Bu il iyun ayında Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə olmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bir sıra məsələləri müzakirə etmişdir. Səfər çərçivəsində iki qardaş ölkənin Prezidentləri mətbuata bəyanatla çıxış etmişlər.
Cənab Prezident İlham Əliyev çıxışı zamanı İkinci Qarabağ savaşında Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyi xatırladaraq təşəkkürünü bildirdi. Ölkəmizin Başçısı iki il öncə imzalanmış “Şuşa Bəyannamə”sini yada salaraq uzun illər müttəfiq kimi fəaliyyət göstərən Azərbaycan və Türkiyənin əlaqələrinin bu anlaşmanın nəticəsilə rəsmiləşdirdiyini qeyd etdi. Şuşa Qarabağın tacı və İkinci Qarabağ müharibəsinə son qoyma nöqtəsi kimi qiymətləndirən cənab Prezident İlham Əliyev bu sənədin Şuşada imzalanmasının isə rəmzi xarakter daşıdığını vurğuladı.
Ölkəmizin başçısı Türkiyə və Azərbaycan arasında xarici siyasət sahəsində birgə fəaliyyətin, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planların bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi. Bugünkü dünyada siyasətində güc amili ön plana çıxdığını, Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişaf etdirildiyini, bu il keçirilməsi nəzərdə tutulan 16 birgə hərbi təlimdən artıq 6-sının baş tutduğunu diqqətə çatdırdı.
Cənab Prezident İlham Əliyev beynəlxalq hüququn çalışmadığını, 30 illik işğal dönəmində aparılan müzakirələrin, danışıqların heç bir nəticə vermədiyini, qazanılmış qələbənin öz gücümüz sayəsində əldə olunduğunu və buna görə də gücümüzü həm bölgədə, həm dünyada daha da artıracağımızı bildirdi.
Həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, həm də Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan yolu “mədəniyyət” kimi qiymətləndirərək Zəngəzur dəhlizinin ölkələrimiz arasında avtomobil və dəmir yolu sahəsində imkanlar yaradacağını, Türkiyənin Naxçıvanla əlaqəsinin güclənməsilə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcəyini vurğuladı.
Minsk qrupunun fəaliyyətsizliyi, münaqişəni səbəbsiz yerə uzanması məsələsinə də toxunan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Qarabağda çəkiləcək yollar və körpülərdən də danışaraq Azərbaycanın gündən-günə inkişafını diqqətə çəkdi.
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluk, əməkdaşlıq münasibətləri möhkəmdir.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri