Xain fəaliyyəti ilə daim Fransanın adını neqativ planda gündəmə gətirən rəsmi Parisin ağlı başında olsa, öz ölkəsinə gün ağlayar
Sülh danışıqlarının intensiv surətdə davam etdiyi hazırkı dönəmdə Azərbaycanla şərti sərhəddə Ermənistan ordusu tərəfindən atəşkəs dəfələrlə pozur, Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri Ordumuzun mövqelərini atəşə tutmaqda davam edirlər. Üstəlik düşmənin xain planları bununla da yekunlaşmır. Belə ki, Ermənistanın havadarları sülhün əldə olunmaması üçün hər cür xain yollara əl atırlar. Bu yolda xüsusi canfəşanlığı ilə seçilən isə erməni lobbisinin maraqlarını dövlət maraqlarından üstün tutan rəsmi Parisdir.
Belə ki, Fransanın Ermənistanı açıq-aşkar himayə etməsi, onu silahlandırması prosesi davam edir. Bu isə Fransa kimi dövlət üçün üzqızardıcı haldır və birbaşa olaraq Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına birbaşa zərbə vurur. Başqa misal olaraq, deyə bilərik ki, bu günlərdə Paris Şəhər Şurasının Qarabağ ermənilərinə təcili humanitar yardım göstərilməsi haqqında qətnamə qəbul etməsini göstərə bilərik. Qətnaməyə görə, şura hayların üzləşdikləri “humanitar böhranın” aradan qaldırılması üçün dəstək kampaniyasının təşkilini vacib sayıb.
Paris Şəhər Şurasının Qarabağdakı ermənilərə yardım kampaniyasına başlamaq barədə qəbul etdiyi qətnamə ilk baxışda Fransanın ermənipərəst siyasətinin davamı kimi sıradan bir olay təsiri bağışlaya bilər. Amma azacıq təhlil göstərir ki, əslində bu, dəstəkdən daha çox, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə, ölkəmizin maraqlarına zərbə vurmağa hesablanıb. Paris Şəhər Şurasının Qarabağdakı ermənilərə “humanitar yardım”la bağlı başlatdığı aksiya həm də onu göstərir ki, Fransa regionda yeni təxribatlar axtarışındadır və hələ də öz qərəzli mövqeyindən imtina etməyib. Fransanın ermənipərəst fəalları bu absurd qətnamə ilə öz aləmlərində sübut etməyə, Qarabağdakı ermənilərin sosial durumlarının fəlakətli həddə çatdığını vurğulamaq yolu tuturlar. Yəni, məqsəd ermənilərə yardım etmək deyil, yardım adı altında Azərbaycanın imicinə, onun haqq işinə zərbə vurmaq, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır. Paris Şəhər Şurasının “humanitar yardım” avantürasının digər bir məqsədi Fransanın Cənubi Qafqazda, xüsusilə də Ermənistandakı mövqeyini gücləndirmək, bu coğrafiyada nüfuz sahibi olmaqdır. İndiki dönəmdə bunun üçün ən yaxşı fürsət isə erməni yalanına ortaq olaraq, özünü Qarabağdakı hayların xilaskarı kimi təqdim etməkdir. Rəsmi Paris Fransanın regiondakı maraqlarını Ermənistanın və Qarabağdakı erməni separatçılarının əli ilə təmin etməyə çalışır ki, bu da Azərbaycanın maraqları baxımından yolverilməzdir.
Daha bir iyrənc məqam. Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Avropa Parlamentində müzakirələr zamanı Azərbaycanın ünvanına növbəti dəfə ittihamlarla çıxış edib. O, Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı əsassız fikirlər səsləndirib. Bu, bir daha göstərir ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində obyektiv və tərəfsiz mövqe tutmur. Əksinə, vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir.
Göründüyü kimi, Fransa öz qeyri-adekvat hərəkətləri ilə regionu yeni hərbi eskalasiyaya sövq edir. Təbii ki, belə məqamda Azərbaycan əl-qolunu bağlayıb gözləməyəcək. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Elə uzun illər də Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışıb. Lakin sülh danışıqları fonunda torpaqlarımızın işğalı ilə barışmağa, Qarabağı unutmağa məcbur edildiyimizi gördüyümüzdə silaha sarıldıq. Yəni, biz heç zaman Ermənistan, Fransa kimi digər dövlətlərin ərazisini işğal, talan etmək barədə düşünməyib, əzəli, haqqımız olan torpağımızın geri qaytarılması üçün çalışmışıq. İndi də dəyişən bir şey yoxdur.
Fransanın ikiüzlü siyasəti təkcə bizimlə bağlı deyil. Bu dövlət son zamanlar Rusiyanı da aldadır. Bir tərəfdən Ukraynaya dəstək ifadə edir, digər tərəfdən də Parisin Moskva ilə gizli danışıqlar apardığına dair məlumatlar yayılır.Proseslərin gedişi göstərir ki, Fransanın bu kimi siyasəti onun özünün başında çatlayacaq və bunun sonu həm onun özü,həm də “kiçik bacısı” Ermənistan üçün yaxşı nəticə verməyəcək.
Artıq Fransanın daxilində Makronun siyasətinə qarşı çıxanlar kifayət qədərdir. Hər həftə böyük, həbslərlə, qanla bitən mitinqlər, etiraz aksiyaları barədə xəbərləri oxuyuruq. Bu gün Makron Avropa siyasətində ən çox korrupsiyaya məruz qalmış hakimiyyəti təmsil edir. Fransada vətəndaş itaətsizliyi hökm sürür.Artıq siyasətdə dəyişiklik etməyin, haqlının yanında yer almağın zamanıdır.
Fransa keçmişini danmamalı, müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxmalı və ona düzgün siyasi-hüquqi qiymət verməlidir. Fransa rəhbərliyi bu ölkədə tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməlidir. Fransa bilməlidir və heç zaman unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir, regionda böyük söz sahibidir. Bu cür təxribatlar, müxtəlif təzyiq üsulları ilə Azərbaycanın ədalətli mövqeyinə, haqq işinə təsir göstərmək mümkün deyil, necə ki, bu, indiyə qədər mümkün olmayıb və olmayacaq da.
Yaqut Ağaşahqızı, “İki sahil”