Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bir daha bu çağırışı etdi ki, əlaqələrimiz qarşılqlı etimad, hörmət və hədsiz səmimiyyət üzərində qurulub
“Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.” Dövlət başçısı İlham Əliyev iyunun 15-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata birgə bəyanatlarında onu da əlavə etdi ki, Azərbaycan xalqı 44 günlük müharibə dövründə kimin bizimlə bir yerdə olduğunu çox gözəl bilir. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi.
Azərbaycan-Pakistan əlaqələrinin zəngin tarixi vardır. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan az sayda dövlətlərindən biridir. Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək Azərbaycan tərəfindən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də əməkdaşlığımızın böyük potensialı var. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir. Bu baxımdan ilk dəfə olaraq keçirilən “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimini qeyd edə bilərik. Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç Qardaş - 2021” beynəlxalq təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması idi. Bu kimi mühüm addımlar dostluq və qardaşlığın növbəti təzahürü olaraq Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının hörmət və etimada söykəndiyini təsdiq edir.
Dünya 2021-ci ildə Azərbaycan-Türkiyə qardaşlığının zirvəsi olan Şuşa Bəyannaməsinin ardınca Azərbaycan-Türkiyə-Pakistan birliyinin təcəssümü olan Bakı Bəyannaməsindən bəhs etdi. Ölkəmizdə üç dost ölkənin parlament sədrlərinin toplantılarının keçirilməsi və sonda bir sıra çağırışları, dünyaya mesajları, perspektivləri ehtiva edən Bakı Bəyannaməsinin imzalanması Vətən müharibəsindən sonra yaranan reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar sırasında oldu. Cənubi Qafqazda möhtəşəm siyasi, iqtisadi, hərbi gücü formalaşdıran, Türkiyə ilə müttəfiqlik əlaqələrinin gücləndirilməsinə yönələn Şuşa Bəyannaməsindən sonra Bakı Bəyannaməsinin imzalanması etibarlı güc mərkəzinin formalaşdırılmasıdır. İslam həmrəyliyinin ifadəsi olan bu birlik regionda gedən proseslərə təsiri baxımından da əhəmiyyətlidir. Bakı Bəyannaməsi ölkələr arasındakı diplomatik əməkdaşlıq, Azərbaycanın mövqeyinin daha etibarlı müdafiəsi baxımından bu gün daha vacibdir. Vətən müharibəsi başa çatsa da, regionda maraqlarını itirməkdən qorxan bəzi dövlətlər hələ də «münaqişə» sözünü işlətməkdə davam edirlər. Azərbaycanın tam Qələbəsi, Ermənistanın sülh sazişini imzalaması baxımından bu birlik zamanın tələbindən yaranan zərurətdir. Bu gün daha aktual olan Zəngəzur dəhlizi ilə bağlı hər üç dövlətin maraqlarının eynilik təşkil etməsi baxımından da Şuşa və Bakı Bəyannamələrini üç qalib dövlətin Zəfər salnaməsi adlandırmaq da olar. Hər iki Bəyannamə Ermənistanın gələcəyini düşünməyib öz maraqları naminə işğalçıya həlli mümkün olmayan vədlər verənlərin də qarşısında keçilməz səddir. Dünyada hələ də mövcud olan, geosiyasi maraqlarını gerçəkləşdirmək istəyən dairələrin ideoloji silah kimi sadiq qaldıqları ikili standartlara, təxribatlara qarşı mübarizə silahı bu «üçlüyün» sarsılmaz birliyi, gücü, qüdrəti olacaq.
Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının daha da dərinləşməsinə yol açacaq Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin zirvəsi olan Şuşa Bəyannaməsindən sonra dünyaya növbəti mesajları ünvanlayan sənəd oldu. Burada Azərbaycanın tarixi Zəfərindən bu günədək əldə edilən uğurlar, hədəflər, yeni reallıqların diktə etdiyi əməkdaşlıq formatları, ədalətin, beynəlxalq hüququn hər bir məsələnin həllində əsas rolu, ən əsası regionda və dünya siyasətində yaradacağı yeniliklər öz əksini tapıb. Əməkdaşlığın parlamentlər səviyyəsində qurulması və inkişaf etdirilməsi də bugünümüzün tələbləri sırasındadır. Bu birlik dost ölkələrin milli maraqlarımızın beynəlxalq səviyyədə müdafiə olunmasında da öz sözünü deyəcək. Təbii ki, atılan hər bir addım Azərbaycanın Zəfərinin təqdimatı, onun haqlı, qalib tərəf kimi diktə etdiyi reallıqların uğurlu icrasında dost, qardaş ölkələrin dəstəyinin göstəricisidir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev ilə keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında da iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar fonunda münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırıldı. Mətbuata bəyanatlarında «Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir» söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük. «Bu gün səhər mən Sizin böyük atanız Heydər Əliyevə hörmətimi ifadə etmək üçün Fəxri xiyabanda oldum. Hesab edirəm ki, Siz onun layiqli oğlusunuz. Fəxri xiyabanı ziyarət etmək mənim üçün böyük şərəf idi. Əminəm, dahi atanızın ruhu şaddır ki, Sizin rəhbərliyinizlə gözəl ölkəniz və xalqınız inkişaf edir» fikirləri ilə Azərbaycanın əldə etdiyi uğurlardan, keçdiyi inkişaf yolundan heyrətini gizlətməyən və bundan böyük qürur hissi keçirdiyini bildirən Pakistanın Baş naziri «Mən İslamabada qayıtmamışdan öncə Sizdən bir neçə xahiş edəcəyəm. Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib» söylədi və Azərbaycanın hər sahədə təcrübəsinin nümunə olduğunu təsdiqlədi.
O da məlumdur ki, ötən ilin oktyabrında BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaratdı. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platforma oldu. Bu forumdan əvvəl iyun ayında Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirildi. Dövlət başçısı İlham Əliyev Foruma videoformatda qatılaraq bu mühüm məqamı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.
Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə edilir. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Azərbaycanın şəhərsalma təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də Azərbaycanın bu sahədə qazandığı təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Pakistanın Baş nazirinin paytaxt Bakımızın gözəlliyindən keçirdiyi hisslər və bunun fonunda ölkəsinin Azərbaycanın bu sahədə qazandığı təcrübəyə ehtiyacnın olduğunu xüsusi vurğulaması maraq doğurmaya bilməz. Dost, qardaş ölkələrin bir-birinin inkişafından belə qürurla bəhs etməsi, səmimiyyət nümayiş etdirərək qardaş dəstəyinə çağırışı diqqətdən kənarda qalmır.
Pakistanın Baş naziri dövlət başçısı İlham Əliyev ilə keçirdiyi geniş tərkibdə görüşdə «Təyyarə Bakı hava limanına enərkən mən gördüm ki, orada Pakistan bayrağı dalğalanırdı, hətta hava limanından kənarda da. Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir və eyni dərəcədə Pakistan xalqı da Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq. Siz də uzaqgörən lider olaraq bu işə öz töhfənizi vermisiniz. Tam səmimi olaraq deyə bilərəm ki, əsrlər boyu davam edən bu münasibətlər çox güclüdür» fikirləri ilə bir daha münasibətlərimizin möhkəm təməl üzərində uğurla inkişaf etdiyinə işıq salır.
Azərbaycanın enerji sektorunda qazandığı uğurlar dost ölkənin də diqqətindədir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr Pakistan rəsmiləri tərəfindən böyük rəğbət hissi ilə vurğulanır. Baş nazir Azərbaycanın zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz ehtiyatlarına malik olduğunu önə çəkərək ölkəsinin bu sahədə sıxıntısı olduğunu qeyd etdi. «Biz çox bahalı idxala bağlı olan ölkəyik» söyləyərək onu da əlavə etdi ki, ötən il bu sahəyə 27 milyard dollar xərclənilib: «Yəni, əziz Qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik.»
İki ölkə arasında digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi. Nəqliyyat, təhsil sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi önə çəkildi. Hər bir səfər münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. «Düşünürəm ki, mənim Bakıya səfərim çox mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, İslamabada qayıdanda, dövlət xidməti sahəsində belə bir liderin addımlarından çox şey öyrənmiş olacağam» fikirləri ilə səfər təəssüratlarından razılığını ifadə edən Məhəmməd Şahbaz Şərif bir daha bu çağırışı etdi ki, biz iki qardaş ölkəyik. Bizim əlaqələrimiz qarşılıqlı etimad, hörmət və hədsiz səmimiyyət üzərində qurulub.
Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində və yeni prioritetlər üzrə inkişafında stimulverici amildir.
Yeganə Əliyeva, «İki sahil»