17 iyun 2023 01:13
411

Şuşa Bəyannaməsi regionda inkişafın və sabitliyin qarantıdır

İki il  əvvəl - 2021-ci il iyunun 15-də Şuşa şəhərində  prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan  ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladılar. Bəyannamə hər iki qardaş ölkənin təhlükəsizliyi üçün çox önəmli bir sənəddir. Sənəddə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur.

Bu da çox önəmli faktdır ki, Bəyannaməni imzalayarkən Prezident İlham Əliyev beynəlxalq aləmə tarixi Qars müqaviləsini də xatırlatdı: «Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.»

Xatırladaq ki, 1921-ci il tarixli Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış edir. Ona görə də Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunur. Burada digər önəmli məsələ odur ki, gələcəkdə açılması nəzərdə tutulan  Zəngəzur dəhlizi yalnız Azərbaycanla Türkiyəni birləşdirməyəcək, həm də digər türk dövlətlərinə, eləcə də dünyaya əhəmiyyətli loqistik dəstək vermiş olacaq.
Bir çox yerli və beynəlxalq araşdırmaçıların qənaətinə görə, Şuşa Bəyannaməsi həm də regiona inkişaf və sabitlik gətirəcək. Bəyannamədə diqqəti çəkən digər vacib məqamlardan biri də hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Sənəddə qeyd edilir: «Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.»

Strateji müttəfiq olan iki qardaş ölkə həm də öz silahlı qüvvələrininmüasir tələblərə uyğun olaraq yenidən formalaşdırılmasını da ön plana çıxarıblar. Qeyd edək ki, bu gün hər iki qardaş ölkənin ordusu böyük hərbi qüdrətə malikdir və hazırda bu möhtəşəm güclə hesablaşırlar. Təbii ki, burada söhbət yalnız  işğalçı Ermənistanın cilovlanmasından deyil, həm də əsrlərdir erməni məsələsi adı altında bölgədə öz çirkin maraqlarını reallaşdıran kənar qüvvələrə də hədlərini bildirməkdən gedir.

Bəli, Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür və onun məhz Şuşada imzalanması ilə rəsmi Bakı öz qələbəsini bir daha təsdiqlədi. Revanşistlərə konkret mesaj verdi ki, yenidən hansısa çirkin niyyətlərə düşsələr, daha böyük bir ordu ilə  üz-üzə qalacaqlar. Son olaraq qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi iki ölkə rəhbərinin  yalnız taktiki gedişi deyil, həm də dərin strateji siyasətlərinin məhsuludur. Bu sənəd  Azərbaycanla Türkiyənin daha böyük geosiyasi hədəflərə kökləndiyinin göstəricisidir.

Elçin Zaman, «İki sahil»