17 iyun 2023 00:08
394

Yollar Laçına aparır…

Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara çoxsaylı səfərləri, Qarabağ regionunun tez bir zamanda sürətli inkişafı üçün lazımi tədbirləri görməsi ölkə başçısının öz vətəninə bağlılığının və uzaqgörən lider olduğunun baris nümunəsidir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir. Ən əsası isə bu ərazilərin əsl sakinlərinin uzun illərdən sonra doğma el-obalarına qaytarılması prosesi uğurla reallaşmaqdadır.  Məlum olduğu kimi, böyük Qayıdışın ilk müjdəsi Zəngilan rayonunun Ağalı kəndi oldu. Yurda qayıdışın ilk sevincini ağalılılar yaşadı. Ötən ilin yayında bir neçə mərhələdə həyata keçirilən köç proqramı çərçivəsində sakinlər kənddə bütün infrastruktur və iaşə obyektləri ilə təmin olunaraq yeni həyata başladılar. Prezident İlham Əliyev o zaman sakinləri əzəli, əbədi məskənlərində salamlayaraq yeni ünvanların müjdəsini verdi, yaxın günlərdə Laçın şəhərinə sakinlərin köçürüləcəyini bildirdi.

Bu il mayın 28-də laçınlılar böyük sevinc hissi ilə 31 ildən sonra öz torpaqlarına qovuşdular. Elə həmin günü dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərinin açarlarını onlara təqdim etdi. Məhz Azərbaycanın Müstəqillik Günündə bu addımın atılması heç də təsadüfi deyildi. Çünki laçınlılar uzun ayrılıqdan sonra azad, müstəqil Laçına qayıtmışdılar. Ölkə başçısı da laçınlılarla görüşü zamanı nitqində bu məsələyə toxunaraq demişdir: "Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb: daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib.  Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Bildirək ki, köçürülən əhalinin rahat şəraiti üçün bütün infrastruktur yaradılıb. Məsələn, TƏBİB-in tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib. Ümumi sahəsi 299.50 kvadratmetr olan mərkəz biri 5 çarpayılı stasionar olmaqla, ümumilikdə, 15 otaqdan ibarətdir. Bu otaqların hər biri texniki standartlara uyğun olaraq instrumental və laborator diaqnostik avadanlıqlarla, o cümlədən ultrasəs müayinə cihazı, portativ rentgen, elektrokardioqraf, əməliyyat masası, ginekoloji müayinə masası və sair cihaz və avadanlıqlarla təchiz edilib. Burada ilkin cərrahi müdaxilələr üçün cərrah, travmatoloq, ailə həkimi-pediatr, ailə həkimi-terapevt, həkim-mama ginekoloq, mama, tibb bacısı, laborant olmaqla tibbi heyətin fəaliyyət göstərməsi, eyni zamanda, zərurət olarsa, səyyar tibb xidmətlərin təşkili nəzərdə tutulub.

Paralel olaraq hazırlanan məktəb binası isə yeni dərs ili üçün hazır olacaq, rayonun ərazisində onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır. Burada 1100-dən çox iş yeri açılacaq. Bir sözlə, Laçında həm yaşamaq, həm işləmək üçün hər cür şərait yaradılır.

Xatırladaq ki, işğaldan öncə Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Ötən ilin sentyabr ayında şəhərin Baş Planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb və aparılan işlərin böyük bir qismi artıq bitmək üzrədir. Hazırda Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya qovşaqlarının, magistral xətlərinin salınması işləri yekunlaşıb. Şəhərin mərkəzində bərpaya yararlı evlər təmir edilir, dam örtükləri təzələnir. Eyni zamanda, interyer, eksteryer işləri də paralel olaraq aparılır. Müvafiq qurumlar tərəfindən Laçın şəhərinin içməli su ilə təchiz olunması üçün 9 ədəd su anbarı, 3 ədəd yağış sularının toplanması anbarı, 1 ədəd isə təmizləyici qurğunun tikintisi davam edir. Şəhərdə yenidən qurulan 8 yaşayış binası 2 və 4 mərtəbədən ibarət olacaq. Evlərin və binaların kommunal infrastrukturu artıq hazırdır. Həmçinin şəhərdə 30-dan çox ictimai bina olacaq və çoxunun inşası artıq başa çatıb. İstifadəyə yararlı binalar isə təmir edilir.

Laçın şəhərinin ərazisində olan yollar 6, 8, 12 metrədək genişləndirilir. Torpaq sürüşməsinin qarşısının alınması məqsədilə yol kənarında istinad divarları tikilir. Şəhərdə indiyə qədər məscid olmayıb. Elə bu səbəbdən də çox yaxın zamanda şəhər sakinlərinin ibadəti üçün Heydər Əliyev Fondunun dəstəyi ilə məscid kompleksinin tikintisi nəzərdə tutulur. Bunlardan başqa, Laçına qayıdacaq sakinlərin işlə təmin olunması və asudə vaxtlarının keçirilməsi də unudulmayıb. Bunun üçün şəhərdə idman sağlamlıq kompleksləri, uşaq bağçaları və digər inzibati binalar tikilir. Əlbəttə, yeni tikilən inzibati binaların hər biri müasir standartlara cavab verəcək. İşğal zamanı təkcə Laçın sakinləri, binalar, infrastruktur deyil, şəhəri vaxtilə üzük kimi əhatə edən ağaclar, sərt qayalar boyu yayılmış meşələr də terrora məruz qalıb. İndi, həmçinin yaşıllıq zonalarının bərpası, ağacların əkilməsi, parkların salınması istiqamətində də işlər görülməkdədir.

Sevinc Azadi, “İki sahil”