünya birliyi baş verən həmin dəhşətlərə susqunluq nümayiş etdirmiş, həmişə olduğu kimi, erməni cinayətləri cəzasız qalmışdır. 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan öz suveren hüquqlarından istifadə edərək işğal altında olan torpaqlarını azad etdi. Mənfur qonşularımızın insanlıqdankənar, müharibə qanunlarına zidd əməlləri nə dinc sakinlərimizin, nə də döyüş meydanında savaşan igid oğullarımızın gözünü qorxutdu. Azərbaycan Ordusu günbəgün irəliləyərək 44 günün sonunda Zəfər zirvəsini fəth etdi. Müharibədə əldə edilən parlaq Qələbədən sonra Prezident İlham Əliyevin uğurlu diplomatik gedişi nəticəsində Kəlbəcər, Laçın və Ağdam bir güllə atılmadan azad edildi.
Vandallar otuz illik işğal dövründə həmin ərazilərdən bütün insan izlərini silməyə, xüsusilə də o torpaqların azərbaycanlılara məxsus olduğunu göstərən sübutları məhv etməyə çalışıblar. Burada aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqların tapılması isə işğal müddətində Ermənistanın törətdiyi müharibə cinayətlərinin növbəti izlərini aşkara çıxarmış oldu. Bu günlərdə erməni faşizminin qanlı əməllərini sübuta yetirən növbəti dəlil - kütləvi məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb. Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib. Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar. Göründüyü kimi, Ermənistan Birinci Qarabağ müharibəsindəki ağır müharibə cinayətlərinin izlərini torpağın altında gizlətməyə çalışıb. Çünki çox yaxşı bilirdi ki, kütləvi şəkildə və xüsusi amansızlıqla qətlə yetirilmiş azərbaycanlıların qalıqlarının üzərində aparılacaq araşdırmalar erməni vəhşiliyinin bəşər tarixində görünməmiş nümunələrini ortaya qoyacaq. Azərbaycanlı əsir və girovların diri-diri yandırıldığı, sümüklərinin küt alətlərlə sındırıldığı, başlarına və digər əzalarına mismar vurulduğu, başlarının kəsildiyi və daha neçə-neçə ağlasığmaz erməni vəhşiliyinin nümunələri aşkara çıxacaq. Və bu zaman bir daha təsdiq olunacaq ki, özünü qondarma tarixlə “dünyanın ən qədim xalqlarından biri” elan edən ermənilər sivilizasiyanın təkamül prosesinin iştirakçısı olmayıblar, vəhşi qəbilə təfəkkürü ilə yaşayıblar və bəşəri dəyərlərin, mədəniyyət nümunələrinin formalaşmasında iştirak edən bütün xalqlara, o cümlədən azərbaycanlılara münasibətdə nifrət və qəzəb üzərində kökləniblər.
Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirmir. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadındır. İtkin düşmüş şəxs kimi qeydiyyata alınan azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürüldüyü də faktlarla sübutunu tapıb. Bundan əlavə, əsir və girov götürülmüş şəxslərin böyük əksəriyyətinin erməni əsirliyində qətlə yetirilməsi, işgəncə və xəstəliklərdən vəfat etməsi, bir hissəsinin isə gizlədilərək Ermənistanda və işğal dövründə Qarabağda ermənilər tərəfindən ağır fiziki işlərdə qul kimi istifadə olunması sübuta yetirilib. İşğal altındakı ərazilər azad edildikdən sonra bu yerlərdə tapılan kütləvi məzarlıqlar əsir və girov götürülmüş şəxslərin yenə beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə işgəncələr tətbiq edilməklə öldürüldüyünü təsdiqləyir. Belə kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Füzulidə, Xocavəndin Edilli kəndi yaxınlığında tapılıb və göründüyü kimi, onların sayı artmaqdadır.
BMT Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barəsində məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə olunub. Eləcə də yenə BMT Baş Assambleyasının 2006-cı ildə qəbul etdiyi “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi haqqında” Beynəlxalq Konvensiyada istər mülki, istərsə də hərbi mükəlləfiyyətli şəxslərin zorla yoxa çıxarılması beynəlxalq humanitar hüququn kobud pozuntularından biri kimi təsbit edilib. Ermənistan bu normaları da kobud şəkildə pozub və pozmaqda davam edir.
Sevinc Azadi, “İki sahil”