Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan ümummilli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin fədaisi, musiqimizi ən ali beynəlxalq səviyyələrə yüksəldən dünya şöhrətli dahi bəstəkar, musiqişünas, publisist, dramaturq, filosof, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti vardı. O, mədəniyyət və incəsənətlə, mətbuatla bağlı çıxışlarında hökmən Üzeyir Hacıbəylinin adını çəkər, ondan sitatlar gətirərdi. Hətta Ulu Öndər tərəfindən 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzalanmış fərmanda da ana dilinin qorunmasında, tədrisində, inkişafında xüsusi xidmətləri olan qabaqcıl maarifçilər, ziyalılar arasında Üzeyir bəy Hacıbəylinin adı iki dəfə çəkilmişdir. Fərmanda deyilirdi: «...Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar».
Azərbaycan mədəniyyətini və incəsənətini dərindən bilən, inkişafına çalışan böyük siyasi və dövlət xadimi Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Bakıda, həmçinin digər şəhərlərdə görkəmli, dahi şəxsiyyətlərin ev muzeylərinin açılmasına göstəriş vermişdir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin açılması da məhz həmin dövrə təsadüf etmişdir. Bu məbədin yaranması ümummilli liderin adı ilə bağlıdır. Doğrudur, bəstəkar vəfat etdikdən üç ay sonra Azərbaycan hökuməti Üzeyir bəy Hacıbəylinin adının əbədiləşdirilməsi ilə əlaqədar, 16 fevral 1949-cu ildə xüsusi qərar qəbul etmişdir. Orada bir çox müddəalarla yanaşı, böyük sənətkarın Şuşada və Bakıda ev-muzeylərinin yaradılmasına da yer ayrılmışdır. 1959-cu ildə Şuşada Ü. Hacıbəylinin ev-muzeyi açılmışdır. Bakıda isə bu məsələ düz 26 il həyata keçməmiş qalmışdı. Nəhayət, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə bu məsələ reallaşdı. Onun tapşırığı və yaxından köməyi sayəsində 1949-cu il qərarının bu maddəsinin yerinə yetirilməsi baş tutdu. 20 noyabr 1975-ci ildə Bakıda Üzeyir bəyin 1915-194-i illərdə yaşadığı evini muzeyə çevirmək mümkün oldu. Bu barədə Heydər Əliyev 1995-ci ilin sentyabrında dahi sənətkarın anadan olmasının 110 illik yubileyindəki çox dəyərli məruzəsində belə demişdir: « 1975-ci ildə biz Üzeyir Hacıbəyovun 90 illik yubileyini hazırladıq, təntənə ilə həm Azərbaycanda, o vaxt imkan dairəsində Sovet İttifaqının həm paytaxtında, başqa respublikalarda, dünyada qeyd edə bildik. Azərbaycanda, Bakıda mədəniyyət xadimlərindən ilk dəfə Üzeyir Hacıbəyovun yaşadığı ev, onun ev-muzeyinə çevrildi.»
Ümummilli lider Heydər Əliyev Üzeyir bəy Hacıbəyli dahiliyini qiymətləndirməyi bacaran bir dövlət xadimi idi. O, mədəniyyətlə, incəsənətlə, hətta ədəbiyyat və publisistika ilə bağlı çıxışlarında dahi Üzeyir bəyi xatırlayır, ona istinad edir, bütün sahələrdə onun dahi olduğunu dönə-dönə vurğulayırdı.
Ulu Öndərin Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbirdəki məruzəsi bu gün də yaddaşlardadır. Natiqlik məharəti olan Ulu Öndər Üzeyir bəyin həyat və fəaliyyətini çox əhatəli şəkildə təhlil etdi. O, dahi şəxsiyyətin həm publisistikasından, həm dramaturgiyasından, həm pedaqoji fəaliyyətindən, həm alimlik məharətindən, həm Azərbaycan ictimai-siyasi həyatındakı xidmətlərindən, həm də ictimai xadim kimi gördüyü işlərdən dolğun məlumat verərək tədbir iştirakçılarını valeh etdi: «Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq».
Üzeyir bəy Hacıbəyli irsini dərindən bilən, bütün söhbətlərində, çıxışlarında dahi sənətkarın bənzərsiz dühasından söz açan ümummilli liderimizə jurnalistlər «sizin ən sevimli bəstəkarınız kimdir?» sualını verəndə Heydər Əliyev tərəddüd etmədən «Üzeyir Hacıbəyov «- demişdir.
«Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur « - deyən Ulu Öndər, böyük sənətkara tükənməz məhəbbətini izhar edərək, daha sonra qeyd etmişdir: «...Dahi Üzeyir bəy Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir. Mən onun xatirəsinə hörmət və ehtiramımı bildirərək, bu gün bir daha xalqımızı birliyə dəvət edirəm.»
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri