19 iyun 2023 15:32
1047

Zəngəzur dəhlizi reallaşacaq

Dünya dövlətləri müxtəlif tarixi dövrlərdə öz aralarında müttəfiqlik münasibətləri qurmuş və yaxud səmimi qonşuluq əlaqələri yaradaraq səmərəli şəkildə əməkdaşlıq etmişlər. Bu cür yaxın münasibətlər bəzən davamlı olaraq əsrlər boyu davam etmiş, bəzən isə qısamüddətli olmuşdur. Amma bir məqamı tam əminliklə demək olar ki, hal-hazırda Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, hərtərəfli əməkdaşlığının dünyada analoqu yoxdur və bəlkə də olmayacaq. Dili, dini, soykökü, mədəniyyəti, adət-ənənəsi, dünyagörüşü bir olan xalqlarımızın bir-birinə olan rəğbəti və sevgisi hədsiz-hüdudsuzdur. Azərbaycan 1991-ci ilin 18 oktyabrında öz dövlət müstəqilliyini bərpa etdikdən sonra iki qardaş xalq arasında münasibətlərin dərinləşdirilməsi baxımından geniş üfüqlər açılmış oldu. Müstəqilliyimizin bərpa olunmasından ötən son 32 ildə bu qardaşlıq ötən hər il daha da möhkəmlənmiş və daha da sarsılmaz olmuşdur. Artıq dünya ölkələri Türkiyə - Azərbaycan qardaşlığına həsəd aparırlar.

Türkiyə - Azərbaycan münasibətlərinin ən son tarixinə nəzər saldıqda görürük ki, Zəfərlə bitən 44 günlük Vətən müharibəsinin hər saatında və hər dəqiqəsində Türkiyə Azərbaycanın yanında oldu. Böyük Zəfərimizə biz sevindiyimiz qədər, onlar da sevindi. 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı qardaş xalqa ən birinci Azərbaycan öz dost əlini uzatdı. Zəlzələ faciəsini  Azərbaycan öz dərdi, kədəri kimi qəbul etdi və qardaş ölkəyə əlindən gələn bütün yardımları etdi. Türkiyədə Prezident seçkiləri dönəmində də iki ölkə arasında siyasi əməkdaşlıq ən yüksək səviyyədə özünü göstərdi. Türkiyə - Azərbaycan siyasi əməkdaşlığı ümumilikdə regionda stabillik, sülh, əməkdaşlıq və iqtisadi tərəqqi baxımından çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Bu istiqamətdə atılmalı olan növbəti, çox mühüm addım Zəngəzur dəhlizinin reallaşdırılmasıdır. Çox aydın məsələdir ki, kommunikasiyaların açılması regiona iqtisadi inkişaf gətirər. Artıq  bütün tərəflər gözəl başa düşürlər ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır.

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması mühüm tarixi anlaşma olaraq iki dövlət arasındakı sarsılmaz qardaşlığı rəsmiləşdirmiş oldu. Artıq Türkiyə və Azərbaycan rəsmən müttəfiqdirlər. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.

16 iyun 2023-cü il tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərinin yekunları ilə bağlı bir sıra maraqlı açıqlamalar verdi. Qardaş ölkə Prezidenti qeyd etdi ki, Türkiyə - Azərbaycan əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Xarici siyasət, iqtisadi əməkdaşlıq, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq, təhlükəsizlik və s. məsələlərlə bağlı  Türkiyə-Azərbaycan birliyi çox önəmlidir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əlavə etdi ki, Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini