17 iyun 2023 00:35
1099

15 iyunda Surət Hüseynovun dar ağacından qurtulanlara xatırlatma

Qədim Şərq fəlsəfəsinə, antik dövr Roma hüququna az-çox bələd olanlar bilirlər ki, hələ neçə min il bundan əvvəl o dövrlərin mütəfəkkirləri, alimləri min illərin sınağından üzü ağ çıxan yüksək səviyyəli əsərlərində, cəmiyyət-əxlaq-hüquq məsələlərindən bəhs edən tezislərində həmişə hüquqdan əvvəl əxlaqa daha çox üstünlük veriblər. Əxlaq nəzəriyyəçiləri əxlaq və digər mənəvi prinsiplər arasındakı fərqin spesifik cəhətlərini nəzəri cəhətdən təsdiq etmişlər. Dahi mütəfəkkirlərə görə, ictimai şüur formalarından olan, ictimai hәyatın bütün sahәlәrindә insanların davranışını tәnzim edәn, mənəvi keyfiyyətləri müəyyən edən əxlaqi qadağalar məcburi hüquqi anlayışlardan daha vacibdir.

Təbii ki, bu mövzunu geniş davam etdirmək fikrimiz yoxdur. Son günlər ötən əsrin 90-cı illərində respublikadakı hakimiyyətsizlikdən istifadə edərək ölkənin idarəçiliyini tankların, topların üstündə zəbt edən AXC-Müsavat cütlüyünün bəzi ünsürlərinin sosial şəbəkələrdə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edən 15 İyun Milli Qurtuluş Günü ilə bağlı həyasızcasına, əxlaqsızcasına paylaşımları məhz bu mövzuya toxunmağımızı labüd etdi.

Bəri başdan deyək ki, 1993-cü ilin iyun ayının o isti günlərindən olan 15 iyunda nəinki AXC-Müsavat cütlüyünün səriştəsiz, xəyanətkar idarəçiliyi nəticəsində müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycan xilas oldu. Eyni zamanda, ölkəmizin bütün müsibətlərinə səbəb olan həmin başabəla “demokratlar”ın özləri də qiyamçı polkovnik Surət Hüseynovun  dar ağacından xilas oldular.

1992-ci ildə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün bu gün sosial şəbəkələrdə klaviatura kəndirbazlığı ilə məşğul olan tör-töküntülərinə bir daha xatırlatmaq istərdik ki, xalımız o günləri ən xırda detallarına qədər xatırlayır. Danılmaz həqiqətdir ki, o zaman Şuşanın təhvil verilməsində, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində, Kəlbəcərin işğal edilməsində AXC-Müsavat hakimiyyəti günahkardır. Bu gün sosial şəbəkələrdə yalanları, iftiraları və tarixi təhrif etməsi ilə ikrah doğuran o vaxtkı müdafiə naziri “əgər Şuşa əldən getsə, başıma güllə vuracağam” deyirdi. Şuşa xəyanətkarlığın qurbanı oldu, erməni quldurları tərəfindən işğal olundu, ancaq bu sözləri deyən o müdafiə nazirinin heç cınqırı da çıxmadı.

O illərdə müstəqilliyini yenicə elan etmiş Azərbaycan ağır, gərgin günlərini yaşayırdı. Qarabağ və ətraf rayonlar od içində yanırdı. 1992-ci ildə iqtidarda olanda bu bədnam qüvvələr ölkənin inkişafı, torpaqların mühafizəsi naminə bircə addım atmadılar, ən ağır günlərdə insanların çağırışına, fəryadına cavab vermədilər, bununla da torpaqlarımızın zəbt olunmasına şərait yaratdılar. İnsanlar nə edəcəyini bilmirdi. Dinc əhali çaş-baş qalmışdı. Əliyalın, köməksiz, təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə üz-üzə qalan vətəndaşlarımız tamamilə ümidsiz və çarəsiz vəziyyətdə idilər.

Məhz o illərdə, Azərbaycanın müstəqilliyi, suverenliyi təhlükə altına düşdüyü bir vaxtda, ermənilərin Qarabağda at oynatdığı bir zamanda AXC-nin başı paytaxt Bakıda hakimiyyət davasına qarışmışdı. 1992-ci ildə ölkədəki faktiki hakimiyyətsizlikdən istifadə edərək silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü iqtidarda olduğu bir il ərzində ölkəni tamamilə uçuruma sürükləmişdi. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn bu savadsız, naşı, qaragüruhçu qüvvələrin respublikanın idarəçiliyini zəbt etməsindən sonra müstəqilliyimiz təhlükə altına düşmüşdü.

Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində xalq ümidini Ulu Öndər Heydər Əliyevə bağladı, Onun dövlət idarəçiliyini ələ almasını istədi, dünya şöhrətli siyasətçini Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994-95-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Qısa müddətdə ölkədə milli birlik və həmrəylik bərpa olundu. Cəbhədə vəziyyət dəyişdi. Uğurlu Horadiz əməliyyatı aparıldı.

Hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyündən qalan ağır mirasdır. Xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün xəyanətkar siyasəti torpaqlarımızın terrorçu ermənilər tərəfindən işğal edilməsinə əlverişli şərait yaratdı.

Bütün bu bəlaların səbəbkarı olan AXC-Müsavat hakimiyyətinin əxlaqi-mənəvi dekradasiyaya uğrayan üzvlərindən olan AXCP sədri Əli Kərimliyə, o zaman Müdafiə naziri vəzifəsini tutan Rəhim Qazıyevə, “Milli Şura”nın rəhbəri Cəmil Həsənliyə, bu qurumun Koordinasiya Mərkəzinin üzvü  Tofiq Yaqubluya və digərlərinə bir daha xatırlatmaq istərdik ki, 15 iyunda təkcə sizin sayəsində müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan qurtulmadı. Həmin gün həm də sizlər məhz sizlərin sayəsində respublikamızda ən yüksək siyasi-hərbi vəzifələri zəbt edən Surət Hüseynovun dar ağacından qurtuldunuz. Əxlaqınız olsun, naşükür olmayın və bütün bunları unutmayın…

Zahid Rza, “İki sahil”