Bu gün böyük qürurl hissi ilə deyə bilərik ki, Türkiyə və Azərbaycan iki dost və qardaş ölkə, həm də iki böyük gücdür.Reallıq budur ki, dünyada Türkiyə ilə Azərbaycan qədər bir birinə yaxın münasibətləri olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən, regionun çiçəklənməsi üçün birgə səylə çalışan başqa iki ölkə yoxdur.Bu ilk növbədə mənəvi bağlılıqlarımızdan, ortaq tariximizdən və mədəniyyətimizdən irəli gəlir. Amma dünyada tarixi bağlılıqlar etibarilə bir-birinə çox yaxın olub, hansısa maraqlara görə özlərinə düşmən kəsilən, qanlı müharibələr aparan xalqlar, dövlətlər də var. Ona görə də hazırda Türkiyə və Azərbaycan arasında münasibətlərin bu səviyyədə olmasının bir əsas səbəbi də hər iki ölkənin başçılarının dostluq və qardaşlıq münasibətlərinin olmasıdır.
Türkiyənin də, Azərbaycanın da müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib. Hər iki dövlətin qurucularının Ulu Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətlərinin əbədi və sarsılmaz olduğunu,öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq mesaj qoymuşlar.
Müasir dünyamızın iki böyük lideri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılıqlı və səmimi münasibətlərə nail olaraq, Türkiyə və Azərbaycan arasındakı münasibətləri, iki qonşu ölkə arasındakı sıradan bir diplomatik əlaqələri iqtisadi-ticari tərəfdaşlıqların fövqündə ucalda bilmişlər. Bunu xarakterlərindəki ulu əcdadlarımız xas olan mərdlik, qarşılıqlı güvən, verdikləri vədi tutmaları, səsləndirdikləri sözə də imzaları qədər dəyər vermələri ilə bacarıblar. Türkiyə və Azərbaycan münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Hər iki liderin gələcəyə aydın baxışının, həyata keçirdikləri düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraqhər iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik,hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir. Bu bütün dünya üçün nümunədir. Ölkə başçılarının yürütdükləri siyasət Azərbaycan və Türkiyənin bu həmrəyliyini, qardaşlığını daha da möhkəmləndirib, sarsılmaz edib. Vətən müharibəsi zamanı, qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Qürur və iftixar hisləri ilə vurğulanmalıdır ki, Azərbaycan - Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. Son illərdə Azərbaycan və Türkiyənin ictimai-siyasi həyatında baş verən proseslər bir daha təsdiq etdi ki, zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdə də iki qardaş dövlət birlikdədir, eyni amal, məqsəd uğrunda birlikdə addımlayırlar.
Bu gün Azərbaycanla Türkiyəni ortaq milli və mənəvi dəyərlərlə yanaşı siyasi mahiyyət daşıyan ortaq iqtisadi layihələr, qarşıya qoyulan eyni hədəflər və müştərək siyasi maraqlar birləşdirir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.
Türkiyə-Azərbaycan birliyi, qardaşlığı xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli təhlükəsizlik və sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Mehman Əliyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü